“Allah etsin ki, 50 bahalı maşınım olsun”- Bayram Səfərov

"Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov sosial şəbəkələrdə şəxsi qarajının və çoxsaylı bahalı avtomobillərinin olması ilə bağlı məsələyə münasibət bildirib.

İcra başçısı B.Səfərov publika.az-a açıqlamasında yayılan məlumatlardan xəbərsiz olduğunu söyləyib. Onun sözlərinə görə, yazılanlar həqiqəti əks etdirmir. B.Səfərov deyib: "Allah etsin ki, mənim 10-15 deyil, 50 bahalı maşınım olsun. Niyə də olmasın? Hamının ola bilər, Bayramın yox? Mənim 60-dan çox yaşım var. Axı mənim niyə maşınım olmamalıdır? İndi hansı banka 2-3 min versən, kreditlə avtomobil ala bilirsən. İndi avtomobil almaq elə çətin məsələ deyil. Ancaq mənim indi 15 deyil, cəmi bir şəxsi maşınım var. Bir maşınım isə dövlət maşınıdır.

Ümumiyyətlə, ağılı olan adam 15 maşın almaz. Əgər forslanmaq üçün maşın alırsansa, o zaman yay və qış maşını almaq kifayət edər. Daha 15 maşın nəyə lazımdır? Mənim şəxsi qarajım da yoxdur. Öz avtomobilimi küçədə saxlayıram".

AzNews.az