Sabiq müdafiə nazirinə yeni vəzifə

Veteranlar Şurası gəncləri hərbi vətənpərvər olmağa çağırdı

Sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayev Azərbaycan Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-mühafizə Orqanları Veteranları Şurasının sədri seçilib.

Bu barədə AzNews.az-a sabiq müdafiə naziri, general-mayor Dadaş Rzayevin özü məlumat verib. Onun sözlərinə görə, Şuranın sabiq sədri Əlövsət Baxışovun vəfat etməsi ilə əlaqədar, sədrliyə onu seçdilər:

"Şuranın minlərlə üzvü var. Hazırda gənclər arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində işlər aparırıq. İnanırıq ki, Şura dövlət siyasətinə uyğun olaraq öz işini görəcək. Həmçinin Şuraya üzv olan müharibə iştirakçıları, veteranlar və digər nümayəndələrin də problem və təklifləri də hər zaman dəyərləndirilərək həllinə çalışılacaq".

Qeyd edək ki, Dadaş Rzayev, 1993-cü ilin 20 fevralından, 1993-cü ilin 17 iyununa qədər Azərbaycan Respublikasının müdafiə naziri olub.

Həsən
AzNews.az