- Qərb
- 14:25
- 1 410
Yaxın Şərqdəki müharibənin Aİ-yə qiyməti - 27 MİLYARD AVRO
Avropa Birliyi Komissiyasının sədri Ursula von der Leyen Strasburqda keçirilən Avropa Parlamentinin plenar iclasında çıxış edib.
UKRAYNAYA 90 MİLYARD AVROLUQ NƏHƏNG KREDİ
Von der Leyen Avropa Birliyinin Ukraynaya ayıracağı 90 milyard avroluq kreditlə bağlı bildirib:
“2026-cı il üçün 45 milyard avroluq ilk tranşı bu rübdə təqdim edəcəyik. Bunun üçdə biri büdcə ehtiyacları üçün, üçdə ikisi isə Ukraynanın müdafiəsi üçün nəzərdə tutulub.”
O qeyd edib ki, paket çərçivəsində Ukraynada 6 milyard avro dəyərində dron istehsalı həyata keçiriləcək və Kiyevə dəstək davam edəcək.
RUSİYAYA 20-Cİ SANKSİYA PAKETİ
Von der Leyen Avropa Birliyinin Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul etdiyini xatırladaraq bildirib ki, müharibənin yükünü əsasən Rusiya xalqı daşıyır.
Onun sözlərinə görə, Kreml interneti və azad informasiyanı məhdudlaşdırır:
“Ruslar yenidən rəqəmsal ‘dəmir pərdə’ arxasında yaşadıqlarını hiss edirlər. Amma tarix göstərir ki, bütün divarlar sonda dağılır.”
O həmçinin Yaxın Şərqdə müharibənin başlanmasından iki ay keçdiyini xatırladaraq bildirib ki, əsas məqsəd münaqişəni tam və qalıcı şəkildə bitirməkdir. Bu çərçivədə Hürmüz Boğazında ödənişsiz və tam seyrüsefər azadlığının bərpasının vacibliyini vurğulayıb.
Von der Leyen əlavə edib ki, hər hansı sülh sazişi İranın nüvə və ballistik raket proqramını da əhatə etməlidir və münaqişənin təsirləri uzun müddət davam edə bilər.
MÜHARİBƏNİN AB-YƏ QİYMƏTİ – 27 MİLYARD AVRO
Von der Leyen enerji məsələsinin Avropa Birliyi üçün prioritet olduğunu qeyd edərək deyib:
“Bu, son 4 ildə yaşadığımız ikinci böyük enerji böhranıdır. İdxal enerjidən həddindən artıq asılı qala bilmərik.”
O bildirib ki, cəmi 60 gün davam edən münaqişə nəticəsində fosil yanacaq idxal xərcləri 27 milyard avrodan çox artıb.
Von der Leyen vurğulayıb ki, idxal yanacaqlardan asılılıq azaldılmalı, bərpa olunan və nüvə kimi yerli və təmiz enerji mənbələri artırılmalıdır.
Bundan əlavə, Avropa Birliyi ölkələri arasında yanacaq ehtiyatlarının idarə olunmasında daha güclü koordinasiyaya ehtiyac olduğu qeyd olunub.
Mövsüm,
AzNews.az