“Zaur Ağcabədi camaatından üzr istəyəcək” – Aqil Abbas

"ATV kanalının tanınmış aparıcısı Zaur Baxşəliyev Ağcabədi camaatından üzr istəyəcək".



Bunu AzNews.az-a Ağcabədinin deputatı, yazıçı Aqil Abbas deyib. Onun sözlərinə görə, bu barədə ATV kanalının rəhbərliyi ilə danışıb və müəyyən razılıq əldə edib:

"Mənim ATV kanalına böyük hörmətim var. "Ümüd var" verilişdə baş verən son olay tərbiyəsizlik və mənəviyyatsızlıqdır. Xüsusi ilə o videonu gətirən adamın əxlaq problemi olduğu şəksizdir. Fərqi yoxdur, çobandı, ya alim. ATV kanalının rəsmisi ilə söhbətimiz oldu. O, bildirdi ki, həmin verilişi bağlayacağıq. Üstəlik də Zaur Baxşəliyev də xalqın qarşısında etdiyi hərəkətə görə üzr istəyəcək. Onun hərəkəti təkcə Ağcabədi deyil, bütün Azərbaycana ləkədir".

A.Abbas onu da vurğulayıb ki, baş verən hadisə ilə bağlı hələlik cinayət işi açılmayıb: "Qadın məhkəməyə müraciət eləsə, cinayət işi açıla bilər. Amma bu günə kimi hələ məhkəməyə müraciət olunmayıb. Belə videolar dünyanın bütün ölkələrində yayımlanır. Amma bu Azərbaycan mentalitetinə və əxlaqına ziddir.

Özəl həyata girmək olmaz. Bizim televiziyaya yaraşmır. Zaur istedadlı oğlandır. İnşandır da səhv edib. Bir səhvə görə, insanı güllələmək də olmaz. Cəza verilə bilər, məsələn işdən kənarlaşdırıla, töhmət verilə bilər və s".

Millət vəkili onu da bildirib ki, sabah seçildiyi Ağcabədi rayonuna gedəcək və video qalmaqalı ilə bağlı olan şəxslərlə görüşəcək.

Bahar Rüstəmli
AzNews.az