Mikayıl Cabbarovun qərarına kəskin etiraz: “Təhsildən xəbərsizdilər”

Məlum olduğu kimi, Təhsil Nazirliyinin rəsmiləri tədris ilinin müddətinin uzadılacağıyla bağlı qərar qəbul edib, amma bu, valideynlər və təhsil ekspertləri tərəfindən birmənalı qarşılanmayıb.

Maraqlıdır, tədris ilinin müddətinin uzadılması təhsilin keyfiyyətinə necə təsir göstərə bilər?

AzNews.az saytı məsələ ilə bağlı bir qrup tanınmış təhsil ekspertinin fikirlərini öyrənib.

Keçmiş təhsil naziri Firudin Cəlilov bildirib ki, tədris ilinin müddətinin uzadılmasının əleyhinədir. Onun qənaətinə görə, bu təklif reallaşarsa, istənilən effekti verməyəcək: "Yay aylarında azyaşlı uşaqları yığıb dərs keçmək doğru deyil. Bu həm də fiziki baxımdan uşaqların səhhətinə ziyandır".


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçmiş sədri Vurğun Əyyub isə hesab edir ki, problemin qoyuluşu qüsurludur: "Nazirlik keyfiyyəti düz yerdə axtarmır. Təhsildə vaxt yox, tədris olunan fənlərin məzmunu və keyfiyyəti problemdir. Azərbaycanda orta məktəb təhsil müəssisəsi kimi öz üzərinə düşən işi görə bilmir və bu danılmaz faktdır. Əsl səbəb məhz budur. Əgər onlar bizə ali məktəbə yüksək balla qəbul olmunmuş tələbələri göstərəcəklərsə, burda da bir yanlış var. Çünki hamı bilir ki, həmin tələbələr orta məktəbin yox, ayrı-ayrı repetitorların "məhsullarıdır".


Müstəqil təhsil eksperti Məhərrəm Zülfüqarlı da həm keçmiş təhsil nazirinin, həm də dövlət komissiyasının keçmiş sədrinin dediklərini dəstəkləyərək, bildirib ki, tədris ilinin müddətinin uzadılmasına deyil, keyfiyyətin artırılmasına ehtiyac var: "Bu təklifi irəli sürənlər təhsildən xəbərsiz adamlardır. Müddəti nə qədər uzatsan da, keyfiyyət yoxdursa, heç bir nəticə olmayacaq. Digər tərəfdən də iyun ayında azyaşlı uşağa dərs keçməzlər".


Millət vəkili Fazil Mustafa da təhsildə gözlənilən bu yeniliklə bağlı öz münasibətini bildirib. O,"Facebook"dakı statusunda nazirliyinin dərs ilinin uzadılması ilə bağlı qərarına qarşı çıxıb: "Hələ də heyrət içindəyəm: görəsən Azərbaycanda rəsmi strukturlarda hansısa qərar qəbul etməzdən öncə ciddi düşünüb-müzakirə edirlərmi? Təhsil Nazirliyi qərara alıb ki, 3 həftə dərs müddətini uzatsın, yəni iyun ayında dərslər davam etsin. Halbuki neçə illərdir təklif edirik ki, dərslər sentyabrın 1-də başlasa, əlavə müddəti uzaltmağa gərək qalmaz. İki həftə buradan qazanırsan, bir həftə də mənasız bayram günlərinin hərəsindən bir günü qatırsan dərs müddətinə, olur əlavə 3 həftə. Beləliklə, iyun ayının istisində şagirdi məktəbə göndərməyə də ehtiyac qalmır. Bir də müddəti deyil, tədrisin keyfiyyətini artırmaq lazım".

Qeyd edək ki, təhsil nazirinin müavini Ceyhun Bayramov bu günlərdə mətbuata verdiyi açıqlamada Azərbaycanda orta məktəblərdə tədris ilinin müddətinin dərs ilinin üç həftə uzadılacağıyla bağlı açıqlama verərək bildirmişdi ki, sözügedən təklif növbəti dərs ilindən həyata keçirilə bilər. Bildirək ki, hazırda Azərbaycanda cəmi 32 tədris həftəsi var.

İntiqam Valehoğlu
AzNews.az