Polis dərzi xanımı restoranda döydü- Şikayət

Lerik rayon Bibyani kənd sakini Rəhimli Məlahət Abdulla qızı AzNews.az-ın redaksiyasına gələrək sakini olduğu rayonun hüquq mühafizə orqanları tərəfindən ona qarşı haqsızlıq edildiyini bildirib.

M.Rəhimli deyir ki, bu ilin fevral ayının 14-də Lerik rayonunda yerləşən "Kəklik" restoranında yemək yeyərkən Quliyev Elvin Qəhrəman oğlu tərəfindən təhqir və təzyiqə məruz qalıb: "Yemək yedikdən sonra əlimi yumağa gedəndə tanımadığım bir nəfər mənə söz atdı. Sonradan məlum oldu ki, həmin şəxs Lerik rayonu Kələxan kənd icra nümayəndəsi Qəhrəman Quliyevin oğlu, rayon polis şöbəsinin əməkdaşı Elvin Quliyevdir. Çevrilib etiraz edəndə o, məni nalayiq ifadələrlə təhqir etdi və döyməklə hədələdi. Həmin vaxt yeməkxanada çörək yeyən Səkinə İsmayılova adlı xanım yaxınlaşanda Elvin Quliyev onun qolundan yapışaraq kənara atdı. Sonra mənə fiziki zor tətbiq etdi". Məlahət Rəhimlinin sözlərinə görə, hadisədən bir neçə dəqiqə sonra yeməkxanaya polis əməkdaşları gələndə məlum olub ki, Elvin Quliyev özü həmkarlarına zəng vurub: "Sevindim ki, dərdimi polisə deyəcəyəm. Amma sən demə polisi özü çağırıb. Məni polis maşınına oturdub idarəyə apardılar. Orda mənə qarşı çox pis davrandılar. Cinayət axtarış bölməsini rəisi Şahin müəllim mənimlə elə danışırdı ki, elə bil əxlaqsız qadınam. Cəmi iki saatın içərisində məhkəmə məni İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə təqsirli bilərək qərar çıxardı. Həmçinin həmin məcəllənin 21-ci maddəsi tətbiq edilməklə xəbərdarlıq edildi". M.Rəhimli deyir ki, bu məsələdə onu ən dəhşətli məqam içkili olmasıyla bağlı irəli sürülən iddialardır: "Guya mən həmin vaxt içkili olmuşam. Amma Allah şahiddir ki, mən nəinki həmin vaxt, ümumiyyətlə bu yaşa qədər heçvaxt sipirtli içki qəbul etməmişəm. İstər dərzi kimi çalışdığım yerdəki iş yoldaşlarımdan, istərsə də yaşadığım ərazidəki insanlardan soruşa bilərsiniz. Hətta mən spirtli içkinin iyini qəbul edə bilmirəm. Çox istəyirəm ki, bu məsələdə haqq öz yerini tapsın".

İntiqam Valehoğlu
AzNews.az