Nərimanovda toplantı: “Biz narkomaniyaya yox deyirik”- FOTOLAR

Bu gün Nərimanov rayonu 177 saylı orta məktəbdə "Biz narkomaniyaya yox deyirik" mövzusunda tədbir keçirilib.

AzNews.az-ın məlumatına görə, Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən iclasda məktəbin rəhbərliyi, şagird və müəllim heyəti, rayon ictimaiyyətinin, hüquq mühafizə orqanlarının təmsilçiləri, səhiyyə işçiləri iştirak edib. Toplantıda narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat verilib.

Rayon icra hakimiyyəti başçısının müavini İradə Mahmudova narkotikdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd, vətənə, torpağa, ailəyə xəyanət olduğunu deyib. O, cəmiyyəti ictimaiyyətdə bu bəlaya düçar olan insanlara biganə qalmamağa, onları doğru yola çəkməyə səsləyib.

Toplantıda o da qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş və 2007-2012-ci illəri əhatə edən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı"nın icrası ilə bağlı Dövlət Komissiyası, müvafiq nazirlik, komitə və təşkilatlar tərəfindən mühüm işlər görülüb. Lakin Azərbaycanda son illərdə bu istiqamətdə aparılan işlərə baxmayaraq, narkomaniyaya meylli insanların sayında artım müşahidə olunur. Bu sahədə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, maarifləndirici tədbirlərin təşkil edilməsinin vacibliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

İclasda həmçinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramı" uğurla həyata keçirildiyi vurğulanıb. Narkomaniyanın "ağ ölüm" adlandırıldığını vurğulayan çıxışçılar gəncləri bu bəladan yaxa qurtarmaq üçün insanları doğru yola çəkməyə çağırıb.

Toplantının sonunda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədi ilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün Nərimanov rayonunda (012) 496-95-43 nömrəli etimad telefonunun fəaliyyət göstərdiyi elan edilib.

Xəyalə
AzNews.az
image description image description image description image description image description