Azərbaycanda hərbi xidmətə çağırış başladı

Bu gündən Azərbaycan vətəndaşlarının hərbi xidmətə növbəti çağırışı başlayıb.

AzNews.az xəbər verir ki, 2007-ci ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1995–2006-cı illərdə doğulan, yaşı 30-dək olan, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən vətəndaşlar iyulun 1-dən müddətli həqiqi hərbi xidmətə çağırılır.

Çağırış iyulun 30-dək davam edəcək

Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bu gündən iyulun 30-dək ehtiyata buraxılırlar.

Qeyd edək ki, Prezident İlham Əliyev mayın 19-da Azərbaycan vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.