“ABŞ–Azərbaycan münasibətləri Cənubi Qafqaz miqyasında yeni mərhələyə keçir” - Hikmət Babaoğlu

"ABŞ-nin Cənubi Qafqazda rolu getdikcə artmaqdadır və bu, Azərbaycanın milli maraqlarına uyğundur. Nəticə etibarilə, ABŞ-nin regionda oynayacağı rolu müəyyən edən əsas şərtlər məhz Azərbaycanın yaratdığı yeni reallıqlardır. 8 avqust 2025-ci il tarixində bu rolun hansı sahələrdə və hansı formatda həyata keçiriləcəyi ilə bağlı konkret razılaşmalar əldə olunub. 8 avqust 2025-ci ildə ABŞ-da təkcə Ermənistan–Azərbaycan arasında sülh layihəsi paraflanmayıb, eyni zamanda ABŞ–Azərbaycan münasibətlərində yeni strateji mərhələnin əsası qoyulub. Məhz bu hadisədən sonra ABŞ-dan ölkəmizə çoxsaylı qonaqların və rəsmi nümayəndələrin səfərlərinin şahidi olmuşuq. Bu səfərlər əsasən iqtisadiyyat, maliyyə, hərbi və siyasi sahələr üzrə ixtisaslaşmış qurumların rəhbərlərini əhatə edib. Bütün bunlar ABŞ–Azərbaycan münasibətlərini mahiyyət etibarilə ABŞ–Cənubi Qafqaz münasibətləri səviyyəsinə yüksəldib".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Qeyd edək ki, ABŞ-nin regionda artan diplomatik və iqtisadi fəallığı Cənubi Qafqazın beynəlxalq geosiyasi gündəmdə əhəmiyyətini göstərir. Vaşinqtonun strateji nəqliyyat və tranzit layihələrinə artan diqqəti yeni əməkdaşlıq və iqtisadi inteqrasiya imkanları yaradır. Bu çərçivədə ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) regional direktoru Karl Kressin rəhbərlik etdiyi nümayəndə heyətinin Bakıdan sonra Ermənistana səfəri planlaşdırılır. Nümayəndə heyəti Bakıda olarkən xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşüb. Görüşdə enerji, ticarət, TRIPP marşrutu daxil olmaqla regional bağlantılar, investisiya imkanları və ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə edilib.

Deputat qeyd edib ki, bu prosesdə Ermənistan faktoru da nəzərə alınır və 8 avqust 2025-ci ildə əldə olunan razılaşmalardan biri “Tramp marşrutu”nun açılması ilə bağlıdır.

"Hazırda bu istiqamətdə ardıcıl və qətiyyətli addımlar atılır. Nəhayət, Zəngəzur dəhlizini idarə edəcək şirkətin səlahiyyətləri və pay bölgüsü də müəyyənləşdirilib. Razılaşmaya əsasən, şirkətin səhmlərinin 74 faizi ABŞ tərəfinə, 26 faizi isə Ermənistana məxsus olacaq və 49 il ərzində bu maliyyə balansı qorunmaqla yolun işləməsi razılaşdırılıb. Hazırda ayrılacaq maliyyə vəsaiti hesabına Zəngəzur dəhlizinin açılması üçün real addımların atılması mərhələsindəyik. Texniki layihələndirmə prosesinin artıq başladığı bildirilir və Ermənistan rəsmilərinin də qeyd etdiyi kimi, 2026-cı ilin ikinci yarısında ərazidə praktiki işlərin görülməsi planlaşdırılır. Bu isə şübhəsiz ki, regional sülhə, iqtisadi tərəfdaşlığa və inteqrasiyaya töhfə verəcək. ABŞ-nin bu prosesdə iştirakçılığı isə sülhün iqtisadi və kommunikasiya baxımından daha da möhkəmlənməsinə xidmət edəcək".

Rəfiqə Namazəliyeva,

AzNews.az