“İranda zorakılığın arxasında xalq yox, molla rejimi dayanır” - Azər Həsrət

"İranda baş verən xalq etirazları zamanı zorakılıq və terroru törədən qüvvələr birbaşa ölkəni idarə edən klerikal rejimə bağlıdır. Yəni, əgər bir güllə atılır, insanlar öldürülür, obyektlər yandırılır və dağıdılırsa, bunun arxasında mütləq şəkildə İranı idarə edən fars molla rejimi dayanır. Kənardan heç kim İranın daxilində bu cür qarşıdurmanı yaratmır. Xalq etiraz edir, insanlar küçələrə çıxır, mitinqlər keçirir və narazılıqlarını bildirirlər. Lakin heç kim iddia edə bilməz ki, həmin vətəndaşlar silah alıb partlayışlar törədir. Görüntülərdə yanğınlar, dağıntılar və insan itkiləri görünür, lakin bu zorakılığın təşkilatçısı xalq deyil. Biz Azərbaycanda belə prosesləri yaşamış xalqıq. 20 Yanvar ərəfəsində, 1990-cı ildə Sovet qoşunlarının Bakıya hansı bəhanələrlə daxil olduğunu yaxşı xatırlayırıq. O vaxt da təxribatçılar ortalıqda idi. Eyni zamanda, 1988-ci ilin fevralında Sumqayıtda ermənilərə qarşı törədilən qırğınlar sonradan Sovet Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) əməliyyatı olduğu üzə çıxdı və başında bir erməni şəxs dayanmışdı".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, İranda vaxtaşırı baş verən sosial etirazlar, ağır iqtisadi vəziyyət və regional qarşıdurmalar fonunda bəzi analitiklər ölkədə birbaşa hərbi müdaxilə olmadan, dolayı yollarla qeyri-sabitliyin yaradılması ehtimalını istisna etmirlər. Bu yanaşma isə Suriyada illərlə tətbiq olunan və ölkəni uzunmüddətli böhrana sürükləyən modelin İrana transferi ehtimalını gündəmə gətirir.

Siyasi şərhçi bildirib ki, bu təcrübələrdən çıxarılan nəticələrə əsasən, İranda baş verən hadisələri də eyni kateqoriyaya aid etmək olar.

"Xalq etiraz edir, narazılığını dinc şəkildə ifadə edir. Lakin hakimiyyət, daha dəqiq desək, molla rejimi, terrorçuları xalqın arasına yeridərək patlayışlar törədir, obyektləri yandırır, insanları öldürür, hətta polislərə atəş açdırır. Məqsəd isə xalqı zorakılığa qarışmış kimi göstərməkdir. Hakimiyyət özünü qorumaq üçün belə addımlar atır, lakin bənzər hadisələrin Suriyada necə ağır nəticələr verdiyini unutmamalıdır. Hesab edirəm ki, əgər İranı idarə edən mollalar ağlı yerindədirsə, bir an öncə səlahiyyətləri prezident Pezeşkiana təhvil verməli və ölkəni xilas etməlidirlər. Əks təqdirdə, İran parçalanma təhlükəsi ilə üz-üzə qalacaq. Rejimin İsrail və ABŞ-ı günahlandırması isə yalnız bəhanədir. Heç biri regionda vəziyyəti gərginləşdirmir; bütün problemlərin kökü İranın özündədir və rejim dalana dirənib".

Rəfiqə Namazəliyeva,

AzNews.az