Mübariz Mənsimov “Şövkət Ələkbərova“ tankerini suya buraxdı

"Palmali" Şirkətlər Qrupu "Şövkət Ələkbərova" tankerini suya buraxıb. Gəminin suya endirilməsi mərasimində görkəmli müğənni Şövkət Ələkbərovanın oğlu Bəşir Səfərov da iştirak edib.

AzNews.az - ın Modern.az-a istinadən xəbərinə görə, "Palmalı" Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimovun təşəbbüsü ilə gəmiyə Azərbaycanın SSR-i xalq artistinin adı verilib. RST22M tipli gəmi layihəsi ilə hazırlanan gəminin texniki xüsusiyyətlərinə gəldikdə, gəminin ümumi uzunluğu 139,95 metr, eni isə 16,6 metr, bortun hündürlüyü 6,0 metrə bərabərdir. Gəmi "Volqa-Don maks" tankeri sinfinə aiddir. "Armada" tankeri ilə müqayisədə yeni layihə gücləndirilmiş dəniz funksiyasına malikdir, dəniz şəraitində 750 tonn dedveyt yük götürür, yükgötürmə qabiliyyətini çaylardan keçərkən daha da artıra bilir. Volqa-Don bərə keçidindən və Volqa-Baltiysk su yollarından keçmə qabiliyyətinə malikdir. Gəmi yenilənmiş beynəlxalq tələblərə tam cavab verməklə yanaşı, həm də bitki yağlarının daşınmasında batmamağa təminat verir. Layihə hazırlanarkən Rusiya və dünya neft şirkətlərinin tələbləri nəzərə alınıb, layihəyə "ЭКО ПРОЕКТ" (ECO-S) tipli Rusiyanın gəmi reqistrinin ekoloji məhdudiyyət sinfi də əlavə olunub. "Şövkət Ələkbərova" tankeri RST22M layihəsinə uyğun olaraq 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Gəminin suya endirilməsi mərasimində görkəmli müğənni Şövkət Ələkbərovanın oğlu Bəşir Səfərov, "Palmalı" Şirkətlər Qrupunun vitse prezidenti Marif Mənsimov, şirkətin rəhbərləri və əməkdaşları, yerli və xarici qonaqlar iştirak ediblər. Şövkət Ələkbərovanın oğlu Bəşir Səfərov öz çıxışında anasının adını daşıdığı gəminin bütün dünyanın dəniz və okeanlarında üzəcəyinə görə fəxr hissi duyduğunu deyib. Bəşir Səfərov "Palmalı" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimova minnətdarlığını bildirib. Qeyd edək ki, "Palmali" donanmasının əksər gəmiləri tanınmış azərbaycanlıların və Azərbaycanın müxtəlif guşələrinin adını daşıyır. Məlum olduğu kimi məşhur müğənni Şövkət Ələkbərova sağlığında dünyanın 20-dən çox ölkəsində qastrollarda olub. O özünün gözəl səsi, ifası ilə Avropada, Asiya ölkələri və Afrikada insanları valeh edə bilib. İndi isə onun adını daşıyan tanker dünyanı gəzəcək.
"Palmalı" şirkətlər qrupu Aralıq dənizi, Xəzər və Qara dəniz sularında əsasən SOCAR və LUKOYL kimi neft şirkətlərinin yüklərini daşıyır, həmçinin digər böyük neft və neft məhsulları şirkətləri ilə uzunmüddətli müqavilələrə malikdir.

AzNews.az