Oqtay Əsədov: “Milli Məclisdə kim ağzına nə gəldi danışır...”

Milli Məclisin bugünkü iclasında qanun layihələrinin müzakirələrindən sonra millət vəkillərinin bəzi məsələlərlə bağlı müzakirələr aparıblar.

Modern.az xəbər verir ki, Milli Məclisin spikeri Oqtay Əsədov öz iradlarını bildirib. Spiker Milli Məclis başa çatmamış mətbuatda iclasla bağlı mənfi yazıların dərc olunduğunu söylədi. Oqtay Əsədov deputatlara müsahibə verməyi qadağa qoyub:

"Çox təəssüf ki, Milli Məclisdə o qədər məsələlər müzakirə olunur, müsbət qanunlar qəbul olunur, amma sonda baxırsan ki, yazılanlardan biri də müsbət bir şey deyil. Kimsə hansısa neqativ tapıb ondan danışmaq istəyir. Çox təəssüflər olsun ki, biz də hərdən bu neqativ halların yazılmasına rəvac veririk. Milli Məclis büdcədən əlavə ayda iki dəfə iclas keçirir. Bura hamımızın birbaşa iş yeridir. İki dəfə iclas olan vaxtlar biri yarım saat gecikir. Qanuna səsvermə zamanı yetər səs yoxdur. Çox xoşagəlməz hal alınır. Biz deputat seçiləndə üzərimizə öhdəlik götürmüşük. Bəzən bizim deputatlarımız birbaşa borcumuz olan iclasa gəlmir, müxtəlif tədbirlərə gedirlər. Milli Məclis olan günü ondan vacib tədbir olar? Baxırıq ki, millət vəkili günün birinci yarısı gəlir, baxırsan ki ikinci yarısı yoxdur. Özümüz özümüzə bir balaca hörmət etməliyik. Komitə sədrlərindən başqa deputatların 70%-ini mən otaqlarında görməmişəm. Yaxşı əgər kabinetinizə gəlməyəcəksinizsə ekspertlərimizə deyək getsinlər orada otursunlar".

Deputatların telefonlarına da irad tutan spiker bildirdi ki, Milli Məclisə daxil olarkən telefon səssiz rejimə qoyulmalıdır. "Milli Məclisin etika normalarına riayət olunmur. Milli Məclisdə kim ağzına nə gəlir danışır. Xahiş edirəm ki, özümüz özümüzə hörmət edək. Elə edək ki, hər hansı beynəlxalq təşkilat və ya qeyri-hökumət təşkilatı Milli Məclisə qarşı aşağılayıcı hər hansı ağzına gələni yazmasın.

AzNews.az