Mətanət Əzizovanın evində axtarış aparılır - Yenilənib

Prokurorluq əməkdaşları Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində axtarış aparır.

AzNews.az - ın xəbərinə görə bu barədə APA-ya M. Əzizovanın anası, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı İctimai Birliyinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.

Onun sözlərinə görə, bu gün Baş Prokurorluğun əməkdaşları Mətanət Əzizovanın yaşadığı evə gələrək axtarışlara başlayıblar. M. Qəhrəmanlı bu axtarışın nə ilə bağlı olduğunu bilmədiyini qeyd edib.

O, hazırda özünün və qızının ölkədə olmadığını deyib. M. Qəhrəmanlı qızının hansı ölkədə olduğunu deməkdən imtina edib.

M. Qəhrəmanlı öz evində də axtarış aparıldığını desə də, bu məlumat təsdiqini tapmayıb.

****
17:53


Musavat.com-un əməkdaşı Röya Rəfiyevanın verdiyi son məlumata görə, hazırda Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində artıq axtarış aparılmağa başlanıb.

Mətanət Əzizovanın həyat yoldaşının və daha üç hal şahidinin də evdə axtarış aparılması prosesini müşahidə etdiyi bildirilir.

Əməkdaşımızın məlumatına görə, hazırda Mətanət Əzizovanın yaşadığı binanın qarşısına çox sayda insan toplaşıb. Toplaşanlar arasında mətbuat nümayəndələri də var.(Musavat.com)


*****
17:26

Qadın Krizis Mərkəzinin sədri Mətanət Əzizovanın evində bir neçə saatdan sonra axtarış aparılacaq. Bu barədə xanım hüquq müdafiəçisinin vəkili Samirə Ağayeva məlumat verib.


Vəkilin verdiyi məlumata görə, Baş Prokurorluğun müstəntiqləri Mətanət Əzizovanın həyat yoldaşı ilə söhbət zamanı evdə axtarış aparılacağı ilə bağlı onu məlumatlandırıblar. Müstəntiqlər hüquq müdafiəçisinin həyat yoldaşına bildiriblər ki, onların axtarış aparmaq üçün orderləri var və axtarış bu gün reallaşdırılmalıdır.

Hüquq müdafiəçisinin vəkili Samirə Ağayeva haqqin.az-a bildirib ki, onlar hazlrda müstəntiqləri gözləyirlər: "Hazırda biz Mətanət Əzizovanın yaşadığı binanın qarşısında toplaşmışıq və müstəntiqlərin gəlişini gözləyirik".

Mətanət Əzizovanın öz evində axtarış aparılacağından xəbərinin olub-olmamasına qaldıqdasa, hüquq müdafizəçisinin vəkili Samirə Ağayeva bildirib ki, "Mətanət Əzizova heç kimlə ünsiyyət saxlamır". Qeyd edək ki, M.Əzizova hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızıdır.(Musavat.com)