Hacı Şahinin qalmaqallı fikrinə daha bir ilahiyyatçı DƏSTƏK OLDU

Tanınmış ilahiyyatçı Hacı Şahin Həsənlinin müzakirələrə səbəb olan fikirlərinə həmkarı "Mənəvi Saflıq" İctimai Birliyinin sədri Hacı Elşən Mustafaoğlu tərəfindən reaksiya gəlib. AzNews.az-a açıqlama verən ilahiyyatçı Elşən Mustafaoğlu deyib ki, sözügedən məsələyə Hacı Şahin Həsənlinin münasibəti tamamilə doğrudur və onun fikirləri həm dini, həm əqli, həm də elmi cəhətdən həqiqəti əks etdirir:

"Burada söhbət xüsusi hallardan gedir. Həqiqətən də, elə insanlar var ki, onların cinsiyyət təyini digər insanlardan fərqlənir. Bəzi hallarda, ruhi-psixoloji və qismən də fizioloji cəhətdən qadın olduqları halda, tənasül üzvü kişi cinsinə məxsus olur. Bunun əksinə də rast gəlinir. Belə insanların cəmiyyətdə normal insan olaraq həyat sürmələri üçün psixoloji-fizioloji qüsurları aradan qaldırmağa ehtiyac yaranır. Bir çox hallarda cərrahiyyə əməliyyatı yolu ilə onların ruhən özlərini hiss etdikləri cinsiyyətə tam yiyələnmələri lazım gəlir. Əvvəllər bu mümkün olmurdu, amma indi tibb inkişaf edib və cərrahiyyə əməliyyatı yolu ilə belə şəxslərin sözügedən problemlərinin həlli üçün şərait yaranıb".

O qeyd edib ki, bu cərrahiyyə əməliyyatı mənəviyyatsızlıq niyyətilə deyil, tam təbii hal kimi ərsəyə gələn ehtiyacdır: "Belə şəxslər özlərini tam olaraq, hiss etdiyi cinsdə görmək istəyirlər. Dinimizdə isə, bunu qadağan edən bir hökm yoxdur - nə Quranda belə bir qadağa var, nə də hədislərdə. Dinimizin məqsədi insanların həyatını çətinə salmaq, onları iztirabla baş-başa qoymaq deyil, insanları səadətə yetirməkdir. Belə psixoloji-fizioloji qüsuru olan insanların əməliyyat olunub, bu iztirabdan qurtarmalarının yolu cərrahiyyə əməliyyatı vasitəsilə cinsiyyət orqanlarını dəyişdirməkdirsə, niyə də din gəlib bunun qarşısını alsın ki?".

E. Mustafaoğlunun sözlərinə görə, din yalnız mənəviyyatsızlığa qarşı çıxır və insanların mənəvi həyatını sağlam əsaslar üzərində tənzimləyir: "Yoxsa ki, insanların normal həyat sürməsinin qarşısını almaq üçün qadağalar tətbiq etmir. Ola bilsin ki, bir sıra din alimləri mühafizəkarlıq nümayiş etdirib, fərqli fikirlər də bildirsinlər, amma nəzərə alaq ki, həmin fikirlər dinimizin mövqeyi deyil, o şəxslərin öz fikirləridir. Dinin mövqeyinin qaynağı - Allahdır. Allah-Təala isə sözügedən cərrahiyyə əməliyyatını qadağan etməyib. Bir daha vurğulayaq ki, söhbət əsla mənəviyyatsızlığın aşılanmasından deyil, psixoloji-fizioloji patologiyadan gedir".

E. Mustafaoğlu deyib ki, Hacı Şahin Həsənli də tam haqlı olaraq, belə hallarda cinsiyyəti dəyişdirmək üçün əməliyyatın dinimiz tərəfindən qadağan edilmədiyini bildirib: "Axı Hacı durub Allahın qadağan etmədiyi bir şeyi özündən qadağan edəsi deyildi ki! Bunu da qeyd edək ki, bir çox din alimləri də məsələnin mahiyyətini araşdırmış və Hacının söylədiyi mövqeyi bildirmişlər. Sonda bunu vurğulamaq istərdim ki, dinimizi orta əsr Ərəbistanının mədəniyyəti və məişəti çərçivəsində qəbul etmək tam yanlışdır. Dinimiz hər dövr üçün, hər zaman və məkan üçün müasir olan bir dindir. Cəmiyyət, elm, texnologiyalar, o cümlədən də təbabət daim dinamik inkişafdadır və həmin inkişaf mənəviyyata uyğundursa, dinimiz tam olaraq bu inkişafı dəstəkləyir. İlahi konsepsiya bizlərə bunu öyrədir. Belə ki, din və ilahi konsepsiya qadağanedici deyil, tənzimləyici mexanizmdir".

Məhəmməd
AzNews.az