Nazim İbrahimovdan erməni təxribatı ilə bağlı - Açıqlama

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Gürcüstanda yaşayan ermənilərin Şuşanın işğal gününü "Şuşanın Azadlığı Günü" kimi qeyd etməsi ilə bağlı açıqlama yayıb.


AzNews.az həmin açıqlamanı təqdim edir:

"Gürcüstanda yaşayan ermənilərin Tiflisdəki Apostol kilsəsinin nəzdində fəaliyyət göstərən "Ayartun" Mədəniyyət Mərkəzinin Azərbaycanın Şuşa şəhərinin işğal olunması gününü "Şuşanın Azadlığı Günü" kimi bayram etmək məqsədilə mayın 9-da təşkil etdiyi tədbir Azərbaycanla Gürcüstan arasında tarixi köklərə, ortaq iqtisadi və geosuyasi maraqlara söykənən strateji tərəfdaşlıq münasibətlərinə xələl gətirməyə yönəlmiş növbəti təxribatdır.

Biz erməni icmasının 9 may Qələbə günü adı altında belə bir tədbir təşkil etməsinin əsl məqsədinin iki ölkə arasında gərginlik yaratmaq olduğunu aydın başa düşürük. Eyni zamanda hesab edirik ki, Gürcüstanın paytaxtında Azərbaycanın qədim şəhəri olan Şuşanın işğalı gününün bayram kimi qeyd edilməsinə şərait yaradılması heç bir halda təqdir oluna bilməz. Xüsusuilə də ona görə ki, Gürcüstan özü də ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkədir.

Ölkələrimizin müstəqillik tarixi ərzində Azərbaycan dəfələrlə ən çətin vaxtlarında Gürcüstanın yanında olub, strateji tərəfdaşlığa xələl gətirəcək heç bir addım atmayıb. Eyni münasibəti qarşı tərəfdən də gözləməyə haqqımız çatır. Bu hadisə Gürcüstanda yaşayan azərbaycanlı icmasını da olduqca məyus edib və onlar da öz münasibətlərini bildiriblər. Biz də məsələ ilə bağlı narahatlığımızı Gürcüstanın müvafiq dövlət orqanlarının rəhbərlərinə çatdırmışıq. İnanırıq ki, Gürcüstan tərəfi bu narahatlığımızı başa düşəcək və nəzərə alacaq".

AzNews.az