“O görüntülərin mənə aidiyyəti yoxdur” - Videosu yayılan baş həkim

Rüşvət videosu yayılan Sabirabad rayon Perinetal Mərkəzinin direktoru Vüsal Məmmədov AzNews.az-a açıqlama verib. O iddia edib ki, yayılan videogörüntü ona aid deyil: "Çox böyük ehtimalla o görüntülərin də mənə aidiyyəti yoxdur. Montaj da ola bilər, başqa şey də. Hələ özüm baxmamışam. Bununla bağlı nazirlikdə xüsusi komissiya yaradıldı. Həmin komissiya sabah rayona gələcək və məsələni yerindəcə araşdıracaq".

Baş həkim təcili Səhiyyə Nazirliyinə çağırılması xəbərindən də danışıb: "Bəli, mən Bakıya çağırılmışam, amma bunun həmin video məsələsinə aidiyyəti yoxdur. Mən başqa bir məsələ ilə bağlı çağırılmışdım".

V.Məmmədov əlavə edib ki, heç bir hüquq-mühafizə orqanları ondan gizli çəkilən videoya görə, izahat tələb etməyib.

Qeyd edək ki, bu gün yayılan video isə sosial şəbəkələrdə səs-küyə səbəb olub. Belə ki, videoda xəstəxananın direktoru Vüsal Məmmədovun xəstə yaxınlarının biri ilə can "alver"i etdiyi əks olunub.O, xəstənin verdiyi məbləğlə razılaşmır və daha çox pul tələb edir. Həkimə 200 manat verən xəstə pulunun bu qədər olduğunu, başqa gələri olmadığını söyləyir. Həkim isə qarşılığında həmin pulun xəstənin dərmanlarının və "narkoz verənin" pulu olduğunu deyir. "Əməliyyat etməmişdən əvvəl 500 manat istəsəydim və pulu vermədiyin təqdirdə əməliyyat etməsəydim, nə edəcəkdin?" deyən həkim bu sözləri ilə xəstə yaxınını hədələyir. Vüsal Məmmədov həkimlə halallaşmağın vacibliyini də vurğulamağı unutmur.



İntiqam Valehoğlu
AzNews.az