Xoşqədəm telefonu niyə söndürüb?

Dünənə kimi dostlarıma, həmkarlarıma, tanışlarıma başa sala bilmirdim ki, telefonla danışdığım yerdə "odboy" verirəmsə, başa düşün, bilin ki, vacib işim çıxıb, dava-dalaş düşüb, aləm bir-birinə dəyib, atışma olub...

Amma bütün bunlar dünənə kimi idi. Tanınmış teleaparıcı, həm də həmkarımız olan Xoşqədəm xanımın dünənki açıqlamasından sonra çətin ki, kimsə mənim bu arqumentimi qəbul etməsin. İkincisi də bütün sadaladığım mənə yaxın olan şəxslərin borcudur ki, telefonumu söndürən kimi dərhal mətbuata xəbər versinlər, şou düzəltsinlər. Yoldaşlar, bu sizin borcunuzdur. Bəs hansı günün dostusunuz? Bunu xüsusən o vaxt etməlisiniz ki, ətrafımda xoşagəlməz söz-söhbətlər dolaşır. Xoşagəlməz söz-söhbətlər demişkən, bir neçə gün əvvəl Xəqani Hüseynov adlı bir vətəndaş bizi Xoşqədəm xanımla üz-göz elədi. Ona gör də hələ özümə gələ bilmirəm. Ondan sonra redaksiyamıza gəlməyib ki, dişimin dibindən çıxanı deyim ona.

"Səni axtarıram" verilişində həmkarımızın fikirlərinə diqqətlə qulaq asdım və başa düşdüm ki, Xəqani Hüseynov nəinki məni, bütün redaksiya heyətini çox ustalıqla aldadıb. Allah onu hidayət eləsin! Doğrudan, sabah həmin evlərdən birində yanğın olsa kim cavab verəcək? Tutaq ki, o evlər sökdürülməyib və sabah yan-yana olan evlərin hamısı ucdantutma yanır. Təsəvvür edirsiniz nə qədər zərər-ziyan olacaq? Bəli, evləri indidən sökdürmək lazımdır ki, gələcəkdə daha az itkiylə keçinək. Onusz da havalar isti keçir. Torpaq sahənizi ki, əlinizdən almayıblar. Bir çadır qurub yaşamağa nə var ki? Hörmətli Xəqani Hüseynov, burdan sizə səslənirəm, əgər özünüz internetə girə bilmirsinizsə, internetə girə bilən dost-tanışlarınıza deyirəm: axırıncı dəfə olsun belə şikayətlə redaksiyamıza müraciət edirsiniz.

Gedib 10 sot torpaqda 6 ev tikmisiniz, hələ danışmağa diliniz də var? Dünən də mənə zəng vurub deyirsiniz ki, seyidəm, cəddim ağırdı. Hörmətli Xoşqədəm xanım, vətəndaşın sizin barənizdə səsləndirdiyi iddiaları ictimailəşdirdiyimə görə dərin və ciddi peşmançılıq hiss keçirirəm. Heç bəlkə, Xəqani Hüseynov məsələsi olmasaydı, dünənki söz-söhbətlər də olmayacaqdı, sizə güllə dəyməyəcəkdi, ölkəmiz bu xəbərdən sarsıntı keçirib, sarılıq tutmayacaqdı. Facebookda oxuyuram ki, guya bu məsələləri verilişin reytinqini artıqmaq, yaxud da ətrafınızda gəzən "ev sökdürür" kimi fikriləri dağıtmaq üçün qəsdən yaymısınız. Amma qəti şəkildə bu iddialara inanmıram.

Dəqiq bilirəm ki, bütün bunlar sizi istəməyənlərin uydurmalarıdır. Nə yaxşı ki, dünən telefonu söndürmüsünüz. Suriyalılar nə başa düşür ki, sizi burda nə qədər sevən insan var. Onlar başa düşmür ki, gördüyünüz işlərdən sonra yağ iyi verən arvadının əlindən canını güclə qurtarıb Rusiyaya qaçan neçə-neçə kişi yenidən kəndinə qayıdıb, arvad-uşağını başına yığıb. Çox şükür ki, cəld tərpənib telefonu söndürmüsünüz... Yoxsa, dilim para-para olsun, birdən sizə nəsə olardı...

AzNews.az