Gəl, sənə bir sirr açım...

Hə… Əziz oxucum, bu yazıda səninlə bir az səmimi olmaq istəyirəm. Bağışla, səni tanımıram, amma birbaşa sənlə danışdım. Amma inan, mənim üçün qiymətli və əzizsən, heç bilirsən niyə? Çünki vaxt ayırıb fikirlərimi oxuyursan. Məni tanısan və yazdıqlarım xoşuna gəlsə, dostlarına da danışacaqsan, bəlkə sənin hesabına tanınıb çoxlu ad-san, şan-şohrət və əlbəttə ki, böyük pullar qazana biləcəm. Amma ikimiz də bilirik ki, bunlar mənim qurduğum xəyallardır - ola da bilər olmaya da!

Hə, dostum, rahat ol, söhbətimə davam edirəm.

Əvvəlcə bir sualım var, Səncə, mən niyə mədəniyyət, mənəviyyat haqqında yazıram?

Gəl, sənə sirr açım: bu günə qədər yazdığım heç bir məqalə üçün pul almamışam, səbəbimi sən soruşmamış deyim, mən pulu başqa sahələrdən qazanıram. İxtisasca rejissoram, televiziya və reklam sahəsində gördüyüm işlər var.

Pul qazanmaq üçün yazmamağım səni düşündürə bilər ki, onda niyə yazıram? Cavabım sadədir: özüm üçün, sənin üçün, cəmiyyət üçün, dünya üçün! Mən dünyanın düzəlməsi üçün nəsə eləməyə çalışıram. Yəqin sənə gülməli gəldi, elə mən də sənin yerində olsaydım gülərdim, tanımadığım birinin belə yazısına görə.

Amma dostum, bir fikirləş, milləti maarifləndirmək üçün pulsuz niyə yazmalıyam ki? Məni dinləsən, inanacaqsan və zamanla hətta haqq da verəcəksən, dəstək də! Necə? Bu barədə düşünməmişəm, amma bir yolunu tapacağına inamım var. Yazılarımı sosial şəbəkələrdə paylaşa, dost-tanışa haqqımda danışa bilərsən. Bəlkə də fəqrli yollar da bilirsən.

Əziz dostum, bu yazıda sənə bir mesajım var, amma necə başlayım, bilmirəm.

Həə... Efirdəki və mətbuatdakı lazımsız, görmək-eşitmək istəmədiyiniz , əhvalınızı korlayan xəbərlərdən danışmaq istəyirəm.

Hardasa bir ifadə oxumuşdum, diqqətimi cəlb etdiyi üçün yadimda qalıb: Pornoqrafiyadan danışmağın özü pornoqrafiyadır.

Bax, dostum, sən efirdə bəyənmədiyin aparıcıların və verilişlərin olmamasında maraqlısanmı? Hə rgün xəbər aldığın portallarda zorlama, kriminal və digər düşük şou biznes xəbərlərinin də yayılmamasını istəyirsənmi? Əgər cavabın müsbətdirsə, onda yazdıqlarımı diqqətlə oxu. Uzun müddətdir media sahəsində çalışıram. Sənə bəzi sirrlərimizi açacam və inan ki, birlikdə bu problemləri həll edə bilərik.

Filosofun dediyi kimi, heç vaxt əldə etmədiklərini əldə etmək istəyirsənsə, heç vaxt etmədiklərini et.

İstər televiziya olsun, istər radio, yaxud xəbər portalı, bunların bir dərdi var - "Reytinq"! O Reytinq ki, onlara reklam, yəni pul gətirir. Reytinqi isə sən, mən və hamımız formalaşdırıq - oxumaqla, izləməklə...

Öz aramızdı, bu səviyyəsiz aparıcıların, mügənnilərin efirə "dadanmasında" və düşük jurnalistciyəzlərin mediada "at oynatmasında" hamımızın günahı eynidir. Amma hər şeyin bir həddi var, o həddi aşmaq olmaz, həddini aşanlara isə yerini göstərməliyik.

Bax, dostum, birlikdə bu lazımsız, düşük xəbərləri "ignore etsək", yəni onu görməməzlikdən gəlsək, bunlar reytinq yığa bilməyəcək. Əmin ol ki, bundanböyük cəza yoxdur.

Bu yazını sən oxuyacaqsan, dostlarınla paylaşacaqsan, onlar da öz dostları ilə müzakirə edib bir ictimai kampaniyanın başlanmasına dəstək verəcəklər. Onda bu narahatlığımıza ehtiyac qalmayacaq.

Əziz oxucum, bu gündən etibarən bəyənmədiyin heç nəyi izləmə, oxuma və müzakirə də eləmə. Unutma, söyməyin belə onları məhşurlaşdırar. Xatırladıram ki, zibilə toxunduqca iy verir…

Reklam verənlərin marketinq şobələrində çalışan xüsusi adamlar var ki, onlar cəmiyyətin nəyi müzakirə etdiyini sosial şəbəkələrdə, ictimai yerlərdə araşdırırlar. Hətta, zəhlən gedən bir aparıcını, mügənnini, yaxud hər hansı xəbəri dostunla paylaşdığında bil ki, istəmədən onu reklam edirsən. Əslində, reklam verən üçün izlədiyinin, oxuduğunun xoşuna gəlib gəlmədiyinin əhəmiyyəti yoxdur, əsas odur ki, sən izləyirsən. Bu lazımsız, düşük informasiyaları yayan insanları eşitməməyin bircə yolu var - GÖRMƏMƏZLİKDƏN gəlmək.

Əziz oxucum, Sənə Hindistanın siyasi lideri Mahatma Qandini xatırlatmaq istəyirəm. Bilirsən, o, ingilisləri Hindistandan bilirsən də necə uzaqlaşdırdı? İngilis istehsalı olan heç bir məhsulu almadı və tərəfdarlarını da buna inandırdı. İngilislər onun üstünə silahla getsə də, o, mübarizə üçün dinc yolu seçdi və qalib gəldi.

Əziz oxucum, bu yazdıqlarımı oxusan və inansan, eləcə də ətrafındakıları inandırsan, onda məsuliyyətsiz insanları mediadan uzaqlaşdırmaq asan olacaq.

Vaxt ayırıb yazdıqlarımı oxuduğun üçün təşəkkür edirəm.

Əziz oxucum, Sənin yaşadığın cəmiyyətə yararlı olmaq istədiyinə inanıram. Nə oxuyursan oxu, nə eşidirsən eşit, sadəcə, oxuduqlarının və eşitdiklərinin niyə yazıldığını, deyildiyini anlamağa calış…

Uğurlar, hər birimizə...

aktual.az