Azərbaycanın kəşfiyyat peyki orbitə çıxarıldı

Fransanın "Airbus Defence and Space" şirkəti Azərbaycanın "Azerkosmos" ASC üçün aşağı orbitli peyk buraxıb. "AzeriDefence"nin xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov məlumat verib.

SPOT-7 yerin məsafədən zondlanması peyki orbitə iyunun 30-da çıxarılıb. Nazirin sözlərinə görə, hazırda peykin idarə edilməsinin "Azərkosmos"a verilməsi ilə bağlı danışıqlar aparılır.

"Airbus Defence and Space" şirkətinin yaydığı məlumata görə, bu peyk real vaxt rejimində yüksək dəqiqlikli və keyfiyyətli görüntü əldə etmək imkanı verəcək.

"Airbus Defence and Space" şirkətinin Müdafiə, Kosmik Kommunikasiya, Kəşfiyyat və Təhlükəsizlik rəhbər Evert Dudokun sözlərinə görə, bu optik peyk tərəfindən təqdim olunan xidmətlər TerraSAR-X və Tandem-X radar peyklərinin imkanları ilə genişləndirilir.

Peyk ən azı 10 il xidmət üçün nəzərdə tutulur.

AzNews.az