“Arxada dincələn əsgərlər arasında da itkilərimiz var” – Hərbi ekspert

"Dəfələrlə demişəm ki, biz ermənidən hansısa mərhəməti gözləməməliyik. Erməni düşməndir və hər an bizə zərbə vurmağa hazırdı. Biz arxayın olmamalıyıq. Təəssüf ki bəzən bizim hərbçilər arxayın olurlar ki, düşmən hərəkətə keçməz".

Bunu AzNews.az-a açıqlmasında ötən gecə ordumuzun 11 şəhid verməyinə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov deyib.

Ekspert bildirib ki, adətən hücum edən tərəf səngərdən aydın görünür və onu məhv etmək daha asandır:
"Əgər 11 əsgərimiz şəhid olubsa və nəzər alsaq ki, əsgərlər arasında postlarda müəyyən məsafələr var, sual ortaya çıxır ki, necə olur düşmənin itkilərindən biri də ələ keçirilmir? Çox ciddi məsələlər var. Başa düşürəm ki, 11 ailədə faciə yaşanıb. Olanlardan nəticə çıxarmalıyıq. Yəqin ki, bu məsələ dövlət başçısının yanında ciddi müzakirə olunacaq və lazımı qərarlar qəbul ediləcək. İstisna etmirəm ki, Müdafiə Nazirliyinin rəhbərliyinə ciddi tapşırıqlar veriləcək ki, bu itkilərin əvəzi artıqlamasıyla çıxılsın".

Ü. Cəfərovun sözlərinə görə, bu, 1994-cü ilin mayın 12-dən indiyə kimi bir gündə verdiyimiz ən böyük itkidir: "Nazirliyin kəşfiyyat idarəsi var. O kəşfiyyat idarəsi gecə-gündüz düşmənin bütün danışıqlarını izləyir və müəyyən nəticələr çıxarır. Bəzi şeyləri açıqlamıram. Onsuz da bizi hər şeydə qərəzli görürlər. Orada olan əsgərlərin sayı yetərincə olmadığına görə düşmən bizim əsgərləri asanlıqla sıradan çıxarıb. Hətta arxada dincələn əsgərlər arasında da itkilərimiz var".

İntiqam Valehoğlu
AzNews.az