“Dövlət sirrinin yayılması ilə bağlı özbaşınalıqların qarşısı alınacaq”

Avqust ayının ilk ongünlüyündə Azərbaycan-Ermənistan sərhədində atəşkəs rejimi ciddi şəkildə pozuldu. Azərbaycan ordusu şəhid də verdi. Amma Azərbaycan mətbuatı 3 günlük müharibə dövründən üzüağ çıxa bilmədi. Cəbhə bölgəsindən dezinformasiyalar, Müdafiə Nazirliyinin təsdiqləmədiyi xəbərlər, milli ordumuzun ağır texnikalarının nömrələrinə qədər sosial şəbəkələrdə paylaşılması müharibə şəraitində yaşayan bir dövlətin dövlət və hərbi sirrlərinin qorunub saxlanılması yolunda əsas maneəyə çevrildi. Təbii ki, düşmən tərəfin, Azərbaycan ordusu haqqında geniş bilgilər əldə etməsinə bilərəkdən, yaxud bilməyərəkdən şərait yaradıldı.

Bu günlərdə Prezident Administarsiyasının rəhbəri Ramiz Mehdiyev media nümayəndələri ilə görüşündə bir sıra fikirlər səslənməsinə baxmayaraq, Azərbaycan mətbuatı haqlı olaraq tənqid olundu. Bundan başqa, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri, polkovnik Eldar Sultanov maraqlı təkliflə çıxış etdi. O, dövlət sirrinin yayılması ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər edilməsinin zəruriliyini diqqətə çatdırdı. Milli Məclisin Hüquq və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Modern.az-a açıqlamasında bu təklifə münasibətini bildirib:

"Bu günlərdə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin keçirdiyi müşavirədəki açıqlamaları onu göstərdi ki, dövlət artıq bu sahədə müəyyən boşluğun olduğu qənaətinə gəlib və bunun tənzimlənməsi üçün addımlar atılacaq. Təbii ki, həm Ramiz müəllimin qaldırdığı məsələlər, həm də Eldar müəllimin fikirləri ilə həmrəyəm. Belə olmaz. Cəbhə bölgəsində gərginlik yarananda mətbuatla bağlı xüsusi problemlərimiz yarandı. Bilirsiniz ki, avqust ayının 3-4 günü müddətində atəşkəs rejimi ciddi pozuldu, şəhidlər verdik. Bu müddətdə mətbuat özünü kifayət qədər normal və professional apara bilmədi. Orada nədən söhbət getdiyini xırdalamaq istəmirəm. Sanki kütləvi informasiya vasitələri arasında yarışma gedirdi. Bu yarışmada əsas məqsəd kimin hansı informasiyanı daha tez yerləşdirməsi idi. Bir çoxları informasiyanın həqiqətə uyğun oldu-olmadığını belə nəzərə almadı. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da vurğuladı ki, saytlar arasında İP davası gedir. Müharibə şəraitində mətbuatda bizim hərbi texnikamızın yerdəyişmələri haqqında informasiya verilməsi, hətta bunun fotoşəkillər əks etdirilməsi yolverilməzdir. Ona görə belə hesab edirəm ki, bu boşluğu doldurmaq üçün mütləq qanunlara əlavə və dəyişiklik edilməlidir. Ümid edirəm ki, sentyabr ayının sonunda Milli Məclisin payız sessiyası başlayarkən belə bir təkliflə Prezident Administrasiyası çıxış edəcək".

Deputatın fikrincə, məsələ müzakirəyə çıxarılandan sonra belə özbaşnalıqların qarşısı alınacaq: "Özbaşınalığını davam etdirənlər isə qanunla cəzalandırılacaq. Erməni kəşfiyyatına, erməni xüsusi xidmət orqanlarına hansısa bir informasiyanı bilərəkdən, yaxud bilməyərəkdən ötürmək heç kimi məsuliyyətdən azad etmir. Hər bir kəs mətbuat nümayəndəsi kimi yox, Azərbaycan dövlətinin vətəndaşı kimi çıxış etməlidir. Milli maraqlarımıza, ordumuzun maraqlarına, təhlükəsizliyimizə xələl gətirən informasiyaları 5 oxucunun oxuması önəmlidir, yoxsa bu sirri saxlamaqla ordumuzun uğurlu qələbəsini təmin etməyimiz?! Bunu düşünmək lazımdır".

AzNews.az