Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə dünən öz iqamətgahında ölkəmizə rəsmi səfərə gələn Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Malikini qəbul edib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə dünən öz iqamətgahında ölkəmizə rəsmi səfərə gələn Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Malikini qəbul edib.

Şeyx Fələstinin Xarici İşlər nazirini qəbul etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə dünən öz iqamətgahında ölkəmizə rəsmi səfərə gələn Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Malikini qəbul edib.


QMİ-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, QMİ sədri Azərbaycanla Fələstin arasında dostluq əlaqələrinin tarixi köklərə əsaslandığını, son illərdə bu sahədə çox mühüm addımlar atıldığını söyləyib.

Allahşükür Paşazadə bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlarda hər zaman Fələstinin haqq işini müdafiə edib və bu mənəvi dəstək bundan sonra da davam edəcək. QMİ sədri ölkəmizin ərazi bütövlüyü məsələsində Fələstinin tutduğu mövqeyi yüksək qiymətləndirib, səmimi salamlarını Fələstin prezidenti Mahmud Abbasa və bütün Fələstin xalqına çatdırmağı xahiş edib.

Fələstin xarici işlər naziri isə deyib ki, Azərbaycan Fələstinə həm humanitar yardım göstərir, həm də ölkəsini beynəlxalq təşkilatlarda daim müdafiə edir. Onun sözlərinə görə, hər iki dost ölkə müxtəlif sahələr üzrə əməkdaşlığa böyük önəm verir və bu münasibətlər inkişaf etməkdədir. R. əl-Məliki QMİ sədrinin Azərbaycan və Fələstin xalqları arasında münasibətlərin inkişafındakı xidmətlərinin ölkəsində yüksək dəyərləndirildiyini diqqətə çatdırıb. O, prezident Mahmud Abbasın adından Şeyxülislam Allahşükür Paşazadəni Fələstinə səfərə dəvət edib.

QMİ sədri Fələstin xarici işlər nazirinə xatirə hədiyyəsi təqdim edib və görüş onun şərəfinə verilən ziyafətlə başa çatıb. Mərasimdə Milli Məclisin üzvləri Cavanşir Paşazadə, Madər Musayev, Qalib Salahzadə, Eldar İbrahimov, Hüseynbala Mirələmov, Hadı Rəcəbli, Çingiz Qənizadə, QMİ sədrinin müavinləri - Hacı Sabir Həsənli, Hacı Fuad Nurullah, QMİ Aparat rəhbəri Simran Həsənov və Fələstin Dövlətinin ölkəmizdəki səfiri Nasir Əbdül Kərim iştirak ediblər.


AzNews.az