“Bərbər işləyirəm, günüm eyni keçir. İşdən evə, evdən işə. Bir gün “Topaz”la tanış oldum və həyatım tamamilə dəyişdi”. “Bərbər işləyirəm, günüm eyni keçir. İşdən evə, evdən işə. Bir gün “Topaz”la tanış oldum və həyatım tamamilə dəyişdi”.

“Topaz”a pul qoyanların sonu... - ARAŞDIRMA

“Bərbər işləyirəm, günüm eyni keçir. İşdən evə, evdən işə. Bir gün “Topaz”la tanış oldum və həyatım tamamilə dəyişdi”.



Bu, "Topaz" oyunlarına çəkilmiş yeni reklamın sözlə ifadə formasıdır. Bu tipli qumara təhrikedici reklamlar demək olar ki, günün bütün saatlarında Azərbaycan telekanallarında reklam olunur. Tibb elmində qumara qurşanan insanlar xəstə sayılır. Psixiatriyada "ludomaniya" adlanan bu ruhi xəstəliyin Azərbaycanda minlərlə daşıyıcılarının olması heç kimdə şübhə doğurmur.



"Topaz"ın reklamlarının telekanallara ayaq açması isə xəstəliyi epidemiya vəziyyətinə gətirib. Belə xəstələr daimi olaraq müxtəlif uduşlu oyunlarda iştirak edir, böyük uduş əldə edəndə də, mütəmadi olaraq uduzanda da oyundan çıxa bilmir, getdikcə daha çox vaxtını, vəsaitini və düşüncəsini buna həsr edir və bütün hallarda nəhayət, iflasa uğrayır.

Uduşlu oyunların bu cür reklamı və kütləviləşməsi də insanların bu xəstəliyə yoluxmasında böyük rol oynayır. Xəstəliyin sosial fəsadlarına gəlincə, bunların sırasına, başlıca olaraq, müflisləşmə, ailədaxili münasibətlərin pozulması, ailələrin və şəxsi həyatın dağılması, oynamaq üçün pul əldə etmək naminə cinayət yollarına baş vurulması və intihar kimi rəngarəng nəticələr daxildir. Bununla Milli Məclis səviyyəsində məsələ qaldırılsa da problem hələ də öz həllini tapmayıb.

AzNews.az qumar oyunları ilə bağlı araşdırma aparıb.

1997-1998-ci illərdə "rus lotosu" adı altında açıq-aşkar qumarxanalar fəaliyyət göstərirdi. Səs gücləndirici vasitələrlə yoldan keçənləri qumar oynamağa dəvət edirdilər. Bu, bir neçə il davam etdi və nəhayət, qumarxanalar, hotellərdə gizli fəaliyyət göstərən kazinolar bağlanıldı. Artıq bir çox ölkələrdə qumar tipli oyunların reklam olunmasına qadağa qoyulub. Hətta, qonşu Türkiyədə hökumət lotoreya oyunlarını qadağan edib. Baş nazir Əhməd Davudoğlu açıqlamalarının birində islamda haram buyurulan hər şeydən dövlətin əl çəkəcəyini açıqlamışdı.

Artıq illərdir ki, gənc nəsli qumara təhrik edən reklam çarxlarının qanunla qadağan olunacağı deyilir.

Millət vəkili Fazil Mustafa hesab edir ki, bu tipli reklamların yayılmasında Azərbaycan cəmiyyətinin əsaslığı vacibdir:



"Türkiyə mədəniyyətinin əsaslığını nəzərə alaraq Türkiyənin baş naziri elan etdi ki, dövlət hər hansı şəkildə qumar oyunları oynamayacaq. Yəni dövlət bu oyunlardan gələn gəlirlərdən müəyyən dərəcədə imtina etdi. Ayrı-ayrı fiziki şəxslər bunu oynaya bilir. Çünki cəmiyyətdə buna tələb var və cəmiyyətin hamısı ideal deyil. Qumarbaz əhval-ruhiyyəli insanlar və çoxluq təşkil edirlərsə, bunun qarşısını almaq mümkün deyil. Amma ən azından dövlətin əlində bu tipli reklamların yayımlanmaması imkanı var. Çünki qumar oyunlarının reklam olunması iradəsi zəif olan insanların yönləndirilməsi ilə nəticələnir. Xüsusilə də 15 yaşlı, idmana meylli gənclərin proqnozlaşdırma məsələsində saatlarla vaxt itirərək bura pul yatırması ailələrdə ciddi problemlər yaradır".

Millət vəkilinin sözlərinə görə, qumar oyunlarının reklam olunması yenidən gündəmə gələ bilər:

"Bu məsələ ilə bağlı insanlar müəyyən narazılıq bildirirlər. Amma onu da deyim ki, cəmiyyətin ümumi əhval-ruhiyyəsində narahatlıq yoxdur. Xeyli insan var ki, həyatını bunun üzərində qurub. Bu baxımdan da dövlət reklam etməməlidir. Çünki qadağan etmək mümkün deyil. Reklamla insanları buna təşviq etmək daha böyük zərərə gətirib çıxarar".

F. Mustafa deyir ki, hətta Bakının müxtəlif rayon və kəndlərində toydan sonra kütləvi şəkildə qumar oynanılır. Deputatın sözlərinə görə, bu ənənə ermənilərdən götürülüb.

Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev isə qeyd edir ki, belə gənclərin çoxunun borca düşmə səbəbindən valideyinləri evlərini satmaq məcburiyyətində qalır.



"Eyni zamanda aparılan araşdırmalar onu göstərir ki, bu problem ailələrin dağılmasına da geniş təsir göstərir. "Topaz"ın dayaq məntəqələrinin sayı mərkəzlərinin sayını da keçir. Külli miqdarda gəlir əldə olunur və bu gəlirin neçə faizinin vergiyə gedib-getmədiyi qaranlıq qalır. Baxmayaraq buna icazə verilir, lisensiyası var. Eyni zamanda Cinayət Məcəlləsində Azərbaycanda azad oyunların keçirilməsi qadağan edilir, yəni cinayət məsuliyyəti nəzərdə tutulur. Bir halda dövlət bunu qadağan edir, digər tərəfdən belə lisenziya verir. Ona görə də hesab edirəm ki, Azərbaycan əxlaqı mənəvi dəyərlərə zidd olduğundan belə oyunlar ləğv ediməlidir. Bu gəncliyin inkişafına mənfi təsir göstərir və dəhşətli nəticələrə gətirib çıxardır".

Onu da qeyd edək ki, Azərbaycanda onlarla adam "Topaz" səbəbindən intihar edib. Və yeniyetmə uşaqlar evdən və ya başqa yerlərdən pul oğurlayıb futbol oyunlarına proqnoz verməklə gələcəyin cinayətkarına çevrilir.

Milli Məclisin İqtisadi Siyasət Komitəsində müzakirə olunan "Reklam haqqında qanun" layihəsində qumar oyunlarının reklamı ilə bağlı maddə də var. Bu barədə danışan həmin Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bu tipli reklamlara məhdudiyyətlərin qoyulması və bu kimi məsələlər öz əksini tapıb və Milli Məclisin gündəliyinə salınacaq.

Qeyd edək ki, Azərbaycanda qumarxanaların fəaliyyətinə mərhum prezident Heydər Əliyev tərəfindən qadağa qoyulmuşdu. Sabiq prezident qumarın cəmiyyətdə hansı fəsadlara yol açdığının fərqində olaraq rəsmi səviyyədə qumarxanaları bağlatdırıb.


Gültəkin ƏLƏSGƏR
AzNews.az
image description image description