Fransada hantavirusa yoluxanlarla təmasda olan şəxslər karantinə alındılar

Fransa hökuməti hantavirus aşkarlanan şəxslərlə təmasda olmuş səkkiz nəfəri karantinə yerləşdirib.

AzNews.az xəbər verir ki, bu barədə AFP agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, onlardan biri göyərtəsində hantavirus infeksiyası təsdiqlənmiş şəxsin olduğu təyyarədə uçub. Həkimlər həmin kişidə "yüngül simptomlar" aşkarlasalar da, analiz nəticələri mənfi çıxıb. Digər yeddi nəfər isə "MV Hondius" kruiz gəmisindən enən şəxslə təmasda olub.

Hazırda gəmidə olan daha beş Fransa vətəndaşı Kanar adalarına çatdıqdan sonra 24-48 saat ərzində ölkəyə qaytarılmalıdır. Onlar sahilə endikdən sonra müayinədən keçəcək, Fransaya çatdıqda yenidən yoxlanılacaqlar.

Fransaya qayıtdıqdan sonra simptomları olan şəxslər yoxlama üçün ixtisaslaşmış tibb müəssisəsinə yerləşdiriləcək. Simptomsuz şəxslər isə evlərinə buraxılmazdan əvvəl yenidən müayinə və testdən keçiriləcəklər.

Qeyd edək ki, "MV Hondius" layneri aprelin 1-də Argentinanın Uşuayya şəhərindən Kanar adalarına doğru yola düşüb. Gəmidə səkkiz nəfərdə hantavirus aşkarlanıb, onlardan üçü ölüb. Göyərtədə əsasən ABŞ, Böyük Britaniya, İspaniya və Niderland vətəndaşları olmaqla təxminən 150 nəfər var. Gəmi artıq Atlantik okeanındakı bir neçə adada, o cümlədən Tristan-da-Kunya arxipelaqında dayanıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Anais Leqanın sözlərinə görə, hazırda gəmidə yayılmış Andes hantavirusuna qarşı təsdiqlənmiş peyvənd və ya müalicə sxemi mövcud deyil. O bildirib ki, hantaviruslara qarşı əsas tədbir vaxtında tibbi yardım göstərilməsidir. ÜST, həmçinin qeyd edib ki, kruiz gəmisindəki hantavirus yeni pandemiyanın başlanğıcı demək deyil.