Bu gün Firuz Fərəcovun 20 yaşı tamam olur Bu gün Firuz Fərəcovun 20 yaşı tamam olur

Ana erməni əsirliyində olan oğluna məktub göndərdi

Bu gün Firuz Fərəcovun 20 yaşı tamam olur



Erməni əsirliyində olan Azərbaycan əsgərinin bu gün 20 yaşı tamam olur. Bu barədə APA-ya əsirin ailəsindən məlumat verilib. Ailə üzvlərinin sözlərinə görə, Firuz Fərəcovun əsir düşməsindən iki ay keçməsinə baxmayaraq, hələ də övladlarından bir xəbər yoxdur: "Biz övladımızın taleyindən çox narahatıq. Artıq iki aydır, Firuz ermənilərin əlindədir. Onun sağ və ya ölü olmasından bixəbərik. Beynəlxalq Qızıl Xaç Komitəsindən bizə onunla görüşdüklərini bildirsələr də, bunu sübut edən hər hansı dəlil göstərmədilər. Onlar övladımızın yazdığı məktubu belə bizə verməkdən imtina etdilər".

Ailəsi F. Fərəcova növbəti dəfə məktub göndərib: "İki gün əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsində olduq və Firuza növbəti dəfə məktub yazdıq. Bildirdilər ki, bir neçə günə məktub Firuza çatdırılacaq. Ümid edirik ki, övladımızdan bir xəbər gələcək".

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 1992-ci il təvəllüdlü Fərəcov Firuz Mirzə oğlu bu ilin iyul ayında qoşunların təmas xəttinin Tovuz rayonu istiqamətində azaraq erməni silahlı bölmələrinə əsir düşüb. BQXK nümayəndələri Ermənistanda saxlanan azərbaycanlı hərbi əsirlə görüşərək ondan iki "Qızıl Xaç" məktubu alınsa da həmin məktublar əsirin ailəsinə verilməyib. BQXK-nın Bakı ofisindən bildirilib ki, "Qızıl Xaç" məktublarında yalnız ailəyə aid məlumatlar yer ala bilər: "Həmin məktublar bu kriteyaya cavab vermədiyindən onların çatdırılması mümkün deyil".

AzNews.az