İlham Əliyev Bakıda keçirilən “Bakutel-2014” sərgisinə qatıldı

Prezident İlham Əliyev sərginin açılışına qatılıb.



APA-nın məlumatına görə, sərginin açılışında Azərbaycanın hökumət nümayəndələri, ayrı-ayrı dövlət və özəl qurumların təmsilçiləri, diplomatlar, xarici qonaqlar iştirak ediblər.

Dövlət başçısı sərgidə iştirak edən yerli və xarici şirkətlərin stendlərini gəzərək nümayiş etdirilən məhsul və xidmətlərlə tanış olub.

Məlumat verilib ki, builki "Bakutel" sərgisində 40%-i daimi iştirakçı olmaqla, 250-dən artıq şirkət iştirak edir. İştirakçılar arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və məşhur markaların distributorları təmsil olunur.

Sərgiyə ziyarətçi qismində bir sıra ölkələrin rabitə nazirlərinin başçılığı altında nümayəndə heyətləri qatılıb.

"Bakutel" sərgisində Azərbaycan, Argentina, Almaniya, ABŞ, Belarus, BƏƏ, Kanada, Çin, Estoniya, Xorvatiya, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İtaliya, Yaponiya, Litva, Rusiya, Sloveniya, İsveçrə və Türkiyədən şirkətlər təmsil olunur.