Xanlar Xoca Xanlar Xoca

Hicaba azadlıq?

Xanlar Xoca



Ötən həftə Bakıda "Hicaba azadlıq" şüarı ilə qəfildən icazəsiz aksiya keçirildi və şəhərin ortasında qarşıdurma yarandı. Məlum şüar son illərdə arabir meydana çıxır və sonra unudulur, daha sonra yenidən gündəmə gəlir. İstər-istəməz sual yaranır ki, məgər hicab azad deyil? Maraqlıdır ki, Azərbaycanda hicaba qadağa da yoxdur. Heç bir qanunda yazılmayıb ki, hicab və yaxud başqa bir dini geyim qadağandır. Ölkədə nəinki hicab bağlayanlara, hətta hər yerini qara örtüklə bürüyüb təkcə gözlərini açıqda saxlayanlara da rast gəlirik və heç kim onlara "niyə belə geyinmisən" demir, deməyə haqqı da yoxdur, çünki kim necə istəyər elə də geyinər. Amma hər şeyin də bir əndazəsi olmalıdır, yoxsa aləm qarışar bir-birinə. Polisin, hərbçinin, stüardessanın öz xüsusi geyim forması olduğu kimi məktəblinin də öz vahid geyim formasının olmasında qeyri-adi heç nə yoxdur. Əgər məktəblinin vahid forması olmasa, onda biri qırmızı geyinəcək, biri dama-dama şalvar, bir başqası da saqqalını uzadıb, balağını qısaldıb, gələcək məktəbə ki, mən dərs öyrənəcəm. Bəs başqa uşaqların dərsdən yayınan marağı necə olsun?

Azərbaycan əgər teokratik dövlət olsaydı, o zaman bu cür şüarları anlamaq olardı, amma bu dövlətin Konstitusiyasında dünyəvi dövlət olduğu yazılıbsa, qanuna tabe olmaq lazımdır. Nə hicabı bağlayanda kimsə behiştlik olmur, nə də hicabı açanda kimsə cəhənnəmlik. Təbii ki, hər bir müsəlman yaxşı olar ki, örtünsün, amma bu mümkün deyilsə, mənəvi hicabın olması da kifayət edər ki, müsəlman öz imanının kamilliyini qoruyub saxlaya bilsin. Bəzi radikal dindarlar saqqalı, bəziləri də hicabı az qala ölüm-dirim məsələsinə çeviriblər. Sanki kimin saqqalı nə qədər uzun olsa, cənnətə yolu da o qədər qısa olarmış və ya kim hicab bağlasa, şəkk-şübhəsiz cənnəti qazanmış hesab olunarmış. Sual olunur ki, əcəba hicablı, çadralı insanların hamısı mələkdirmi, yaxud saqqalı 2 metr olanların hamısı haramdan uzaqdırmı? Axı biz də başqa planetdən gəlmə deyilik, hər şey göz önündədir, hicab bağlayıb min oyundan çıxan bəzi xanımları da, saqqal saxlayıb, yeri gəldi gəlmədi "mən namaz qılanam" deyib dindar olduğunu gözə soxmağa çalışan bəzi kişilərin nə hoqqalardan çıxdığını da görürük və bilirik. Ola bilsin gecə eyibləri örtür, amma gizli saxlamır. Keçmiş Sovet dövründə İslam dini qadağan olunmuşdu, amma insanlar öz qəlblərində dini də, imanı da yaşadırdılar və həmin insanlar heç də bugünkü hay-həşir salanlardan nə imanda, nə Allaha, peyğəmbərə, Əhli-beytə sevgidə, sədaqətdə geri qalmırdılar. Bəs bu gün hər cür sərbəstlik, azadlıq olduğu halda niyə belə hadisələr baş verməlidir? Əgər hicab belə vacibdirsə, niyə görəsən bunu qadınlar deyil, məhz kişilər tələb edir? Bu ki, "İslamda qadın azaddır" prinsipinə daban-dabana ziddir?! Heç kimə namaz qılma, oruc tutma deyilmir, hicab bağlama deyilmir, əksinə dövlətin başçısı məscidlərə təmir üçün, yenidənqurma üçün, yeni məscidlərin tikintisi üçün vəsait ayırır, müsəlmanların müqəddəs bayramlarında xalqı təbrik edir, Ramazan və Qurban bayramında bir neçə gün insanlara bayram tətili verilir, bundan artıq nə azadlıq ola bilər ki?
Məgər dindarın uşağına məktəbdə dərs keçmirlər, müəllim "sənin atan dindardır ona görə sənə dərs izah eləmirəm" deyir? Belə şeylər yoxdur axı, qaşınmayan yerdən qan çıxarmaq nəyə lazımdır?

İslam dinlərin sonuncusu olmaqla yanaşı həm də sülh, qardaşlıq dinidir. İslam maarifçilik dinidir, qan tökmək dini deyil. İslam dini qardaşın qardaşa əl qaldırmasını haram buyurursa, o zaman polisin başını yarmağı necə başa düşək? Polis əmrə tabedir və asayişi qorumaq onun vəzifəsidir. Müsəlmanın da vəzifəsi öz imanını qorumaq və layiqli müsəlman kimi ömür sürüb ona vəd edilən cənnəti qazanmaq üçün savab işlər görməkdir. Amma öz qanuni vəzifəsini icra edən polisin başını yarmaq savab iş deyil.