Vergilər Nazirliyi əhaliylə «facebook»la danışır

Vergilər Nazirliyinin "facebook"dakı rəsmi səhifəsində yeni layihəyə start verilib. Layihə çərçivəsində ölkənin tanınmış şəxsləri ilə görüntülü ünsiyyətin hazırlanması və səhifədə yayımlanması təmin edilir. Nazirliyin Vergi ödəyicilərinə xidmət idarəsinin əməkdaşı Arif Ələkbər AzNews.az-a açıqlamasında "Face-Visit" adlanan bu layihəsinin məqsədini açıqlayıb.

Nazirlik nümayəndəsinin sözlərinə görə, son illərdə vergi ödəyicilərinə elektron xidmətlərin genişləndirilməsi sahəsində ciddi tədbirlər həyata keçirən qurum sosial şəbəkələrin imkanlarından da maksimum faydalanmağa çalışır: "1 il əvvəl "facebook" sosial şəbəkəsində Vergilər Nazirliyinin rəsmi səhifəsinin yaradıldı. Hazırda bu səhifənin 7500-dən çox üzvü var. Məqsəd vergi ödəyicisinə, vətəndaşa vacib informasiyanı ötürə bilməkdir. Bu gün sosial şəbəkə istifadəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Biz bu detala xüsusi önəm verdik. Çünki gənclik daha çox əyləncəli maariflənməyə üstünlük verir. Azərbaycanda internet saytları inkişafa meyillidir. "Face-Visit"ə dəvət etdiyimiz tanınmış simalar həm də vergi qanunvericiliyi ilə bağlı konkret məsələ ilə bağlı fikirlərini söyləyir, vergi ödəyicisi olaraq vergi islahatları ilə bağlı şəxsi yanaşmalarını bölüşürlər".

Nazirlik təmsilçisi layihənin iştirakçısı olan, vergi sisteminə aid olmayan tanınmış simaların bu sahədə maarifləndirmə işini hansı səviyyədə aparacağına dair sualı da cavablandırıb: "Format üzbəüz debat şəklində götürülən 20 dəqiqəlik müsahibədən ibarətdir. Müsahibə rəsmi simalardan qeyri-rəsmi ampluada aparılır. Qonağımızın kim olacağı ilə bağlı bir gün əvvəl istifadəçiləri səhifə vasitəsilə məlumatlandırırıq ki, ona ünvanlamaq istədikləri sualları çatdırmaq imkanları olsun. Beləliklə, tanınmış simalar öz izləyicilərinə müəyyən mənada vergi qanunvericiliyindən irəli gələn məsələlərlə bağlı bizim çatdırmaq istədiyimiz informasiyaları da ötürmüş olur. "Face-Visit"in bütün buraxılışları Vergilər Nazirliyinin "face¬book" sosial şəbəkəsindəki rəsmi səhifəsində yerləşdirilir. Buraya həm birbaşa ünvan (facebook.com/vergiler ), həm də Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin (taxes.gov.az) üst panelindəki xüsusi "facebook" keçidi vasitəsilə daxil olmaq mümkündür".

Nazirlik təmsilçisi həyata keçirilməsi nəzərdə tutulan layihələr barədə də məlumat verib: "Bu gün virtual məkanda sosial şəbəkələrlə yanaşı, blogerlik, internet televiziya və radio sahələri də inkişaf edib. "facebook" səhifəmizdə Vergi Məcəlləsinin səsləndirilmiş versiyasının hazırlanması, cəmiyyət üçün maraqlı strateji suallara peşəkar cavabların audio və video cavablarından ibarət süjetlər hazırlamağı nəzərdə tuturuq".

Elnarə Əlosmanqızı
AzNews.az