- Köhnə - Cəmiyyət
- 10 Aprel 2015 19:55
- 5 521
Telekanallarda aşkarlanan qüsurlar - Monitorinq
2014-cü ilin son və 2015-ci ilin ilk rübündə Milli Televiziya və Radio Şurası Azərbaycanda yayımlanan televiziya kanalları ilə bağlı monitorinqlər aparıb.
Şura Aparatının Ekspertiza, proqramlaşdırma və analitik şöbəsindən AzNews.az -a daxil olan məlumata görə, monitorinqlər zamanı özəl telekanalların efirində yayımlanan məşhur verilişlərin çoxunda xoşagəlməz hallar aşkarlanıb.
Şöbənin hazırladığı hesabatı təqdim edirik:
"Azad Azərbaycan" televiziyasında 18.02.2015-ci il tarixdə efirə gedən "Gün üzü" verilişində aparıcı İlqar Mikayıloğlu əlindəki dəmir xətkeşi masanın kənarına sürtməklə çıxardığı səsi "qadına" bənzətmiş və "baxın, qadın budur! Kişilərin beynini xarab edir" demiş və bu fikri bir neçə dəfə təkrar edib. Aparıcı "qadının şərindənsə, gecənin şəri yaxşıdır" deməklə mövcud atalar sözünü təhrif edib, bunu bütün qadınlara şamil etməklə əslində onları təhqir edib.
Space TV-nin bəzi tok-şou və publisistik verilişlərində, adətən milli mənəvi dəyərlərə zidd mövzular qoyulmasa da, veriliş boyu bayağı və yersiz müzakirələr baş alıb gedir. Toy adət-ənənələri, qısqanclıq, şou biznes mövzuları ətrafında açılan süni və bayağı müzakirələrdə bu cür hallar açıq–aydın hiss edilməkdədir. "Kişilər evdə olmayanda", "Oturduğumuz yerdə", "Hələ bu harasıdır" kimi verilişlər buna misal ola bilər.
ANS telekanalında yayımlanan "Adam içində" və "Bazar səhəri" verilişlərində tez-tez milli-mənəvi dəyərlərə zidd olan bayağı mövzular müzakirəyə çıxarılır. "Adam içində" verilişi bu mənada "liderlik" edir. Verilişdə lokal problemlər, ailədaxili münaqişələr, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradılır. Məsələn, "Adam içində" verilişinin 27 yanvar tarixli buraxılışında 16 yaşlı qızın itkin düşməsi ilə bağlı məsələ müzakirə olunmuş və bu zaman qızın cinsi istismar məqsədilə artıq Türkiyəyə aparıldığı barədə aparıcı tərəfindən dəqiqləşdirilməmiş məlumatlar səsləndirilib.
Əslində problemin televiziyaya deyil, hüquq-mühafizə orqanlarına aid olması, qızın ailəsinin çıxılmaz vəziyyəti nəzərə alınmadan verilişin yaradıcı heyəti şou yaratmış, efirdə şikayətçi tərəflər arasında qarşılıqlı təhqirlərin, xoşagəlməz situasiyaların meydana çıxmasına rəvac verilmişdir. Mövzu 28 yanvar tarixində də davam etdirilmişdir.
Neftçala rayonundan olan gənc xanımın "Adam içində"dəki çıxışı əsasında yaxın qohumlar üz-üzə qoyulmuş, bir-birinə qarşı təhqiramiz ittihamlar səsləndirmiş, aparıcı tərəfindən ailə sirrlərinin açılmasına təhrik edilmişdir.
24-25 fevral tarixlərində 17 yaşlı qızın zorlanması və hazırda hamilə olması ilə bağlı anasının müraciəti əsasında müzakirələr açılmışdır. 03 mart 2015-ci il tarixində isə ərin arvadına xəyanəti, ərli qadının başqa kişiyə qoşulub qaçması, kişinin başqasının arvadını qaçırması ilə bağlı konkret şəxslərin timsalında müzakirələr aparılmışdır. Təəssüflə demək lazımdır ki, "Adam içində" verilişində bu tip milli-mənəvi dəyərlərə zidd mövzular mütəmadi olaraq gündəmə gətirilməkdədir.
Təbiidir ki, birbaşa efirdə müzakirəyə çıxarılan bu tip mövzular, sonda nəticə etibarı ilə ailələr, qohumlararası münaqişələrə səbəb olur, həmin insanların təmsil olunduğu şəhər, qəsəbə və kəndlərdə çox ciddi gərginlik yaradır. Məsələn, mart ayında "Adam içində" verilişinin ən azı beş buraxılışda müzakirə edilmiş Saatlıda baş verən kiçik bir ailə münaqişəsi sonda böyüyərək rayon səviyyəsində ciddi ajiotaja səbəb olmuşdur. Hətta telekanalın ailə problemlərinə müdaxilə etmiş əməkdaşına da fiziki təzyiqlər olduğu məlum olmuşdur.
Əslində sosial problemlərdən bəhs edən verilişə hər səpkidə müraciətlər ola bilər. Lakin yayımçı şou yaratmaq naminə ayrı-ayrı şəxslərin və ya ailələrin həyatına, yaxud da hüquq-mühafizə orqanlarının fəaliyyət sahəsinə aid olan həssas mövzulara müraciət edərkən son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar. Sirr deyildir ki, "Adam içində" verilişinin bir çox buraxılışları geniş ictimai narazılığa səbəb olub. Verilişin ayrı-ayrı buraxılışlarında yaranmış gərgin psixoloji vəziyyət hətta iştirakçıların birbaşa efirdə qeyri-etik və təhqiramiz ifadələr, söyüşlər işlətməsilə müşayiət olunub. Məsələn, verilişin 11 dekabr 2014-cü il tarixli buraxılışında həddən artıq ədəbsiz ifadələrdən istifadə edildiyinə görə, yayımçıya qarşı Teleradio Şurası tərəfindən müvafiq inzibati tənbeh tədbiri tətbiq edilmişdir.
Nə qədər təəccüblü olsa belə, eyni hala, hətta verilişin ekspertləri tərəfindən də yol verilir. Məsələn, 11 mart 2015-ci il tarixli buraxılışda ekspertlərdən biri Saatlı rayonunda baş vermiş problemlə bağlı müzakirələr zamanı təhqiramiz ifadə işlədib: "Kənd camaatının vəhşiliyi nə ilə bağlıdır? Demək ki, bunların adət-ənənəsi budur".
Digər bir ekspert isə aşağıdakı ifadələri işlədib: "Demək, Afət xanıma hücum edənlər necə dəhşətli adamdırlar ki, ailədə törətdikləri bəs etmirmiş kimi, gələn qonağa da əl qaldırırlar. Onların hərəkəti cinayət xarakterlidir".
18 mart tarixində isə ekspert konkret şikayətçini təhqir etmişdir: "Sən qızına təhsil vermisən, amma adamlıq verməmisən".
Bütün bunlar isə geniş ictimai narazılığa səbəb olur. Bununla bağlı Milli Televiziya və Radio Şurasına və digər rəsmi qurumlara daxil olan müraciət və şikayətlər də geniş ictimai dairələrin efir məkanında baş verənlərə biganə qalmadığından xəbər verir.
ANS-in "Salam Azərbaycan" verilişində də efirin tələbləri tez-tez pozulur. Verilişin aparıcıları bir sıra hallarda efir üçün məqbul olmayan, müəyyən mənada qeybət xarakterli müzakərələrə, bəzən isə sətiraltı açıq və ya formaca qeyri-etik ifadələrə, fikirlərə yer verirlər. Məsələn, 02 mart 2015-ci il tarixdə saat 07.42-də aparıcı Aytən Səfərova xüsusi mimika və jestlə aşağıdakı qeyri-etik sətiraltı məzmunlu ifadələr işlətmişdir:
"Dostlar, biz sizə indi dünyanın ən böyük sosiskasını göstərəcəyik. Siz elə bilirsiz ən böyük sosiska sizdədir? Xeyr, ən böyük sosiska Serbiyadadır. Biz serblərin sosiskalarını görəcəyik. Onlar bütün dünyaya göstəriblər... sosisi". İlk baxışda adi görünən bu ifadələrlə aparıcının nəyə eyham vurduğunu video-materialla tanış olarkən daha aydın anlamaq olur.
Bundan başqa, 02 aprel 2015-ci il tarixdə verilişin aparıcıları xalq mahnılarının sözlərində qeyri-etik sətiraltı məzmun axtarmaq kimi yersiz, efir üçün məqbul olmayan cəhdlər göstərmişlər. Məsələn, aparıcılar ironiya ilə: "Çox gözəl mahnılarımız var. Məsələn, "sağ ol gəl, var ol gəl, bir gecə mehman ol gəl". Yalnız bir gecə.. ayıb olsun! Bundan başqa, "gəlmişəm otağına, oyadam səni"... Sonra, "dağın dalından nəsə səs gəlir" (gülüşmə). Biri də var, "tikan batdı dizimə, əyildim çıxartmağa, yar sataşdı gözümə". Yar yerdə uzanıbmış... Bundan başqa, Nadir Qafarzadə oxuyur: baxçanızda nar əkim (gülüşmə)...Ən yaxşısı isə "Sarı gəlin"dədi: "nənən ölsün, sarı gəlin". Vəssalam, "pryamoy" qarğışdı mahnı".
Bəzən isə verilişdə aparıcılar mahiyyətini doğru-düzgün anlamadıqları müxtəlif məsələlər barəsində qeyri-peşəkar, bəzən isə aqressiv, hətta müəyyən qızışdırıcı xarakterli fikirlər səsləndirirlər. Buna ən bariz misal ölkədə dolların məzənnəsinin manata nisbətən dəyişməsindən bəhs edərkən 23 fevral 2015-ci il tarixdə aparıcıların bu barədə apardıqları müzakirələrdir: "Dollarla adamların əsəblərinin oynanması məsələsi əməlli-başlı qiymət artımına səbəb olub. Qiymətlər artıb. Bu, biabırçılıqdır...Çıxıb deyirlər ki, 1 dollar 1 manat 5 qəpikdi. Bu nə deməkdir? Bura Azərbaycandır...İndi otyeyənlərin sayı artacaq. Çünki ətin qiyməti çox artıb. Hər şeyin qiyməti artacaq. Görəsən bu qərarı verənlərin özləri nə yeyib-içirlər? Onlar Azərbaycandan nəsə alırlar, görəsən. Əhali dolların qalxmasına hazır deyildi. Bizim özümüzün dəyərimiz aşağıdı, görəsən. Heç kəsin bu işdən xəbəri olmayıb. Camaat yatıb səhər durub ki, qiymətlər artıb. Belə şey olmaz axı! Qonşu ölkələrdə iqtisadiyyat daha güclü olduğu üçün əhali milli valyutanın dollardan zəif olmasını hiss eləmir. Bizdə isə əsasən hər şey neftə bağlıdı...Ölkədə dərmanların qiyməti qalxacaq. Pensiyaçıların pensiyası artmır, amma qiymətlər artır. Deməli, onlar başlarını qoyub ölməlidirlər. İndi oğurluq halları da artacaq. Deyəcəklər ki, neyləyim, maaşım azdı".
Göründüyü kimi, verilişin aparıcıları canlı efirdən sui-istifadə edərək manatın devalvasiyası ilə bağlı qeyri-peşəkar şərhlər verir, ictimaiyyət arasında çaşqınlıq yarada biləcək əsası omayan fikirlər səsləndirir, çağırışlar edirlər. Əslində isə peşəkar jurnalist və ya KİV orqanı prosesləri obyektiv dəyərləndirməyi, məsələlərə emosional deyil, soyuqqanlı, düşünülmüş yanaşma sərgiləməyi bacarmalıdır. Ən əsası isə rəsmi qurumların mövqeyini öyrənmədən, peşəkarlarla məsləhətləşmədən məsuliyyətsiz ifadələr işlədilməsi söz azadlığından sui-istifadə edildiyini ortaya qoyur. Bu, həmçinin verilişin yaradıcı heyəti və xüsusilə də aparıcının peşəkarlıq səviyyəsi ilə bağlı müəyyən şübhələr oyadır.
Şou-bizneslə bağlı verilişlərdə milli-mənəvi dəyərlərə, efir etikasına zidd hallara yol verilməsi də neqativ hallardan biri kimi qeyd edilməlidir.
Bu xüsusda , 02 fevral 2015-ci il tarixdə saat 18.20-20.20 arası Xəzər TV-də yayımlanan "5/5 şou" verilişində müğənnilər Niyami Salami və Səidə Sultan arasında baş verən olayı qeyd etmək yerinə düşərdi:
Səidə Sultan: İndi siz məni polisə verəcəksiz?
Niyami Salami: Yox, polisə verməyəcəm, türkün məsəli...
Səidə Sultan: Sukasan, polisə verəsən məni?...o, sukadı.
Burada xüsusi narahatedici məqam verilişin aparıcısının və ümumilikdə yaradıcı heyətin baş verənlərin, xüsusilə qonaqların şıltaqlıqlarının qarşısını almaq əvəzinə, ona daha da geniş meydan verməsidir. Qeyd edək ki, Xəzər TV-nin "Ay Zaur" və "5/5 şou" verilişlərində belə hallar tez-tez təkrar olunur.
Bu gün milli efir məkanında ailə-məişət mövzularından bəhs edən tok-şouların artması və orada müzakirəyə çıxarılan problemlərlə bağlı narahatedici məqamlar da yetərincədir. Bu mənada, ANS-in "Bazar səhəri" verilişində milli-mənəvi dəyərlərə zidd, bayağı mövzulara, qeyri-etik məzmunlu müzakirələrə daha tez-tez rast gəlinir. Verilişin 08 mart 2015-ci il tarixli buraxılışından bəzi məqamları yada salırıq:
Aparıcı: Yol kənarında açıq-saçıq, qısa ətəkli geyinən xanımı görəndə avtomobilinizi heç saxlamısınız?
Müğənni Nadir Qafarzadə: Çılpaq niyə gəzir? Şubasını geyinsin də.
Aparıcı: Şubası yoxdur da.
Müğənni Nadir Qafarzadə: Şubası yoxdur.... Onda ucuzdur ki, (yəni ucuz fahişə) şuba almayıblar ona.
...
Aparıcı: Məclisdə yanınızda oriyental rəqqasə oynayarkən onun sinəsinə pul qoymusunuz, yoxsa?
Müğənni Nadir Qafarzadə: Yox, heç yerinə.
Müğənni Manaf Ağayev: Qoymuşam.
Müğənni Nadir Qafarzadə: (Müğənni Manaf Ağayevə) Necə yəni qoymuşam? Hara, nə qoymusan? (ironiya ilə)
Müğənni Vasif Məhərrəmli: Qoymuşam.
Müğənni Nadir Qafarzadə: (Müğənni Vasif Məhərrəmliyə) O da qoyub...
Müğənni Vasif Məhərrəmli qəhqəhə çəkib gülür.
Studiyada gülüşmə.
Müğənni Nadir Qafarzadə (Guya təəccüblənərək): Aaa, sual var idi də. Sinəsinə pul qoymusunuz, yoxsa? Aaa, nə dedim ki, mən? Bir söz dedim?... dedim qoyub da...
Aparıcı müğənnilərə müraciətlə: Cenifer Lopez bədəninin bir hissəsini sığorta etdirib. Bilirsiniz harasıdı?
Müğənnilər: Bəli, bilirik.
...
Aparıcı müğənnilərə müraciətlə: Elza Seyidcahanın şeirlərini oxumusunuz?
Müğənni Nadir Qafarzadə: Hə. Onun bir şeiri var a: sənə o verdi. Allah verdi. O, buna verdi, bu, ona verdi. Gül verdi. Çiçək verdi. Opüş verdi. Bu gözəl şeirdi. Sozün kökündə "verdi" var...
"Xəzər" televiziyasında efirə gedən "Hər şey daxil" verilişinin müğənni aparıcıları Sevil və Sevinc bacıları əvvəlcə Azərbaycanın milli valyutasına etdikləri hörmətsizliklə, yəni efirdə 1 manatlıq əskinası cırmaqla, ardınca isə ölkə coğrafiyası barədə məlumatsızlıq (Balakən rayonunun Naxçıvan MR-də yerləşdiyini deməklə) nümayiş etdirməklə gündəmə gəlmişlər.
ANS ÇM-in efirində isə aparıcının Azərbaycan xalqının tarixi barədə kobud səhvə yol verməsinə rast gəlinmişdir. Belə ki, 1 dekabr 2014-cü il tarixdə, saat 07.55-də radionun aparıcısı belə bir cümlə işlətmişdi: "Dünyada ən çox arvadı olmuş hökmdarlardan biri fars kralı Qacar şah olub".
Göründüyü kimi, aparıcı bir cümlədə bir neçə ciddi səhvə yol verib. Əvvəla Qacarların fars deyil, türk mənşəli İran şahları olduğu sübuta ehtiyacı olmayan gerçəklikdir və bu, hələ orta məktəb tarix dərsliklərində öz əksini tapıb.
İkincisi, Qacar adı konkret bir şaha deyil, böyük bir sülaləyə məxsusdur. Üçüncüsü isə, İran hökmdarları adətən kral yox, şah adlandırılır.
Xüsusilə də aparıcının Qacarları fars mənşəli sülalə kimi təqdim etməsi həm özü, həm də onun çalışdığı milli radio üçün ciddi nöqsandır.
Bu kimi faktlar bir daha aparıcıların müxtəlif sahələr üzrə, xüsusilə Azərbaycan xalqının tarixi, mədəniyyəti, adət-ənənələri barədə normal dünyagörüşü olmaması ilə bağlı yuxarıda söylənilən fikrin nə qədər aktual olduğunu təsdiq edir".
Şura bildirir ki, ümumiyyətlə, bu cür hallara yol verməklə, yayımçılar "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərini - yayımçı öz fəaliyyətində insanların şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi prinsiplərinə əsaslanmalıdır - pozurlar.