Musiqili Teatrdan aktyora cavab: “Ucuz şou düzəltməsin...”

Xəbər verildiyi kimi, Dövlət Musiqili Teatrından istefa verən aktyor Elvin Əliyev mayın 6-da məvacibini almaq üçün sözügedən mədəniyyət ocağına getsə də qapıdan içəri buraxılmayıb. O isə buna görə teatr direktorunu məhkəməyə verəcəyilə hədələyib.


Dövlət Musiqili Teatrı aktyorun bu ittihamına münasibət açıqlayıb.

Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu AzNews.az-a deyib ki, sabiq əməkdaş Elvin Əliyevin mart ayının 5 iş günü üçün olan məvacibi və işdən çıxmasına görə ona düşən məzuniyyətin haqqı 16 mart 2015-ci il tarixində "Kapitalbank"ın 1 saylı Səbail rayon filialına köçürülüb:
"Bu tarixə onun əmək haqqı kartının vaxtının bitməsi təsadüf etdiyi üçün və eyni zamanda öz ərizəsi ilə işdən azad olunduğuna görə "Kapitalbank"ın 1 saylı Səbail rayon filialına Musiqili Teatrı tərəfindən arayış təqdim olunub ki, Elvin Əliyev şəxsiyyət vəsiqəsi ilə 5 günlük məvacibini və işdən çıxmasına görə ona düşən məzuniyyətin haqqını ala bilsin. Elvin Əliyev isə arxada qalan təqribən iki ay müddətində nə banka, nə də teatra müraciət etməyib. İndi isə bankdan pulunu almaq əvəzinə ucuz şou yaratmağa uğursuz cəhd edir. Elvin Əliyevə tövsiyyə edirik ki, bu cür uğursuz əməllərlə məşğul olmaqdansa, gedib "Kapitalbank"ın Səbail rayon filialından pulunu alsın".

S.Sədaqətoğlu qeyd edib ki, bir neçə gündən sonra teatr tərəfindən banka təqdim olunan arayışın vaxtı bitir: "Düşünürük ki, özünü sənət adamı hesab edən şəxs gündəmdə ucuz şou ilə yox, öz sənətiylə, yaradıcılığıyla qalmalıdır. Musiqili Teatr klassik və müqəddəs sənət məbədidir. Belə bir məbədin adını ucuz şoularda hallandırmaq heç kimə başucalığı gətirməz".

Bahar RÜSTƏMLİ
AzNews.az