Qulu Məhərrəmli ATV-nin müdafiəsinə qalxdı: “ANS-in davası...”

Media eksperti Qulu Məhərrəmli ANS televiziyası ilə ATV telekanalının arasında gedən qalmaqala münasibət bildirib.


O, AzNews.az-a ANS-in ATV telekanalına qarşı hücumunun doğru olmadığını deyib: "Düzdür, məsələnin müəyyən qədər əhəmiyyəti var. Eyni zamanda diqqət mərkəzində olan məsələdir. Bütövlükdə isə bu qeyri-etikdir. Bəzi televiziyalar çox inadkardır. Onlar kin enerjisini yığırlar və fürsət ələ düşən kimi bundan çox gözəl bəhrələnirlər. Amma bütövlükdə götürəndə bütün televiziyalar bir-birindən az fərqlənir. Hamısı təxminən bir kökdədir. Bunların bir-birinə qarşı mübarizə aparması əjdahanın azğında olan adamların bir-biri ilə vuruşmasına bənzəyir. Hesab edirəm ki, ANS-in ATV-yə qarşı davası etik cəhətdən doğru deyil".

Q.Məhhərəmli hesab edir ki, ANS-in ATV-yə qarşı hücuma keçməsinin ən böyük səbəbi məsələni həddindən artıq şişirtmək, əsas problemi diqqətdən kənarda qoymaqdır: "Gəlin, bu cür böyük problemlərin müzakirəsində ictimaiyyətin diqqətini əsas məsələdən yayındırmayaq".

Qeyd edək ki, M.Əliverdiyeva ATV kanalında Binəqədi rayonunun "Azadlıq" prospektində baş verən yanğın faciəsinin müzakirəsində "Biz o faciəni lap belə faciə etməməliyik" sözlərini deyib. ANS telekanalının əməkdaşı Ləman Əliəşrəfqızı isə M.Əliverdiyeva haqqında süjet təqdim edib və bu süjet cəmiyyətdə birmənalı qarşılanmayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az