Oyunlardan sonra Qarabağ savaşı başlaya bilərmi? – Siyasətçilərin rəyi

Rusiya prezidenti Vladimir Putinin Bakı-2015 I Avropa Oyunlarının açılış mərasimində iştirakı istər Qərb ölkələrində, istərsə də Azərbaycanla müharibə şəraitində olan Ermənistanda birmənalı qarşılanmayıb.


Qərb siyasətçiləri hesab edir ki, Avropa Birliyi ölkələrinin Azərbaycanla soyuq münasibətlərindən sonra Putinin Bakıya gəlişi başadüşüləndir. Rəsmi İrəvanın fikrincə isə Avropa Oyunları başa çatan kimi Azərbaycan 2-ci Qarabağ savaşına başlayacaq və bu zaman Kreml seyrçi mövqedə dayanacaq. Azərbaycanın bir neçə siyasətçisi də bu olaya münasibət bildirib.


Millət vəkili Fazil Mustafa AzNews.az-a deyib ki, Rusiyanın yalnız bir istiqaməti var, o da Ermənistana dəstək verməkdir: "Sadəcə, Moskva Azərbaycanı indiki mərhələdə özündən çox uzaqlaşdırmamaq, incitməmək üçün belə bir sakit manevrdən istifadə yolu seçib. Rusiya Azərbaycana müharibə məsələsində dəstək vermək niyyətində olduğunu göstərmir".


Millət vəkili Fəzail Ağamalı isə vurğulayıb ki, bu gün Rusiya ilə Azərbaycan arasında normal münasibətlər mövcuddur: "Ermənilər yenə də uydurma məlumatları ilə hər kəsi çaşdırmağa çalışırlar. Bu, onların fəaliyyətinin tərkib hissəsidir. Çünki onlar hər yerdə olduğu kimi bu məsələdə də saxtakarlığa, əsası olmayan məlumatlara əsaslanaraq, diqqəti özünün işğalçı siyasətindən yayındırmağa çalışırlar. Rusiya ilə Azərbaycanın münasibətləri hər iki dövlətin maraqlarına uyğundur. Biz Rusiya ilə münasibətlərimizdə ölçülüb-biçilmiş addımlar atmalıyıq. Rusiya Azərbaycanla mehriban qonşuluğu saxlamağı, ölkəmizin suverenliyinə təhlükə yaratmamalıdır. Azərbaycan da bu istiqamətdə addımlarını atır. Hazırda Rusiyanın Azərbaycana qarşı münasibətlərində təhlükəli məqamlar yoxdur, münasibətlər normallaşıb. Azərbaycanın Rusiyadan ən böyük gözləntiləri onun Qarabağ prosesinə daha ciddi müdaxilə etməsidir. Bəlli olduğu kimi Ermənistan elitasında təmsil olunan şəxslər Rusiyanın sözü ilə oturub durur. Rusiyasız bu ölkə heç bir addım atmaq gücündə də deyil. Ona görə də arzulayardıq ki, Rusiya Ermənistanın işğalçı siyasətinə son qoymaq yönümündə mühüm və çox ciddi addımlar atsın. Lakin təəssüf edirik ki, hələlik bu istək bəyanatdan başqa o yana keçmir. Rusiya prezidentinin Avropa Oyunlarının açılışında iştirak etməsi yaxşı hal idi. Bu, həm də Putinin Azərbaycana önəm verməsi hesab edilir. Putinin mətbuat katibi Dmitri Peskov "Prezidentlərin Bakı görüşündə Dağlıq Qarabağ ətrafında müzakirələr aparılıbmı" sualına da dəqiq cavab verməyib. İşğal edilmiş torpaqların azad edilməsində isə Putinin Azərbaycanın yanında olacağı hələ şübhə altındadır".

Bahar RÜSTƏMLİ
AzNews.az