İnsanlar xərçəng xəstəliyindən ölür, qurumlar hələ “araşdırır” İnsanlar xərçəng xəstəliyindən ölür, qurumlar hələ “araşdırır”

Ucuz “ətin” “xərçəng şorbası” – QADINLARÇÜN SOS!

İnsanlar xərçəng xəstəliyindən ölür, qurumlar hələ “araşdırır”



Gözəl görünmək istəyən xanımlar kosmetik vasitələri xarici görünüşün yaxşılaşmasına yönəlmiş kompleks qulluğun ayrılmaz hissəsi sayır. Ancaq təəssüf ki, gözəlliyin qayğısına qalmaq niyyətilə görülən tədbirlər heç də həmişə yaxşı nəticələnmir. Fəsadlar da əsasən saxta, keyfiyyətsiz kosmetik vasitələrin nəticəsində meydana çıxır.

Dermotoloq-kosmetoloq Ramil Qocayavin sözlərinə görə, kosmetik vasitələr özü də iki yerə bölünür: "İsti havalarda və yay fəslində dekorotiv kosmetikadan az istifadə olunması məsləhətdir. Çünki bu dəriyə müxtəlif mənfi təsirlər göstərə və allregiyaya səbəb ola bilər. Müalicəvi kosmetikalar isə quru və ya yağlı dərilər üçün, yaxud başqa problemlərlə bağlı tövsiyə olunur və onların istifadəsi fəsildən asılı deyil. Bununla yanaşı, isti hava şəraitində yaxşı olardı ki, iki saatdan bir günşə qarşı qoruyucu, nəmləndirici kremlərdən istifadə olunsun".

Kosmetik vasitələrin yaratdığı problemlər

Keyfiyyətsiz və saxta kosmetikalara gəlincə isə R. Qocayev bildirdi ki, bundan istifadə hər bir insanda bir cür təsir göstərə bilər və ya ümumiyyətlə göstərməz: "Təsir isə demotik allargiya və digər şəkildə ortaya çıxa bilər. Ona görə də, xanımlarımız kosmetik vasitə seçərkən diqqətli olmalıdırlar".

Kosmetoloq deyir ki, belə keyfiyyətsiz, saxta kosmetika və parfümeriya vasitələrinin insan orqanizminə çox böyük mənfi təsiri var: "Saxta kosmetika və parfümeriya insanda qıcıqlanmaya, qaşınmaya, allergiyalara, səpkilərə səbəb ola bilər. Təəssüf ki, saxta məhsulların yol açdığı fəsadlar bununla yekunlaşmır. Bizə ənlik, kirşan, tonal krem, sürmənin yaratdığı problemlərlə bağlı şikayət edənlər var. Əsasən allergiyalar, üzdə olan səpkilər, dərinin qırışması, ləkə düşməsi ilə bağlı müraciət edirlər. Gözlərlə bağlı yaranan problem arasında isə ən çox göz qapaqlarının şişməsi, qızarması, gözaltı torbanın yaranması, qırışların, qazayaqlarının meydana gəlməsi daha tez-tez baş verir".

Qurumlar "araşdırma aparır"

Müsahibimiz bildirir ki, standartlara cavab verməyən belə məhsulların səbəb ola biləcəyi ən böyük fəlakət xərçəng xəstəliyidir: "Bədəndə melanomaya meyillilik (şiş xəstəliyi, dəri xərçəngi) olduqda yaxşı qoruyucu vasitə olmasa, günəş şüası melanomanın əmələ gəlməsinə yol aça bilər. Qıcıqlandırıcı vasitə isə şiş xəstəliyinin əmələ gəlməsini sürətləndirə bilər".
Lakin kosmetik vasitələrin fəsadları özünü həmin an göstərməyə də bilər. R.Qocayev bunun ya gecikmiş, ya da ani ola biləcəyini qeyd edir.

Əldə satılan kosmetik məhsullar

Qeyd edək ki, kosmetika bu gün dünyanın ən gəlirli sahələrindən biridir. Asan gəlir əldə etmək istəyənlər insan sağlamlığı bahasına olsa belə, dünyanın brend markalarını saxtalaşdırmaqdan çəkinmirlər. Təəssüf ki, bu cür hallar ölkəmizdə də baş verir. Xüsusilə paytaxtda müxtəlif satış yerlərində, o cümlədən, mağazalarda kiçik müşahidə kifayət edir ki, külli miqdarda mənşəyi bəlli olmayan çeşid-çeşid keyfiyyətsiz, saxta məhsulların satılmasına şahid olasan.

Orijinal və saxta vasitələri necə ayırd edək?

Mütəxəssislər vurğulayır ki, belə saxta məhsullar çox ucuz qiymətə təklif olunur, qablaşdırılması və təqdimatı primitiv olur, keyfiyyətsiz olması ilk istifadə zamanı ortaya çıxır. (Məsələn, saxta ətiri paltarınıza vuraraq 5 dəqiqə gözləyə bilərsiniz, bu müddətdə həmin yerdə ətir iyindən əsər-əlamət qalmayacaq), saxta malların sənədləri və firma zəmanəti olmur.

Belə məhsullar metro stansiyalarda, bazarlarda, yarmarkalarda, belə demək olarsa, ayaqaltında kütləvi şəkildə satılır. Üzərində istehsal tarixi, yararlılıq müddəti belə göstərilmir. Orijinalı kifayət qədər baha olan saxta gözəllik məhsulları belə yerlərdə cəmi bir neçə manata təklif edilir.

İqtisadçı-ekspert Rizvan Nərimanoğlunun sözlərinə görə, ölkəmizdə satışa çıxarılan kosmetik məhsulların 80 faizi keyfiyyətsizdir: "Üzərində istehsal tarixi, yararlılıq müddəti göstərilməyən kosmetik məhsulları almaq olmaz. Belə məhsullar aşağı qiymətə satılır".

Ucuz mala qaçanlar…

Xanımların əksəriyyəti sözügedən vasitələrin tərkibi və keyfiyyətindən xəbərsizdirlər. Bəziləri isə keyfiyyətdən çox qiymətə fikir verir. Kosmetik vasitələr mağazasında satıcı işləyən Səmayə də alıcıların ucuz kosmetikaya meyl göstərdiklərini bildirir: "Daha çox keyfiyyətsiz məhsulları alırlar. Bu da onların qiymətinin daha ucuz olması ilə bağlıdır. Eyni firmanın məhsulu olan pudranın 5 manatlığı da, 10 manatlığı da var. Ancaq əksər alıcılar ucuz olana üstünlük verirlər".

Sonda onu da qeyd edək ki, ABŞ Milli İş Təhlükəsizliyi və Sağlamlıq İnstitutunun apardığı bir tədqiqat nəticəsində kosmetika məhsullarında 900-dək zərərli kimyəvi maddə olduğu məlum olub. Kosmetika məhsullarının tərkibində olan 2 983 kimyəvi maddə üzərində aparılan araşdırma nəticəsində, bunların 884-nün toksik (zəhərli) olduğu müəyyən edilib. Bundan başqa, bu maddələrdən 774-ü yüksək dərəcədə zəhərlənmələrə, 146-sı şiş xəstəliklərinə, 218-i çoxalma pozulmasına, 314-ü mutasiyaya və 376-sı dəri və göz xəstəliklərinə səbəb olur.

Sevinc Fədai
AzNews.az