Gədəbəy Rayon İcra Hakimiyyəti ilə iş adamı Oqtay Əliyev arasındakı dava getdikcə böyüyür. Gədəbəy Rayon İcra Hakimiyyəti ilə iş adamı Oqtay Əliyev arasındakı dava getdikcə böyüyür.

Gədəbəy İH-ə qarşı növbəti sərt - İttihamlar

Gədəbəy Rayon İcra Hakimiyyəti ilə iş adamı Oqtay Əliyev arasındakı dava getdikcə böyüyür.




Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl mətbuatda Gədəbəy rayon icra başçısının sahibkara uduzması ilə bağlı xəbərlər dərc olunmuşdu. Məlumatlarda bildirilirdi ki, iş adamı Oktay Əliyevə məxsus turizm obyekti Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz olaraq sökülüb. Sahibkar 170 min manata başa gələn həmin obyektin uçurulması ilə bağlı Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Məhkəmə işi araşdırıb və xüsusi ekspertizanın rəyini nəzərə alaraq təsdiq edib ki, Əliyev Oktay İbrahim oğluna məxsus həmin turizm obyekti həqiqətən də Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən əsassız olaraq sökülüb. Nəticədə, məhkəmə Gədəbəy Rayon İcra Hakimiyyətindən 66 626 manatın tutulub iddiaçı Əliyev Oqtay İbrahim oğlunun xeyrinə ödənilməsi ilə bağlı qərar çıxarıb.

Bu məlumatlatın yayılmasından sonra Gədəbəy Rayon İcra Hakimiyyəti sözügedən məsələyə reaksiya verdi. İH-dən saytımıza daxil olan məlumatda qeyd olunurdu ki, Oqtay Əliyev Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyi ilə "Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə" müqavilə imzalayıb. Lakin müqavilənin şərtlərini pozub. Ona görə də Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsi və Gədəbəy rayonu İcra hakimiyyəti, cavabdeh Əliyev Oktay İbrahim oğluna qarşı "Qanunsuz tikintinin öz hesabına sökülməsi" tələbinə dair iddiasına Gədəbəy Rayon Məhkəməsində baxılaraq qanunsuz olaraq divarları mişar daşından, bünövrəsi betondan tikilmiş olan əsaslı tikintilər cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılıb. Oqtay Əliyevin Apellyasiya şikayəti təmin edilməyib.

Bundan əlavə icra hakimiyyətindən daxil olan yazıya görə, Oqtay Əliyevin qardaşı Surxay Əliyev "Bizim dövr" qəzetinin baş redaktorudur və "Bizim dövr" qəzeti o, qəzetdir ki, böhtan və qərəzli yazılarına görə adı Azərbaycan Mətbuat Şurasının qara siyahısına düşüb, rekert qəzeti kimi tanınır.

Sözügedən məsələyə "Bizim dövr" qəzeti münasibət bildirib. Qəzetdən saytımıza daxil olan açıqlamanın mətnini təqdim edirik:

""Bizim dövr" qəzeti əlində olan müvafiq rəsmi sənədlərə istinadən bir daha bəyan edir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 16 fevral 2015-ci il tarixli, 2-1(83) saylı qərarı ilə iddiaçı Əliyev Oktay İbrahim oğlunun cavabdeh Gədəbəy RİH-nə qarşı iddia tələbi qismən təmin edilərək, cavabdehdən 66 626 (altımış altı min altı yüz iyirmi altı) manat iddiaçının xeyrinə ödənilməsi nəzərdə tutulub. Maraqlanan bütün tərəflərə məhkəmə qərarlarının surətlərini də təqdim edə bilərik. İndi sual olunur, Gədəbəy RİH-nin rəsmiləri bu məlumatlarda nəyin həqiqətə uyğun olmadığını və böhtan xarakteri daşıdığını iddia edirlər?

Gədəbəy Rayon İcra hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Rüstəm Nağıyevin AzNews.az-a verdiyi açıqlamasında bildirilir: "20 iyun 2013-cü il tarixdə Oktay Əliyev Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyi ilə "Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə edilməsi barədə" müqavilə imzalayıblar. Həmin müqavilə 26 iyun 2013-cü il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin rəhbərliyi tərəfindən təsdiq olunub. Lakin Oktay Əliyev tərəfindən bu müqavilənin şərtləri kobud şəkildə pozulub. Belə ki, meşə fondu torpağında aparılan həmin tikinti işləri heç bir layihəyə əsaslanmayıb, rayon İcra hakimiyyəti ilə razılaşdırılmayıb (hətta layihə olsa belə torpağın təyinata uyğun olmaması səbəbindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 10.2, 11.3.4 maddələrinə əsasən razılaşdırıla bilməz)..."


İlk növbədə diqqəti belə bir məqam cəlb edir ki, Rüstəm Nağıyev verdiyi bəyanatla Oktay Əliyevin həyata keçirdiyi tikinti işlərinin hər hansı bir layihəyə əsaslanıb-əsaslanmadığından belə tam əmin deyil. Amma bununla belə, RİH rəsmiləri sahibkarın Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin rəhbərliyi ilə bağladığı müqavilənin şərtlərini pozduğunu tam əminliklə iddia edirlər. Sual olunur, hansı ekspert rəyinə əsasən?


İndi isə bütün bu qarışıq məlumatlarda ən maraqlı məqam: "Ona görə də Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsi və Gədəbəy rayonu İcra hakimiyyəti, cavabdeh Əliyev Oktay İbrahim oğluna qarşı "Qanunsuz tikintinin öz hesabına sökülməsi" tələbinə dair iddiasına Gədəbəy Rayon Məhkəməsində baxılaraq, məhkəmənin 02 mart 2015-ci il tarixli 2(041)-129/2015-ci il nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Əliyev Oktay İbrahim oğlu tərəfindən meşə fondu sahəsi hesab edilən Gədəbəy rayonunun Qalakənd kəndi ərazisində, Gədəbəy Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Qalakənd meşəbəyliyinin 21-22-ci kvartalının 13.1-6 bölməsində qanunsuz olaraq divarları mişar daşından, bünövrəsi betondan tikilmiş olan əsaslı tikintilər cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılıb..."


Artıq yuxarıda da qeyd olunduğu kimi, 16 fevral 2015-ci il tarixində Gəncə İnzibati-İqtisadi Məhkəməsi tərəfindən Əliyev Oktay İbrahim oğluna məxsus turizm obyektinin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən sökülməsi ilə bağlı müvafiq qərar çıxarılıb. Belə olan halda, bundan yarım ay sonra, 02 mart 2015-ci il tarixində Gədəbəy Rayon Məhkəməsi artıq sökülüb və mövcud olmayan bir obyektin yenidən sökülməsinə dair necə qərar verə bilir? Rüstəm Nağıyev daha sonra yazır: "O ki, qaldı Ali Məhkəmənin İnzibati-iqtisadi Kollegiyasının 18 iyun 2015-ci il tarixli qərarına. Həmin qərarla Gəncə Apelliyasi Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 14 aprel 2015-ci il tarixli, 2-1(104)-108/2015-ci saylı qərardadı ilə işə mahiyyəti üzrə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilib. Bu isə Oktay Əliyevin məhkəmə prosesini udması demək deyil. Hələ məhkəmə prosesi davam edir..."

İlk növbədə qeyd olunmalıdır ki, bu dolaşıq ifadə ilə müəllif bir daha oxucularda çaşqınlıq yaratmaq məqsədi güdür. Çünki həqqiqəti əks etdirmək üçün bu cümlə belə tərtib olunmalı idi: "Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Oktay Əliyevin kassasiya şikayəti əsasında işə baxmışdır. Kollegiyanın 18 iyun 2015-ci il tarixli, 2-1(102)-755/2015 saylı qərarına əsasən Gəncə Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 14 aprel 2015-ci il tarixli qərardadı ləğv edilmişdir". Bu isə o deməkdir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin iddiaçı Əliyev Oktay İbrahim oğlunun cavabdeh Gədəbəy RİH-nə qarşı iddia tələbini qismən təmin edən, cavabdehdən 66 626 (altımış altı min altı yüz iyirmi altı) manat iddiaçının xeyrinə ödənilməsini nəzərdə tutan16 fevral 2015-ci il tarixli, 2-1(83) saylı qərarı öz qüvvəsində saxlanılmışdır. İşin mahiyyəti üzrə yenidən baxılması üçün Gəncə Apelliyasi Məhkəməsinə göndərilməsi isə o deməkdir ki, Oktay Əliyevin iddiasının hələ tam təmin olunması da mümkündür.
Və sonda Rüstəm Nağıyevin "Bizim Dövr"qəzeti barədə dediklərinə də bir balaca aydınlıq gətirək. "Bizim Dövr" qəzetinin adı Mətbuat Şurasının "qara siyahısı"na salınmayıb. Bizim qəzetin adının həmin siyahıda olmadığına kiminsə şübhəsi varsa rəsmi sorğu verib cavabını da ala bilər".