Azərbaycanda görünməmiş bank rəzaləti – Müştəri didərgin salındı (Sənəd)

“Mən bağda olmayanda qonşularım zəng etdilər ki, əşyalarını çölə tökürlər, özünü çatdır”

"Qərar çıxarılıb ki, evimi özümə qaytarsınlar, amma bank məhkəmə qərarına məhəl qoymur"

Son zamanlar mediada "Parabank"ın fəaliyətindəki çox ciddi nöqsanlarla bağlı müxtəlif xəbərlər dərc edilir.

Bildirilir ki, bank dövlətdən 40 milyona yaxın pul gizlədib, həmin pullar müəyyən müddətlərdə qanunsuz şəkildə dövriyyəyə buraxılıb.

Bir neçə il davam edən bu proses pulun bir qisminin yoxa çıxması və bundan sonra baş verən müəmmalı ölüm hadisəsindən sonra cinayət işinin açılması ilə ifşa olunub.

Bankla bağlı bu tipli xəbərlər ictimaiyyət arasında geniş müzakirələrə səbəb olub.

Belə informasiyaların yayıldığı bir vaxtda AzNews.az-a müraciət edən bank müştərisi "Parabank" haqda ilginc məlumatlar verib.

Redaksiyamıza üz tutan şəxs evini girov qoyub bankdan pul götürərək evsiz qalan Tamella Mahmudovadır.

T.Mahmudova 2010-cu ildə Xəzər rayonunda yerləşən və hazırda maya dəyəri təxminən 200 min dollar civarında olan evini "Parabank"a girov qoyub və bankdan 30 min manat kredit götürüb. Götürülən pulun təxminən 15 min manatını geri qaytarıb. Lakin bir müddət ödənişini gecikdirən müştəri bankın haqsızlığı ilə üzləşib. 3 ay gecikməsi olduğundan bank 2011-ci ildə T.Mahmudovanı məhkəməyə verib.



Zərərçəkən bildirib ki, məhkəmə evin satılması və bankın pulunun tamamının ödənilməsi, satışdan əldə olunan digər pulun isə ev yiyəsinə qaytarılması ilə bağlı qərar çıxarıb: "Lakin bankın hüquqşünası Firidun bəy məni çağırdı, dedi ki, sizin eviniz bizə lazım deyil. Siz ödənişinizi edin, nəyə gücünüz çatır, ödəyin. Bankın pulu tam ödənildikdən sonra, evinizi geri götürün. Belə razılaşdıq və bundan sonra mən banka təxminən 9000 min manata yaxın ödəniş etmişəm. Hər ay nəyə gücüm çatırdı, 300 manat, 500 manat, ödəyirdim. Lakin bir gün mən bağda olmayanda qonşularım zəng etdilər ki, əşyalarını çölə tökürlər, özünü çatdır. Mən Xırdalandan ora çatana kimi, bank işçiləri ilə məhkəmə icraçıları bütün əşyalarımı bayıra atmışdılar. Hətta mətbəx mebelimi də söküb, çıxarmışdılar".

Bankın bu əməlindən dərin sarsıntı keçirən T.Mahmudova Moskvaya üz tutub: "Onların bu hərəkəti mənə o qədər təsir etmişdi ki, başımı götürüb qaçmaq istədim. Özümün pulum da yox idi bilet almağa, Moskvada yaşayan oğluma zəng etdim ki, mənə bilet alsın. Uçdum Moskvaya. Mən də bankın pulunu gecikdirmək istəməzdim. Amma nə edim ki, o pulla iş qurmaq istəyirdim, alınmadı. Müflis oldum. Onun stressi, üstəlik də bankın mənə qarşı bu qanunsuz əməllərindən çox sarsıldım. Uzun müddət Moskvada qaldım. Qayıtmaq istəmirdim. Bir gün zəng etdim qonşuma, dedi ki, evinə kimsə gedib gəlir, deyəsən bura köçmək istəyir. Bankla əlaqə saxladım, mənim qayıdacağımı bilən kimi tez-tələsik sənədləri də öz adlarına keçirtdilər".

T.Mahmudova Bakıya qayıdan kimi bankdan ona bağını hərracda 50 min manata satdıqlarını bildiriblər: "Qanunla mənim evimin hərraca çıxarılmasından xəbərim olmalı idi. Onlar evin satılacağı ilə bağlı mənə heç xəbərdarlıq da etməyiblər. Üstəlik evi 50 min manata satıb, öz pullarını götürüblər, bəs oradan artıq qalan pulu niyə mənə qaytarmırlar? Bundan əlavə, vəkilim maraqlandı, sorğu göndərdi, cavabdan məlum oldu ki, heç bir hərrac keçirilməyib. Bank özü müştəri tapıb və evi satıb. Hərrac saxta olub".



Zərərçəkən Tamella Mahmudova bankı Səbail Rayon Məhkəməsinə verib. 2015-ci ilin mayın 15-də hakim Zaur Əliyevin sədrliyi ilə keçirilən məhkəmə T.Mahmudovanın xeyrinə qərar çıxarıb. Qətnaməyə əsasən müştərinin hüquqları bərpa olunmalı, evə yeni köçən şəxs oradan çıxmalı və banka bağını girov qoyan şəxs oraya qayıtmalı idi. Lakin ev sahibəsi bildirib ki, bunların heç biri olmayıb: "O evdə artıq başqa adam yaşayır. Təxminən 2 ildir ki, oradadır. Zəng edib, məhkəmə qərarı olduğunu deyirik, bizə deyir ki, 200 min verin çıxım. Bildirir ki, bank məni əmin edib ki, Apellyasiya məhkəməsini udacağıq, sən də evdən çıxmalı olmayacaqsan. Belə çıxır ki, "Parabank" artıq məhkəmə ilə danışıb, onlara rüşvət verib və məhkəməni udacağını da əvvəldən bilir".



Bank bağ evini hərracla satdığını iddia edir. Lakin T.Mahmudovanın sözlərinə görə, 2 ildən çoxdur ki, orada yaşayan olsa da, ev hələ də bankın mülkiyyətindədir: "Mən hərracdan sonra da "Parabank"ın hüquqşünası Firidun bəylə görüşdüm. O da bankın etdiklərini qeyri-qanuni adlandırdı. Mən başa düşmürəm ki, o bankda nə baş verir. Bank rəhbərliyi evimi qeyri-qanuni şəkildə satır, öz işçiləri də bunun qanunsuz olduğunu təsdiq edir. İş indi qalıb Appelyasiya məhkəməsinə. Onların çıxaracağı qərardan asılı olaraq biləcəyik ki, kimdir haqlı tərəf".

Nigar
AzNews.az