Yaqut Əliyeva Yaqut Əliyeva

Allahın haqqı

Yaqut Əliyeva



Allah sevgisi qəlblərdədi. Allah sevgisi Vətənini, insanları sevməkdi, yardımlaşmaqdı, xeyirxahlıqdı, mərhəmətdir, elmdir, bir insanı sevindirməkdir, yetim haqqını yeməməkdir, bəndə haqqına girməməkdir...

Allahla aranıza vasitəçi qoymayın. Din sadəcə yaşam tərzidir, əxlaq normalarıdır, mənəviyyatdır. Allahı sevmək dinə bağlı olan hiss deyil. Nə də insanın kamil və ya cahil olması xarici görünüşünə bağlı deyil. Kamillik ruh halıdır. Hər kəs yaşam tərzini, geyimini seçməkdə sərbəstdir və bunun üçün heç bir ayrıcalığı və imtiyazı olmamalıdır. İnsanın ibadəti özü ilə Allah arasındadır və bu əməl göstəriyə yaddır. İbadəti nümayiş etdirdikdə isə onun səmimi olduğu haqlı olaraq şübhə yaradır.

İbadət nədir? İbadət təcrid olunmaq deyil, radikallıq, irfata varmaq deyil. Göstəri deyil, zorakılıq, şiddət deyil. Cəmiyyəti parçalamaq, qarşı-qarşıya qoymaq deyil. Bu cür neqativ hallar aqressiya və dözümsüzlüyü artırır, halbuki dinin görəvi bu deyil və bu cür mənfi tendensiyalar dindən qaynaqlanmamalıdır.

İnsanların könlünü xoş etmək, elm öyrətmək, xəstə ziyarəti, xeyirxahlıq, mərhəmət, yardımlaşma. İbadət həm də budur. İbadət könüllərdədır, görüntüdə, nümayişdə deyil. Və bu ibadət cəmiyyətə yad elementlər gətirməməlidir, mədəniyyət, dünyagörüşü, elm, bilik fərqi yaratmamalıdır. İnsanları psixi təzyiqə məruz qoymamalıdır, çəkingən və fərqli etməməlidir. Misal üçün, hicab bağlayan məktəbli özünü fərqli hiss etməməlidir, uşaqlığını yaşamalıdır, qayğısız, şən və özünə güvənlə böyüməlidir. Özü həyatına məsul olduğunu düşünməlidir, özü öz həyatının sahibi olduğunu düşünməli və qiymətləndirməlidir. Dini baxımdan belə bu yanlışdır, çünki Allah insanı azad iradəli yaradıb. Onun yerinə qərar vermək, onu məsuliyyətdən azad etmək, həm də müti, qorxaq, zəif yetişdirməkdir. Belə insanlar cəmiyyət içərisində, həyatda dözümsüz, inamsız, immunitetsiz olurlar. Halbuki insan həyatda öz ayaqları üstündə dayanmağı bacarmalıdır. Çünki heç kim həyatda heç nədən sığortalanmayıb. Həyatın hər cür üzü var, çətinliyi, büdrəməyi var. İradəsi zəif olanlar daha çox səhv edir və səhvinin içindən çıxmaqda çox böyük çətinlik çəkirlər.

Allah insanı azad iradəli yaradıb və hər kəsə eyni bərabərdə hüquq verib. Özünü mömin, saleh müsəlman adlandıran şəxsin 6-7 yaşlı uşağa hicab bağlaması onun yerinə qərar vermək, onun iradəsini tapdamaq, haqqına girməkdir. Allah: "Mənim hüzuruma qul haqqı ilə gəlməyin", -deyir. İmkan verin özləri qərar versinlər.

Hicab əxlaq ölçüsü ola bilməz. 6-7 yaşlı uşağı əxlaq adı ilə, iradəsi xaricində örtünməyə məcbur etmək olmaz. Bunun özü belə heç bir əxlaqa sığmır, onu qadın gözündə görüb örtünməyə məcbur edən valideynin özünün əxlaqına mənim şübhəm var.

Dində dəvət var, təkid yoxdur.

Dəvətə əli zopa ilə çağrı etdiyiniz zaman isə haqlı olduğunuz halda belə haqsız duruma düşürsünüz. Əlində dəyənəklə sözünü demək istəyənlərin müqəddəs amal uğrunda mübarizə aparmasına inanmaq çətindir. Bu sizi təhlükə mənbəyinə çevirir və cəmiyyət avtomatik olaraq sizi özünə yad ünsür kimi qəbul edir.

Zorakılıq, şiddət heç bir zaman təqdir olunmayan vasitədir.

Ən böyük çağrı – Xeyir əməllərə gəlin! Bundan müqəddəs çağrı yoxdu bəşəriyyət üçün.

Allah İslamı cahil müsəlmandan qorusun.