- Köhnə - Cəmiyyət
- 15 Avqust 2015 13:40
- 12 189
“Bütün cəsarətsizlər məndən qəhrəmanlıq tələb edir” – Müsahibə
“Biz ağılsız, tərbiyəsiz, nəzarətsiz mərhələdən keçib getmişik”
5 yaşı tamam olan "Qafqazinfo"nun baş direktoru Elbrus Ərud "AzNews"un rəhbəri Elçin Zahiroğlunun sallarını cavablandırır:
- Elbrus, bir media quruluşunun yaşı, ona xərclənən vaxt mənim üçün maraqlı olub: "AzNews"un 3 yaşı olduğunu düşünəndə, bu, bəzən bir göz qırpımında gəlib keçən an, bəzən isə böyük zaman kəsiyi kimi gəlir mənə. "Qafqazinfo"nun da 5 yaşıdır. Bu beş il sənin üçün nə qədər məsafədir?
- Tam beş il kimi. Deməzdim ki, bu illər bir göz qırpımında keçib.
- Necə fikirləşirsən, xəbər portalının formalaşması üçün 5 il kifayətdirmi?
- Beş il kifayət qədər böyük rəqəmdir. Düşünürəm ki, nəinki 5 ildə, bir media qurumu və ya hər hansı bir təşkilat özünü bir aya, bir ilə göstərmək gücündə olmalıdır. Bəzən zaman təkcə irəliyə sayım üçün yox, həm də geriyə sayım üçündür. Məsələn, bir təşkilat yaranır, inkişaf edir və müəyyən dövrdən sonra geri getməyə başlayır. O mənada zaman Azərbaycanda heç də yaşının üstə yaş gətirən medianın xeyrinə işləmir.
- Yaxşı məqama toxundun, elə mən də onu soruşacaqdım ki, "Qafqazinfo" yaranan vaxtındakı inkişaf tempi bugünkü durumuyla çox da səsləşmir... Sizdə də geriyə sayım mərhələsi başlayıb, bəlkə?
- Əlbəttə biz, belə deyək, media məkanına gurultuyla gəldik. Amma bu gurultu boş deyildi. Bu da ondan irəli gəlmişdi ki, mən "Qafqazinfo"nu yaratmamış da tanınırdım və öz tirajım var idi. Azərbaycan jurnalistikasında 2005-ci ildən aktiv reportyor kimi fəaliyyət göstərmişəm. O dövrlərdə həm də şeirlər, hekayələr yazmışam, kitabım nəşr olunub. Çalışdığım mətbu orqanlarda başıma gələnləri "Yaza bilmədiklərim" adlı kitabda toplayıb, nəşr etdirmişəm. Azərbaycan Yazıçılar Birliyinin üzvü olmuşam. Yəni mən "Qafqazinfo" ilə müqayisədə, bu proseslərdə daha qədiməm. Hərdən bu sayt, ya qurum mənim balamdır deyirlər, amma bu müqayisələr yersizdir, hər şeyin öz adı var.

- Sualımın geri sayım hissəsini yaddan çıxarmayaq...
- Məncə, geri sayımdan söhbət gedə bilməz. Bilirsən, bu dünyada həm media olaraq, həm insan olaraq hər şeyin öz taleyi var. Düşünürəm ki, "Qafqazinfo"nun taleyi mənimkinə bənzəyir. Çətinliklər, çırpıntılar, hər zaman tətikdə olmaq... "Qafqazinfo" həmişə cənnətlə cəhənnəmin ortasında olub. Bəzən kənardan göz qamaşdıran parıltılar həmişə həqiqəti əks etdirmir. Daxildə problemlərimiz "n" qədər olub. Deməyim odur ki, "Qafqazinfo"nu 1 nömrə saxlamaq heç də asan olmayıb. Bir müsbət cəhət var ki, xoşbəxtlikdən bu sayt doğulan kimi yeriməyə başladı. Uğurlu oldu. Çünki bu işdə təkcə texniki əmək, biznes maraqları olmayıb, həm də ürək olub. Hansı işə ürək qoyursansa, orada mütləq uğur olacaq.
- Bu uğurçün əvvəldən bir resept hazırlanmışdı, yoxsa hər şey iş prosesində əldə olundu?
- "Qafqazinfo" mənim arzularımın təcəssümüdür. İstəyirdim Azərbaycanda elə bir media orqanı olsun ki, hər şeyə münasibət bildirə bilsin. Mən nəyi xəbər kimi görürəmsə, istəyirdim o "Qafqazinfo"da tirajlansın. Bəzən biz baş redaktorlarla, jurnalistlərlə mübahisə edirik, mənə deyirlər ki, filan şey (məsələn ailədə baş verən hansısa münaqişə, ətrafımızda olan hər hansı hadisə) xəbər deyil. Bunun informasiya yükü yoxdur. Amma mən gördüyüm hər şeyi, xəbər hesab etdiyim bütün hadisələri yazdım və "Qafqazinfo"da dərc etdim. Elə fərqimiz də onda oldu. Bu saytı indiki "Qafqazinfo" edən də məhz bu oldu.
Fikrimiz belə idi ki, "Qafqazinfo" Türkiyə mediası formatında olsun. Yəni cəmiyyət nədirsə "Qafazinfo" da bütövlükdə onu əhatə etsin. Bütün varlığımızla çalışdıq.
Düşünürəm ki, mənim çılğınlığım, aza qane olmamağım, bəzən bilərəkdən etdiyim kobudluqlar, nələrisə eşitməzdən gəlməyim "Qafazinfo"nun bu yerə kimi gəlməsinə səbəb oldu. Media təsirsiz fəaliyyət göstərməlidir. Hər deyiləni etsəydim, o zaman "Qafazinfo" olmazdı.
Bəzən dostlar zəng vurur deyir ki, filan hissəni xəbərdən çıxart. Çörək kəsdiyim dostum olsa belə, mən bunu etmirəm. Sual ola bilər ki, niyə bir ton duz-çörək kəsdiyin adamın sözünü yerə salırsan? Ona görə ki, mən "Qafqazinfo"nun işçisinə deyə bilmərəm ki, filankəs mənim dostumdur, onun xahiş ilə filan sözü çıxardaq.
- Xəbərdə güzəşt, xəbər üçün edilən zənglər media rəhbərlərinin ağrılı yeridir... Məsələ bundadır ki, bu güzəşt məsələsində sona qədər prinsipiallıq etmək çox mümkün olmur. Bunun əksini israr etsən, səmimiyyətinə şübhəylə yanaşaram. Adbaad yadımda qalan xeyli sayda güzəşt olunmuş, "abort" edilmiş yazılar var...
- Mənə görə jurnalistika güzəşt olunduğu an bitir. Biz reallıqlardan yox, prinsipiallıqdan, ideallıqdan danışırıq. Güzəşt olmamalıdır. Güzəşt varsa, jurnalistika yoxdur.
- Məncə, güzəştsiz jurnalistika da yoxdur... Sənin dediklərin müəyyən zaman çərçivəsində mümkündür. Həm də bu hökmlə jurnalist kimi çıxış etmək daha rahatdır, amma baş redaktor kimi, rəhbər kimi çətin... Bir daha soruşmaq istəyirəm: "Qafqazinfo" yarananda "xəbəri heç dədəmə də güzəşt etmərəm" demişdin... Bu, indi də belədir? Bəlkə bu, dədənə güzəşt etməmək bəyanatı xəbərə yox, dədənə, qohumuna, dostuna münasibətdir?
- Elçin, təəssüf ki, istisnalar yaranmaqdadır. Məşhur bir fikir var: "Mən həqiqəti bacardığım qədər ifadə edirəm". Son vaxtlar bu fikri bir çox yerdə səsləndirirəm. Bu söz təsəlli deyil, amma həm də təsəllidir. Mən bu gün həqiqəti bacardığım qədər ifadə edirəm. Amma bu, heç də özünü aldatmaq deyil.
Bəzi məsələlərdə güzəşt etmək məcburiyyətindəyik. Mən siyasətlə deyil, xəbərlə məşğulam. Ölkə mühitində xəbər olacaq əhəmiyyətli nə baş veribsə, biz hamısını yazmışıq. Bəzən deyirlər ki, ölkədə fövqəladə hadisə var, onu niyə yazmırsan? Ölkənin reallıqları var. Ortaya çıxan elə obyektivliklər var ki, onu sənin qarşına qoyurlar və deyirlər ki, bu baş verənlər həqiqətən də xəbər deyil, təxribatdır. Görürsən ki, doğrudan da bu, üzdən görünən kimi deyilmiş, əslində, panika imiş. Bu həmin an olmasa da, bir müddət keçəndən sonra cəmiyyətə də aydın olur ki, xəbər kimi gördüyümüz hadisənin altında sadəcə adi küy yatırmış. Bu məsələləri nəzərə alıb, nə yazdığının, nəyi içtimailəşdirdiyinin fərqində olmalısan. Biz ağılsız, tərbiyəsiz, nəzarətsiz mərhələdən keçib getmişik. Mənim üçün əslində qırmızı işıq bir halda yanır, harada ki, Azərbaycanın dövlət maraqları başlayır...
- Cəmiyyət küyü sevir, bəzən hətta adama elə gəlir ki, insanlar küyün aludəçisidir, onlar yalan eşitmək istəyir sanki... Bir müddət əvvələ kimi, "Qafqazinfo" küy gələn tərəflə daha sıx işləyirdi, forum, şərhlər hesabına... Bəs necə oldu ki, belə bir əlaqəni kəsməli oldunuz?
- Bilirsən, cəmiyyət 1 il, 2 il əvvəlki deyil. Məsələn, 2 il bundan əvvəl hansısa yüksək ranqlı məmurun müsahibəsinin altından yazılmayan təhqirlər qalmırdı. Hətta söyürdülər də. Məsələ odur ki, həmin məmur da buna çox normal yanaşırdı. Bəlkə də bunu tənqid kimi qəbul edirdi, ola bilər ki, müxalif mövqe kimi yanaşırdı o şərhlərə. İndi isə o şərhin ikisi getsə, həmin adamlar ya bizim redaksiyanı dağıdar, ya da özünü öldürər.
- Birdən-birə nə baş verdi ki?
- Son bir neçə ildə nəinki bizim, cəmiyyətin, bütün dünyanın maskası cırıldı, reallıqlar, həqiqətlər üzə çıxdı. Həqiqət çılpaq şəkildə ortadadır. Bu dəqiqə heç kimi aldatmaq mümkün deyil. Dünyada Azərbaycanla bağlı oynanılan oyunlar, Azərbaycanın manevrləri, Azərbaycana qarşı münasibət, bir sözlə hər şey çılpaqlığı ilə hamıya aydın oldu. Bu günə qədər siyasət var idisə, bu gün açıq oyun gedir. Yəni indiyə kimi demokratiyanın imitasiyası gedirdisə, indi artıq Ukraynada, Suriyada baş verənlərdən sonra hər şey gün kimi aydın oldu. Demək dünyada heç bir dövlət demokratıyanın peşində deyil.
Biz istəyirdik ki, Azərbaycanda forum mədəniyyəti yaradaq. İnsanlar rahat şəkildə bir-birinə sözünü desin, qarşılıqlı ittihamlar səsləndirsin, dialoqlar aparsın.
Ancaq əksinə oldu. Müxtəlif adlar altında gizlənərək bir-birini təhqir etməyə başladılar. Nə qədər çalışdıq bu halların qarşısını alaq, alınmadı. Mən hər ay şərhlərin oxunmağına 1500 manat pul verirdim. Şərhlər 10 dəqiqə gecikən kimi yazırdılar ki, satıldınız, pul aldınız. Bu forum sayəsində cəmiyyətinin murdarlığını, xəstəliyini gördüm. Etiraz etmək, tənqid etmək istəyirlər, amma şərhdə öz adlarını yazmırlar. Gizlədirlər. Səni qabağa vermək, qurban etmək istəyirlər. Başqa adla mənim köşə yazımın altından ağzına gələni yazır və onu da yayımlamağımızı tələb edirlər.
Səndən qəhrəmanlıq tələb edirlər. Bu cəmiyyətdə isə əslində əsərin qəhrəmanı yoxdur. Özünün cəsarəti çatıb, açıq tənqid edə bilmir, sən o şərhi siləndə isə səni satılmaqda, qorxaqlıqda ittiham edirlər. Mən bu şərhlər məsələsində cəmiyyətin idbarlığının pik nöqtəsini gördüm.
Düzdür, layiqli insanlar var idi ki, normal şərhlər yazırdılar, amma ümumi fon qara idi, üfunətdən ibarət idi.
Haqqında yazı verdiyim insanları nə qədər yola gətirməliydim ki, bu iyrəncliyə dözsün? Axı sənin öz səbr kasan da daşır.
Və nəhayət, anidən şərhləri bağlamağa qərar verdim.
- İnformasiyaya, tənqidə dözümsüzlük məsələsinə toxundun. Fikir vermisənsə, indi bəzi məmurlar, oliqarxlar tənqidlərə qarşı yeni mübarizə forması seçiblər - haker hücumu. Kimin barəsində bir cümlə yazılırsa, hücumlar başlayır. Bizim başımıza bu yaxınlarda açılan oyun dediklərimə misal ola bilər. "Qafqazinfo" kimi "dişli" bir sayt bu hücumlardan necə qorunur?
- Çox dəhşətli məsələdir. Qudurğanlıq, itaətsizliyin açıq büruzə verilməsidir. Onu deyim ki, "Qafqazinfo" Azərbaycanda ən çox hücuma məruz qalan saytlardan biridir. Təbii ki, ölkəmizdə İT sahəsi yeni yaranmış bir sahədir. Peşəkarları da tapmaq üçün gərək xeyli pul xərcləyəsən. Demək olar ki, hər iki aydan bir saytımıza hücumlar olub. "Sayt açılmır" sözünü eşidəndə mənim həyatım alt-üst olur. Elə vaxt olub ki, saytın bütün bazasını siliblər. Bu sahədə çox ümidsizliyə qapılmışam. Çox gərgin yol keçmişik. Bir dəfə çox pis vəziyyətdəydik, sayt dağıdılmışdı, Elnurla (Məmmədli – red.) üzümüzü əlimizin içinə alıb oturmuşduq. Birdən azan verildi, baxmayaraq ki, heç birimiz ibadət əhli deyilik, içki içirik, dedim gedək namaz qılaq. Həqiqətən məscidə getdik, namaz qıldıq, Allaha yalvardıq ki, bizi məyus etməsin. O mənim tanrıya hələlik son müraciətim olub.
Tanrıdan tək bir istəyim o olub ki, məni rüsvay etməsin. Tanrıya müraciət cibində pulun qurtaranda yada düşmür, yalnız tanrıya ehtiyacın olanda düşür. Mən həmişə tanrıya sığınmışam.
- Əgər işlər duadan keçirsə, ümumi Azərbaycan mətbuatı üçün də məscidə gedin, məncə...
- Azərbaycan mətbuatı ilə bağlı məsələ artıq dualıq deyil. Bunu bütün Azərbaycan mətbuatını nəzərdə tutaraq deyirəm. Bizim məsələ artıq duadan keçib...
- İndi məni daha çox narahat edən media qurumlarının apardıqları şəxsi intriqalar, baş redaktorların bir-birini qırması və ən pisi isə bu işə işçiləri qoşmaqdır. Baş redaktorlar jurnalistləri işə həm də öz şəxsi "laykçıları", "döyüşçüləri", müdafiəçiləri kimi götürürlər. Buna görə də baş redaktorların "döyüş"lərində neçə-neçə layiqli, istedadlı jurnalistləri "şəhid" vermişik.
- Redaksiyalar arası mübarizənin qurbanına çevrilən jurnalistlərə mənim yazığım gəlir. O adamlar istedadsız adamlardır. Çünki istedadlı adam heç vaxt özündən bu şəkildə istifadə edilməsinə icazə verməz. Ancaq maaşından olmaqdan qorxanlar baş redaktora sığınırlar. Daha böyük adamlara sığınmaq bir az başa düşüləndir. O adamlar ki, bütün günü redaksiya rəhbərinin postunu "like" etməklə məşğuldur, onlardan ciddi nəsə gözləmək olmaz. Elə adamlar tanıyıram ki, bütün günü baş redaktorunu izləməklə məşğuldur ki, o "Facebook"da nəsə yazan kimi bəyənsin. Bunu etməsə özünü günahkar hesab edir.
Bu həmin jurnalistlərin istedadsızlığından əlavə, həmin redaktorların yaratdığı mühitlə əlaqəlidir. İşçisinin ona yaltaqlanmasını arzulayan baş redaktorların redaksiyasında belə vəziyyətlər müşahidə olunur. Özünə hörmət edən media rəhbəri işçisinin onu tərifləməsini qadağan etməlidir.
Bu təriflə maaş qazanan, yüksələn adamlar var.
Ən pisi də odur ki, onların içərisində bizim tanıdığımız böyük jurnalist ordusu var. Belə hadislərin hamısı "Qafqazinfo" mühitindən uzaqdır. Biz hansı düşüncənin, hansı əxlaqın, hansı tərbiyənin, hansı zövqün sahibiyiksə, bizim yazdıqlarımız, bizim rəhbəri olduğumuz onu əks etdirəcək. Hamının öz mətbu orqanı onun özünə oxşayır.
- "Qafqazinfo" da sənə oxşayır?
- Bəli, tamamilə.
- Amma məncə, sənin rəngin "Qafqazinfo"nun rəngindən daha tünddür...
- Mənim oğlum mənə oxşaya bilər, amma o, mənim imzamı, məsuliyyətimi daşımır. Hər kəs özünə cavabdehdir. "Qafqazinfo" da elədir. Bura böyük bir orqanizmdir, ictimai proseslərdə, xəbər siyasətində, xəbər bazarında "Qafqazinfo" tək özündən asılı deyil. Tərəflər var, opponentlər var. Yeni yaranan hansısa saytın "Qafqazinfo"ya birbaşa aidiyyəti var.
Çox təəssüf ki, bu gün yumşaq medialar yaranmağa başlayıblar. Yumşaq medialar "Qafqazinfo"nu öz rəngini dəyişməyə məcbur edir.
- Yəni çox seçilməmək üçün tündlüyünü azaltmağa məcbur olursan....
- Bəli. Əslində, etiraf etməliyəm ki, mən özüm də 5 il əvvəlin rəngində deyiləm. Burada bir az yaşa dolma, bir az oturuşmuş münasibətlər, bir az dostların sayının artması da rol oynayır. Jurnalistin dostu varsa, o artıq obyektivliyini itirir.
- "Qafqazinfo"ya görə neçə dostunu itirmisən?
- Sən də mənim dostumsan, çox məsələlərdən xəbərdarsan. Bilirsən ki, kiminsə küsüb getməyi həmin adamın dözümsüzlüyü, qeyri-obyektivliyi, xəbərə səhv baxışı ilə bağlı olub. Yəni gedən adamlarçün çox da təəssüflənmirəm. Mən "Qafqazinfo"ya görə nəinki dostlarımı, çox şeyi itirmiş ola bilərəm. Həmişə deyirəm ki, bir gün özüm də xəbərin qurbanı olacağam. Amma daha çox qazanmışam. Dostlar da itibsə, obyektivlikdən itməyiblər. Onlar mənə inanmalıydılar. Elə situasiya olub ki, axşam evimə gəlib, yeyib-içmişik, səhər gedib haqqında yazı yazmışam, zəng edib mənə deyib ki, sən necə kişisən, sənin namusun, qeyrətin yoxdur?
Mən bunların hamısına xəbər xətrinə dözmüşəm. Xəbər bunların hamısından üstündür mənə. Xəbərdən aldığın adrenalini dünyada heç nə ilə əvəz edə bilməzsən. Narkotikin həzzini çox tərifləyirlər ki, onu heç nə əvəz edə bilməz.
Bir narkoman jurnalist olsaydı, soruşardıq görək xəbərinmi ekstazı güclüdür, yoxsa narkotikin? Mənim dərimin altı da informasiyadan qidalanır.
Xəbər görə ağlayan insan ola bilərmi? Onun verdiyi ehtirasa, temperamentə, cuşa gətirməsinə bu qədər aludə insan varmı? Mən informasiyadan ehtiraslanıram.
- Xəbərə bu qədər aludəçilik haradandır səndə? Bu əxlaq, bu dünya görüşü necə formalaşıb? Bizdə xəbərə bu münasibət ənənəsimi deyim, məktəbimi deyim, yoxdur axı... Böyükləri Sovet hökuməti kimi xəbərsiz bir cəmiyyətdə yaşayan, özü Biləsuvarın çöllərində doğulan adamda xəbərə, informasiyaya bu cür münasibət necə formalaşa bilər, anlamaqda çətinlik çəkirəm...

- O mənim arzularımdır, mənim sərhədsizliyim, xəbər tərbiyəsizliyim deyil, jurnalistika arzularımdır. Mən bu sahəni elə görmək istəyirəm. Paparazziliyi ən yüksək səviyyədə inkişaf etmiş görmək istəyirəm. Ona görə elə görünməyə, heç olmasa formasını yaratmağa cəhd edirəm. İnsanlar yazdığın xəbərə görə sənə zəng etməməlidir. Azərbaycan jurnalistika ənənəsi hər il dəyişir. Məsələn 10 il əvvəl jurnalistika daha qlobal əhəmiyyət kəsb edirdi. İndi jurnalistlər əl çatan olub.
Ölkəmizin balaca olması, adamların az qala hamısının tanış çıxması jurnalistikanın inkişafına mane olur.
Online mediada vəziyyət lap pisdir. Yazırsan, yarım saat sonra çökürlər boğazına ki, çıxart. Yaxud da yalvarırlar, deyir həyatım dağılır. Çalışıram izah edəm ki, informasiyadır bu, ona dəymək olmaz. Xəbəri qorumaq lazımdır. Cəmiyyətimiz də xeyli xəbərləşmiş, informasiyalaşmış cəmiyyətdir. Amma eyni zamanda cəsarətsizdirlər. Bir yaxşı söz var, cəsarət kişinin istedadıdır. Bizim ən böyük problemimiz cəsarətsizlikdir, ürəksizlikdir. "Qarabağ"ın son oyununda nə baş verdi. Hər şey var idi cəsarət, topu vura bilmək yox idi. Oyunçular topu bir-birinə ötürməklə məşğul idi. Biz cəmiyyət olaraq da "topu" bir-birimizə atmaqla məşğuluq.
- "Müştəri həmişə haqlıdır", misalına dönməsin, oxucu həmişə haqlıdır. Oxucunun cəsarətsizliyi, ittihamları, şübhələri bəlkə mətbuata inamsızlıqla bağlıdır. Oxucu bir informasiyanın səhihliyini bilmək üçün az qala medianın mətbəxini tam öyrənməlidir. Yüksək vəzifəli şəxslərin, nazirlərin yaratdıqları, himayə etdikləri mediaya oxucu əlbəttə ki, şübhəylə yanaşacaq. Hansısa məmurun marağına xidmət edən media necə obyektiv xəbər yaya bilər?! Tutalım, hansısa bir xəbəri dəqiqləşdirmək üçün gərək mütləq o xəbərin getdiyi saytın kimə məxsus olduğunu da öyrənəsən. Oxucu bilmir, verilən informasiya, kiminsə marağına xidmət üçün verilib və ya kimisə ifşa etmək üçün uydurulub, yoxsa sadəcə doğru xəbərdir...
- Məmurların maraqlarına xidmət edən saytların sonu yoxdu. Bu sahədə xərclənən bütün vəsaitlər özünü aldatmadan başqa bir şey deyil. Bu, özünü qoruma instinktidir. Heç bir sayt tutaq ki, Ziya Məmmədovu qorumaq gücündə deyil. Medianı güclü edən amil, peşəkarlıqdır. Peşəkarlıq yoxdursa, pul ilə uğur qazanmaq olmaz. Əgər o məmur ziyalıdırsa, elə yaxşı işləsin və cəmiyyətdə daha müsbət reputasiyaya sahib olsun. Sayta xərclədiyi pulu öz imicinə xərcləsin. Oliqarx kimi, media bossu kimi görünməsin. Yeri gəlmişkən, prezident jurnalistlərlə son görüşündə deyib ki, xarici dillərdə fəaliyyət göstərən saytlar yaradılmalıdır. İndi bəzi fürsətçillər yüzlərlə belə sayt açıb, gedib çökəcəklər hökumətin boğazına ki, prezident tapşırıq verib. Prezident deməyib ki, kadrsız, potensialsız sayt yarat. Bu ölkədə polis bölməsində baş verən kriminalı sən yaza bilmirsən, durub ingiliscə sayt açırsan. Kimi dolayırsan sən? Bu imitasiyalar, alverlər dayanmalıdır. Sənin yazdığını öz dilində oxuyan yoxdursa, ingilis dilində nə yazacaqsan?
Deyirlər niyə "Qafqazinfo"nin ingilis versiyasını açmırsan. Mən özüm ingiliscə bilmirəm axı. Bilməməkdən əlavə, Azərbaycan dilli versiyasını yarıdım, öhdəsindən gəlim, sonra düşünərəm. Mən redaksiyada bir fotoqraf saxlaya bilmirəm. Redaksiyada kompüterləri hər ay format etdirməklə keçinirəmsə, ingiliscə yalandan bir "Qafqazinfo" yaradım, nəyimə lazımdır? Bəs oxucum kim olacaq? Fars dilində, ərəb dilində versiyaları olan saytlar var. Gəlin maraqlanaq görək, bu dildə fəaliyyət göstərən saytlar nə işlə məşğuldurlar? Havayı yerdən pullar göyə sovrulur. Bu pulu yatırın Azərbaycan versiyasının üstünə, inkişaf etdirin. Biz özümüz özümüzü daha çox aldadırıq, nəinki başqaları. Bu özünü aldatmaqlar bizi məğlubiyyətə aparacaq.
- Bəzən sən də elə təlatümlər baş verir, elə əhvala köklənirsən ki, düşünürəm bu dəqiqə "Qafqazinfo"dan getməyini bəyan edəcəksən. Bu baş verə bilər?
- Ailə quranda mənə sual verdilər ki, niyə ailə qurdun? Mən də cavab verdim ki, öz azadlığımdan iyrəndim. Eyni şey "Qafqazinfo"da da ola bilər. İyrənib gedə bilərəm. Tək "Qafqazinfo" dan yox, xəbər camiəsindən gedərəm.
- Yəni təkcə "Qafqazinfo"dan yox, bütünlükdə Qafqazdan?
- Yox, Azərbaycandan gedə bilmərəm. Bu heç cür mümkün deyil.
Hazırladı: Nigar ETİBAR
Foto: Orxan ƏZİM




.jpg)