DİN MASKASI VƏ “KƏRİMƏ” XƏYALI

Son vaxtlar çoxlarından eyni sözləri eşidirəm:
“Biz heç bilməzdik ki, ölkəmizdə İranı bu qədər dəstəkləyən var.”
Əslində isə bu yeni hadisə deyil.
Onlar dünən də aramızda idilər. Sadəcə maskalı idilər.
Bu maskanın adı isə din maskasıdır.
İllər boyu iman, məzhəb və müqəddəslik haqqında danışaraq cəmiyyətə nüfuz etdilər. Özlərini guya dini dəyərlərin müdafiəçisi kimi göstərdilər. Amma məqsəd iman deyildi — məqsəd siyasi ideologiya idi.
Çünki bəzi dairələrin arzusu təkcə dini təbliğ etmək deyildi. Onların xəyalı Azərbaycanda İran tipli dini hakimiyyət qurmaq idi.
Bunu müxtəlif şüarlarla, müxtəlif dini terminlərlə gizlədirdilər. Bəzən bu ideyanı “Kərimə dövləti” kimi təqdim edirdilər — yəni guya İslamın hakim olduğu bir dövlət. Lakin belə çağırışlar Azərbaycanın mövcud konstitusiya quruluşunu dəyişdirməyə yönəlmiş radikal ideyalar kimi qiymətləndirilib və hüquq-mühafizə orqanlarının əməliyyatları zamanı bu cür planların təbliğ olunduğu da ortaya çıxıb.
Deməli, məsələ sadəcə dini inanc deyildi.
Məsələ dini siyasi alətə çevirmək idi.
Onlar bilirdilər ki, açıq şəkildə danışsalar, cəmiyyət qəbul etməz. Ona görə də maska taxdılar.
Din maskası.
Bu maska ilə həm etibar qazanmaq, həm də gerçək niyyətlərini gizlətmək istəyirdilər.
Amma tarix göstərir ki, maskalar əbədi deyil.
Millət ayıldıqca maskalar düşür.
O zaman məlum olur ki, iman adı ilə danışanların hamısı iman adamı deyil.
Bəziləri sadəcə özgə siyasi layihələrin daşıyıcısıdır.
Ona görə də hər kəs öz ətrafına diqqətlə baxmalıdır.
Çünki bəzən ən gur “iman” şüarının arxasında ən səssiz siyasi layihə gizlənir.
Maskanı görmək üçün isə bir şey lazımdır:
ayıq düşüncə.

Düzgün Atalı