Cənubi Koreyadan Hörmüz böhranına qarşı addım: Əlavə daşınma xərclərinə vergi güzəşti

Cənubi Koreya hökuməti Hörmüz boğazında yaranan böhran səbəbindən artan daşınma xərclərinə qarşı yeni tədbirlər açıqlayıb.

Yonhap Xəbər Agentliyinin yaydığı məlumata görə, ölkənin gömrük məsələlərinə cavabdeh qurumu boğazdakı ləngimələrə görə marşrutunu dəyişən və əlavə daşınma xərcləri yaranan idxal məhsulları üçün gömrük güzəştləri tətbiq edəcək.

Qərara əsasən, marşrutu dəyişdirilən gəmilərdən alınan əlavə daşınma ödənişləri gömrük vergisindən azad olunacaq.

Bildirilir ki, bu tədbir 1 mart tarixindən etibarən daşınma xərclərində ciddi artım yaşayan və Hörmüz boğazındakı problemlər səbəbindən alternativ marşrutlardan istifadə etməyə məcbur qalan idxal məhsullarına şamil ediləcək.

Güzəştlərdən Yaxın Şərqdən çıxan alternativ marşrutlu gəmilər, təcili hava yük daşımaları və münaqişə səbəbindən boğazda ilişib qalan gəmilər də yararlana biləcək.

Qeyd olunub ki, güzəştlər yalnız standart daşınma haqlarını deyil, həmçinin gözləmə ödənişləri və yük sığortası xərclərini də əhatə edəcək.

Mövsüm,

AzNews.az