Müdafiə Nazirliyi: Erməni əsgərlər bir-birini güllələdi

Müdafiə Nazirliyi Azərbaycan ordusunun cəbhədə itki verməsi haqda məlumatları təkzib edib.

AzNews.az xəbər verir ki, nazirliyin mətbuat xidmətindən Report-a bildirilib ki, Ermənistan elektron kütləvi informasiya vasitələri Azərbaycan Silahlı Qüvvələrinin guya diversiya keçirərək cəbhədə itki verməsi barədə növbəti dəfə yalan və dezinformasiya xarakterli məlumat yayıblar:

"Bu dəfə də Ermənistan tərəfi ənənəsinə sadiq qalaraq öz hərbi bölmələrində nizam-intizamsızlıq səbəbindən hərbçiləri arasında baş verən atışmanı xalqdan gizlədərək həqiqəti çatdırmaqdan çəkinir və buna bənzər xəbərlər yaymaqla narazı ictimaiyyəti sakitləşdirməyə cəhd göstərir".

Nazirliyin yaydığı məlumatda qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xəttində heç bir fəaliyyət həyata keçirməyib, itki verməyib və əməliyyat şəraitinə tam nəzarət edir.