Şəki camaatının evini tərk etməsi xəbərinə İH-dən - Reaksiya

Zəlzələ zamanı xəsarət alma ilə bağlı Şəki Rayon Xəstəxanasına və Təcili Tibbi Yardıma müraciət edən olmayıb.


Bunu AzNews.az-a açıqlamasında Şəki rayon icra hakimiyyətinin başçısının köməkçisi Ziya Vəliyev deyib.

Z.Vəliyev vətəndaşların evlərini tərk etməsi ilə bağlı xəbərlərə də aydınlıq gətirib: "Bəzi saytlar bu məsələni şişirdir. Əlbəttə ki, təlaşın olması təbiidir. Kimsə qorxu hissi keçirə bilər. Amma hər hansı dağıntı və insan tələfatı yoxdur. Episentrə yaxın bəzi kəndlərdə zəlzələ daha çox hiss olunub. O da rayon mərkəzindən 29-30 km cənub şərqdə yerləşir. Belə ki, Qaratorpaq kəndi, Bolludərə kəndi və Turan qəsəbəsində 6-7 bal gücündə zəlzələ olub.

Həmin ərazilərin evlərində bəzi çatlar yaranıb. Hazırda həmin evlərə baxış keçirilir. Amma dəqiq sayı barədə məlumat yoxdur. Komissiya üzvləri həmin ərazilərə baxış keçirir. Neçə evə ziyanın dəydiyi ilə bağlı proses davam edir".


Qeyd edək ki, bu gün Azərbaycan ərazisində güclü zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində qeydə alınıb. Zəlzələ episentrdə 7 bal olub. Ətraf rayonlarda isə 6-5 bala qədər hiss olunub.

Sevinc Yasinqızı
AzNews.az