Noyabrın 1-də Azərbaycanda növbəti, sayca 5-ci çağırış parlament seçkiləri keçiriləcək. Noyabrın 1-də Azərbaycanda növbəti, sayca 5-ci çağırış parlament seçkiləri keçiriləcək.

Tanınmış vəkillərdən kimlər namizəd olacaq? - Açıqlamalar

Noyabrın 1-də Azərbaycanda növbəti, sayca 5-ci çağırış parlament seçkiləri keçiriləcək.


Demək olar ki, bütün siyasi partiyalar öz namizədlərinin siyahısını açıqlayıb. Siyasi partiyalarla yanaşı bir çox tanınmış şəxslər də seçkidə iştirak edəcəyini bəyan edib. Ötən illərdə seçkidə namizəd olan tanınmış hüquq müdafiəçilərindən kimlər yenidən seçkidə iştirak edəcək?

AzNews.az bu sualla bir neçə hüquq müdafiəçisinə müraciət edib.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquqşünas Çingiz Qənizadə AzNews.az-a açıqlamasında hələ ki namizədliyini irəli sürmədiyini bildirib: "Vaxta var. Parlamentdə işimiz yeni başlayıb. Müzakirə olunası xeyli məsələlər, komitəyə çıxarılası sənədlər var. Yəqin ki, yaxın bir həftə ərzində hansı dairədən namizədliyimi verəcəyimi müəyyənləşdirəcəm. Keçən ilki seçkidə 80 saylı İmişli-Beyləqan Seçki Dairəsindən namizədliyimi irəli sürüb qalib gəldim. Hələlik daha çox həmin dairədən namizədliyimi irəli sürmək fikrindəyəm. Hesab edirəm ki, seçicilərimlə kifayət qədər görüşlər keçirə bilmişəm. Demək olar ki, həmin dairədə seçicilərlə 200-dən çox görüşlərim olub. Həmin dairə ümumi 50 kəndi əhatə edən ərazidir. Hesab edirəm ki, eyni dairədən namizədliyimi irəli sürsəm, daha çox uğur qazanmaq ehtimalım var. Amma yenə də tam qəti qərarımı bir neçə gün ərzində müəyyənləşdirəcəm".

"Hüquqi Dövlət" Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışov seçkidə iştirak etməyəcəyini deyib: "Sonuncu dəfə 2005-ci ildə 19 saylı Nərimanov Seçki Dairəsindən namizədliyimi vermişdim. Bu ilki seçkilərdə isə iştirak etməyəcəm".

Hüquqşünas Anar Qasımlı parlament seçkisində namizədliyini irəli sürəcəyini deyib: "2010-cu ilin parlament seçkilərində 125 saylı Zəngilan-Qubadlı Seçki Dairəsindən namizədliyimi irəli sürmüşdüm. Bu il isə namizədliyimi 42 saylı Sumqayıt İkinci Seçki Dairəsindən verəcəm".

Vəkil Adil İsmayılov seçkidə iştirak etməyəcəyini bildirib: "Bu ilki parlament seçkisində namizədliyimi irəli sürməyəcəm. Artıq qocalmışam. Qoy cavanlar namizədliyini versin".

Hüquqşünas Aslan İsmayılov hələ ki, qərar vermədiyini deyib: "Hələ fikrimi tam dəqiqləşdirməmişəm. Hansı dairə üzrə namizədliyimi verəcəyimi də müəyyənləşdirməmişəm. 2010-cu ildə 20 saylı Nərimanov İkinci Seçki Dairəsindən namizədliyimi vermişdim. Bu il yenidən həmin dairədən namizədliyimi verməyim dəqiq deyil. Ola bilsin ki, başqa dairədən verim. Hələ seçkilərdəki iştirakım dəqiq deyil".

Vəkil Osman Kazımov seçkidə iştirak edəcəyini bildirib: "Bu ilki seçkidə Müsavat Partiyası mənim 84 saylı Füzuli Seçki Dairəsindən namizədliyimi irəli sürüb. İlk dəfədir ki, seçkidə namizəd oluram".

Sevinc Yasinqızı
AzNews.az