İcra başçısı növbəti səyyar görüş keçirdi - Foto

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin növbəti səyyar qəbul-görüşü Bala Bəhmənli kəndində keçirilib.


AzNews.az xəbər verir ki, görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini, vətəndaş müraciətlərinə həssas münasibət göstərildiyini bildirib. Cəbhə bölgəsində yerləşən Füzuli rayonunda ictimai nəzarətin yüksək səviyyədə olduğunu qeyd edən Alı Alıyev vətəndaşların müraciətlərinin təkcə onların problemlərinin həllinə deyil, eyni zamanda ölkənin inkişafına da təkan verən əsas amillərdən biri olduğunu vurğulayıb.

Alı Alıyev deyib ki, Bala Bəhmənli kənd sakinlərinin işıq, su, qaz, yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər.

Kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir, torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar sahəsi, Su-Kanal idarəsi və digər xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.

Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.