Prezidentin Kürdəmir səfəri davam edir - Yeni uşaq bağçası açıldı

Azərbaycan prezidenti İlham Əliyev Kürdəmir rayonuna səfər edib.


AzNews.az-ın məlumatına görə, dövlət başçısı əvvəlcə rayon mərkəzində Heydər Əliyev adına parkda mərhum prezidentin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov prezident İlham Əliyevə həmin parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.

Daha sonra İham Əliyev Kürdəmir şəhərində Bayraq Meydanının açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb. Dirəyin yerləşdiyi üst meydançada dövlət himninin, dövlət gerbinin və Azərbaycanın xəritəsinin təsvirləri yerləşdirilib.

Dövlət başçısı Bayraq Meydanının rəmzi açılışını bildirən lenti kəsib.

Qeyd edilib ki, meydanın tikintisinə 2014-cü ildə başlanılıb. Beş hektar sahədə yerləşən Bayraq Meydanının ərazisində geniş abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılıb. Meydanda Bayraq Muzeyi inşa edilib, rayon gənclərinin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə gənclər kafesi inşa olunub. Burada, həmçinin idman qurğuları meydançası, velosiped zolağı salınıb.


***
15:54

Prezident İlham Əliyev Kürdəmirdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 100 yerlik körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Dövlət başçısı əvvəlcə binanın rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, binanın inşasına 2014-cü ilin mayında başlanılıb. İkimərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin həyat və fəaliyyətini əks etdirən fotoguşələr yaradılıb. Burada geyinib-soyunma, oyun, yataq, kompyuter otaqları, idman, musiqi və gimnastika zalları fəaliyyət göstərəcək. Bundan başqa, binada tibb və müəllimlər otaqları da var. Körpələr evi-uşaq bağçasında 30 nəfər pedaqoji işçi çalışacaq.

Bağçanın ərazisində dekorativ hasar çəkilib, yaşıllıq zolağı salınıb, gül kolları əkilib, 2 yay çardağı, attraksion meydançası quraşdırılıb. Ümumi sahəsi 1200 kvadratmetr olan bina havalandırma sistemləri, camaşırxana, transformator yarımstansiyası, nasosxana ilə təchiz olunub.

AzNews.az