“Şayiələrin qarşısını almaq üçün qayıtdım” - Hacı Qalib

AzNews.az xəbər verir ki, hakim Yeni Azərbaycan Partiyasının namizədliyindən imtina etdiyi deputat Qalib Salahzadə “Qafqazinfo”nun suallarını cavablandırıb.


- Məlumat yayılıb ki, siz Həcc ziyarətini yarımçıq qoyub Bakıya qayıtmısınız...

- Həcc ziyarətini yarımçıq qoymamışam. Ziyarətin əsas əməllərini yerinə yetirmişəm. Özümə orda naib tutmuşam. Mən gördüm ki, burda mənim adımı bəzi məsələlərdə hallandırırlar. Qərara gəldim ki, Bakıda olum. Hansısa suallar yarananda hamısına özüm cavab verim. Camaatın hərəsi bir şayiə yayır. Bu şayiələrin qarşısını almaq üçün mən Ərəfatda dayanmaq üçün özümə naib tutub Bakıya geri qayıtdım. Heç bir problem yoxdur. Hər şey qaydasındadır.

- Bildirilir ki, ziyarəti ona görə yarımçıq qoymusunuz ki, yenidən deputat seçilmək arzunuz var. Bunun üçün də partiya ilə danışıqlar aparacaqsınız. Bu belədirmi?

- Mən heç bir danışıq aparmıram. Partiya necə məsləhət bilibsə, mən də ona əməl etməliyəm. Mən partiyanın sözündən çıxan deyiləm. Özbaşına da namizədliyimi verməyəcəm. Mənim yaşım o yaş deyil ki, durum cavanlıq edim. Yenə hansısa məsləhətlər olsa, o başqa məsələ. Partiyanın əsgəriyəm, borcumdur ki, generalın əmrlərini icra edim.

- Deyirlər ki, sizin partiya tərəfindən namizədliyinizdən imtina edilməsinin səbəblərindən biri də hakimiyyətin şeyx Allahşükür Paşazadə ilə münasibətlərinin gərgin olmasına görədir...

- Şeyx həzrətləri möhtərəm prezidentimizin ən yaxın dostudur. Rəhmətlik atasının da ən yaxın dostu olub. Bunlar hamısı şayədir. Kimin ürəyi nə istəyirsə yazır, demokratiyadır. Mən şahidiyəm ki, Allahşükür Paşazadə necə prezidentimizin dostudur və öz çıxışlarında da bunu dilə gətirib.

- Yuxarıda qeyd etdiniz ki, öz yerinizə naib qoyub geri qayıtmısınız. Dində bu məqbul hesab edilirmi?

- Bəli, şəriətdə belə bir məqam var. Mən istəsəydim, buradan gedəndə özümlə hacı olan adamı naib apara bilərdim. Naib heç omasa bir-iki dəfə Həcc ziyarətində olan şəxs olmalıdır. Həccdə olan yaşlı insanlar imkanları varsa, bunu edə bilərlər. Şəriətdə var ki, sən öz yerinə naib tuta bilərsən. Həccin əməllərini etmişəm, qalanlarını da elətdirmişəm. Çox hörmətli bir din xadimi hazırda mənim yerimə bu əməlləri yerinə yetirir.

- Sizin bu növbəti dəfə Həcc ziyarətində olmağınız yenə də müzakirələrə səbəb oldu. Artıq 27 dəfədir ki, Həccdə olmusunuz. Bu ziyarətdə olmaq elə də asan deyil, xərcləri çoxdur. Siz hər dəfə bu çəkdiyiniz bu qədər xərcə burada çox işlər görə bilərsiniz...

- Mən həyatımda o qədər işlər görmüşəm ki. Hamısı üçün nə etmişəmsə, xoş halalları olsun. Mən heç vaxt onları dilimə gətirməmişəm və gətirməyəcəm də. Ona görə ki, adam bir şey edəndə Allah üçün edir. Kim istəyirsə, mənim fəaliyyətimə 55 versin, kim istəyirsə 5, ya 2 versin. Mən onları qəbul edən deyiləm. Mənə Allah elə bir şey qismət edib ki, 27 dəfə Həccdə olmuşam. Bundan əlavə, mən Kəbə evinin içərisində olmuşam. Kəbə evinin içində türk xalqlarının və müsəlman dövlətlərinin başçıları içərisində yalnız cənab prezidentimiz İlham Əliyev üç dəfə olub. Bunu cənab prezidentimizə Allah qismət edib. Bu da böyük xoşbəxtlikdir.