Baş Prokurorluq əməkdaşları jurnalist İslam Şıxəlini dindiriblər. Baş Prokurorluq əməkdaşları jurnalist İslam Şıxəlini dindiriblər.

Baş Prokurorluq daha bir jurnalisti dindirdi

Baş Prokurorluq əməkdaşları jurnalist İslam Şıxəlini dindiriblər.


AzNews.az-ın Azadlıq Radiosuna istinadən verdiyi məlumata görə, bu gün onların əməkdaşları jurnalist İslam Şıxəlini Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindiriblər.

Bu barədə Azadlıq Radiosuna jurnalistin özü məlumat verib.

Ona dindirilməsinə səbəb kimi "Meydan TV"nin işi ilə bağlı aparılan araşdırma olduğunu deyiblər. Jurnalist bildirib:

"Mənə "Meydan TV" ilə bağlı suallar verildi. Soruşdular ki, "Meydan TV"nin ilə kiminlə əməkdaşlıq edib-etmədiyini bilirəmmi? Daha sonra "Azadlıq Radiosu", mənim bu radiodan məvacib alıb-almamağım, yaşadığım ünvanla bağlı suallar verdilər. Nəyə görə ailəmin yanında deyil, kirayədə yaşadığımı soruşdular. Qazancımı, necə dolandığım barədə də sual verdilər".

Sentyabrın 26-da Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları bu gün prokurorluq tərəfindən dindirilən İslam Şıxəlinin kirayədə qaldığı mənzildə axtarış aparmışdılar.

Mənzilə baxış keçirmək üçün təqdim olunan məhkəmə qərarında axtarışın külli miqdarda maliyyə vəsaiti əldəetmə və vergidən yayınma ittihamları ilə bağlı olduğu göstərilib.

Axtarışın gedişində mənzildə olan texniki avadanlıq - kompyuter, kamera, mikrofon, mobil telefon, eləcə də bank qəbzləri və başqa sənədlər götürülüb. İslam Şıxəliyə aid şəxsiyyət vəsiqəsi, hərbi bilet və s. götürülsə də, xarici pasportu çıxmaqla, ona məxsus şəxsi sənədlərin hamısı qaytarılıb.

Axtarış aparılan zaman mənzildə İslam Şıxəlinin özü yox, dostu Orxan Rüstəmzadə olub.

Axtarışdan sonra jurnalistin dostu Orxan Rüstəmzadə dindirilmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə aparılıb, ona harada işləməsi, necə pul qazanması və s. barədə suallar verilib.