“10 yaşlı övladımızı itirmişik. Valideyn üçün bundan ağır dərd yoxdur. Dəniz yeganə qız övladımız olub. “10 yaşlı övladımızı itirmişik. Valideyn üçün bundan ağır dərd yoxdur. Dəniz yeganə qız övladımız olub.

Hər yerə yazacağam, şikayət edəcəyəm - Övladını itirmiş rejissor

“10 yaşlı övladımızı itirmişik. Valideyn üçün bundan ağır dərd yoxdur. Dəniz yeganə qız övladımız olub.


Sentyabrın 29-u doğum günü idi, məzarını ziyarətə getmişdik. Bu faciədən il yarım vaxt ötüb, amma Bakı Oksford Məktəbinin və Qobustandakı "Hər fəsil" istirahət mərkəzinin əməkdaşları hələ də məsuliyyətə cəlb olunmayıblar. Övladımın faciəli şəkildə həlak olmasında birbaşa məsuliyyət daşıyanlar niyə məsuliyyətdən kənarda qalmalıdır?"

AzNews.az xəbər verir ki, bunu virtualaz.org saytına açıqlamasında ötən il may ayının 23-də Qobustan rayonundakı "Hər fəsil" istirahət mərkəzindəki attraksionda baş vermiş faciəvi hadisədə dünyasını dəyişən 10 yaşlı Dəniz Qorçunun atası, rejissor Tərlan Qorçu deyir.

T.Qorçu övladı haqqında keçmiş zamanda danışmağın bir ata kimi onun üçün çox çətin olduğunu deyir: "Dəniz 2003-cü il, senytabrın 29-da anadan olub. 2009-cu ildə Avropa Litseyinə daxil oldu, I sinfə getdi. 2010-ci ildə isə Bakı Oksford Məktəbinə keçərək təhsilini orada davam etdirdi. 5-ci sinifdə oxuyurdu, əlaçı idi, gülərüzli, şən bir uşaq idi.


Hadisədən 10 gün öncə Dənizin sinif rəhbəri həyat yoldaşıma deyib ki, mayın 23-də məktəbin şagird kollektivi ilə Qobustan rayonundakı istirahət mərkəzinə gedəcəklər. Həyat yoldaşım da razılaşıb. Amma istirahət mərkəzində qızımın və ya digər uşaqların hər hansı attraksiona əylənməyə aparılacağı barədə hec bir söhbət olmayıb".

T.Qorçu deyir ki, hadisə günü sürücü Dənizi həmişə olduğu kimi səhər tezdən maşınla məktəbə aparıb. Həmin gün məktəbin müəllimləri və şagirdləri avtobusla Qobustandakı istirahət mərkəzinə gediblər: "Uşaqları məktəbdən əyləncə üçün aparıblar. Hər uşaqdan 50 manat pul da yığmışdılar. O əyləncə mərkəzi həmin vaxt təzə açılmışdı. Belə başa düşürəm ki, məktəblərə, xüsusilə də özəl məktəblərə xəbər göndəriblər ki, uşaqları ora gətirsinlər. Qızım Bakı Oksford Məktəbindən harasa getdikdə bizim razılığımızın alınması üçün həmişə evə sənəd yollayırdılar. Bu dəfə hec bir sənəd gəlməmişdi.

Günorta saatlarında işdə olarkən adını bilmədiyim müəllim zəng vurub Dənizin xəsarət aldığını, "Qobu" klinikasında olduğunu dedi. Dərhal həmin klinikaya getdik, amma qızımı tapmadıq. İki saata kimi uşağın harada olmasını nə müəllimlərdən, nə də mühafizəçilərdən dəqiqləşdirə bilmədim.

Ora çatana qədər yüz dəfə zəng vurdum, doğru-düzgün məlumat vermədilər, konkret heç nə demədilər. Sonradan uşağın Qobustan Rayon Mərkəzi Xəstəxanasında olduğunu bildirdilər. Həyat yoldaşım Heyranla birlikdə həmin xəstəxanaya getdik, Dənizi axtardıq. Xəstəxanada bizə aşağı düşmək lazım olduğunu deyəndə nə baş veridiyini soruşdum. Həkim səbrli olmağı tövsiyə edəndə qızımın vəfat etdiyini anladım. Qışqırdım, arxamca gələn həyat yoldaşım bunu eşidib huşunu itirdi, yerə yıxıldı. Bir qədər aralıda yerləşən tikiliyə tərəf qaçıb qapını açdırıb içəri girəndə təkərli çarpayını gördüm... Övladım qan içində idi..."


Mərhumun atası qızının faciəli şəkildə dünyasını dəyişməsində günahkar olan şəxslərin bu günə kimi məsuliyyətə cəlb olunmadıqlarını deyir: "Dənizin meyitini təcili tibbi yardım maşını ilə Bakıya gətirib dəfn etdik. Balamın necə, hansı şəraitdə ölməsi barədə bu günə qədər də tam dəqiq məlumatım yoxdur. Yalnız sonradan bildim ki, Dəniz istirahət mərkəzində istirahət edərkən sinif yoldaşı Ayla Hacızadənin şəxsi müəlliməsinin idarə etdiyi elektromobilin aşması nəticəsində vəfat edib. Bu faciədə hər üç tərəf məsuliyyət daşıyır - elektromobili idarə edən Aytən Əzizova, Qobustandakı istirahət mərkəzinin işçiləri və Bakı Oksford Məktəbi.

Özü də bu hadisə dərs vaxtı, tədris prosesi zamanı baş verib. Uşaqları şənbə-bazar günləri deyil, dərs vaxtı aparıblar. Müəllimlər də, mühafizəçilər də orada olub. Amma hamısı məsuliyyətdən kənarda qalıblar. Qızımın ölümündə günahkar olan şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edirəm".

T.Qorçu deyir ki, Baş Prokurorluğa çoxsaylı müraciətlərindən sonra elektromobili idarə edən Aytən Əzizova barədə cinayət işi açılıb, amma o, həbs olunmayıb: "Uzun müddət keçəndən sonra bir tək Aytən Əzizova barədə cinayət işi açıldı, barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçildi. Cinayət işində hər üç tərəfin üçü də qeydə alınıb - maşını idarə edən qadın, istirahət mərkəzinin işçilər və Bakı Oksford Məktəbi.

İl yarımdan sonra təkcə Aytən Əzizova məsuliyyətə cəlb olunub, o birilər qalıb kənarda.

Elektromobil qolf meydançalarında istifadə olunmaq üçün nəzərdə tutulub. Həmin qadın ora gələn uşaqlardan birinin dayəsi olub. Uşaqları maşına mindirmək üçün hər uşaqdan 10-15 manat yığıblar, bir neçə sürücü maşını idarə etməkdən imtina edib. Aytən Əzizova isə deyib ki, mən sürərəm. Müəllimlər, mühafizəçilər dayanıb baxıb, uşaqlar da atılıb miniblər maşına. Maşın aşıb, nəticədə mənim övladım həlak olub".

Azyaşlı övladını itirən ata bu faciədə təqsiri olanların cəzalandırılacağını düşünsə də sonradan müəyyən səbəblərdən işin başqa səmtə yönləndirildiyini görüb. Ona görə də məsələni ictimailəşdirmək qərarına gəlib: "Normal istintaq aparılacağını, günahkarların cəzasız qalmayacaqlarını düşünürdüm. Amma görəndə ki belə deyil, məcbur olub məsələni ictimailəşdirmək qərarına gəldim. Əgər bu işdə irəliləyiş olmasa, hər yerə yazacağam, şikayət edəcəyəm. Bunu həm öz övladlarıma, həm də digər balalara görə etməliyəm. Kiminsə məsuliyyətsizliyi üzündən övlad itirməsinlər, bu cür faciələrlə üzləşməsinlər".


Zərərçəkənin nümayəndəsi, vəkil Sadiq Əfəndiyev virtualaz.org saytına açıqlamasında faciənin baş verməsində cavabdeh olan şəxslərin məsuliyyətə cəlb edilməsi üçün istintaqın əlində kifayət qədər sübutlar olduğunu deyib: "Cinayət işi üzrə bütöv icraat "cinayət törədən şəxsin müəyyən edilməməsi" əsası ilə bu yaxınlara kimi qanunsuz olaraq dayandırılmışdı. Bununla bağlı verdiyimiz vəsatət və şikayətlər qismən təmin edilərək Əzizova Aytən Faiq qızı barədə cinayət işi məhkəməyə göndərilsə də Bakı Oksford Məkətəbinin və "Hər fəsil" istirahət mərkəzinin cavabdeh şəxsləri cinayət məsuliyyətinə cəlb olunmadılar. Cinayət işi üzrə hadisəni bilavasitə törədən şəxs, yəni elektromobili idarə edərək aşıran Aytən Əzizova ilə yanaşı Bakı Oksford Məktəbi və hadisənin baş verdiyi istirahət mərkəzinin cavabdeh şəxsləri də cinayət məsuliyyətinə cəlb edilməlidir. Çünki bu şəxslərin məsuliyyətə cəlb edilməsi üçün istintaqın əlində kifayət qədər sübutlar var".

Xatırladaq ki, hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 314.2-ci (səhlənkarlıq-zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işinin istintaqı yekunlaşıb.

Cinayət işi üzrə materiallar baxılması üçün Qobustan Rayon Məhkəməsinə göndərilib. İlkin baxış iclası oktyabrın 2-ə təyin olunub.

Qeyd edək ki, məlum hadisə 23 may, 2014-cü ildə Qobustan rayonunun "Hər fəsil" istirahət əyləncə mərkəzində baş verib. Bakı Oksford Məktəbinin müəllim və şagirdlərinin əyləndiyi elektromobil (elektrokar) aşıb. Nəticədə maşında olan 10 yaşlı Dəniz Qorçu hadisə yerində dünyasını dəyişib.

Məktəbin digər şagirdiləri Ayla Hacızadə, Dinara Muxtarova və müəllimə, 1971-ci il təvəllüdlü Aytən Əzizova müxtəlif bədən xəsarətləri alıblar.

Dünyasını dəyişən 10 yaşlı Dəniz "Tutu" uşaq ədəbiyyatı nəşriyyatının rəhbəri, rejissor Tərlan Qorçunun qızı, professor Rəhman Bədəlovun nəvəsidir.