Təhsil Nazirliyinin daha bir səlahiyyəti əlindən alındı

İki ali təhsil müəssisəsinin işçilərinin aylıq vəzifə maaşları da fərqli olacaq



Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarını ləğv edib.

Lent.az-ın verdiyi məlumata görə, bu qərar "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli fərmanına əsasən qəbul edilib.

"Dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan işçilərin yeni vəzifə maaşlarının və vəzifə maaşlarına əlavələrin təsdiq edilməsi haqqında" 2008-ci il 12 sentyabr tarixli 210 nömrəli qərarın ləğvi ilə Təhsil Nazirliyi bir səlahiyyətini də itirib.

Buna qədər Təhsil Nazirliyi iki ay müddətində aidiyyəti nazirliklərlə razılaşdırmaqla, dövlət büdcəsindən maliyyələşdirilən ali təhsil müəssisələrində çalışan professor-müəllim heyətinin ümumi dərs yükünün optimallaşdırılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim etmək səlahiyyətinə malik olub.

"Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli fərmanına əsasən, Nazirlər Kabineti "Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında" 2012-ci il 26 yanvar tarixli 20 nömrəli qərarında da dəyişikliklər edib. Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası işçilərinin aylıq vəzifə maaşlarının sxemi ləğv edilib.

Artıq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası işçilərinin aylıq vəzifə maaşları dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları ilə eyni qaydada müəyyənləşməyəcək.

AzNews.az