“Gərək, Zamin Hacının yazısını çap etməyəydim” “Gərək, Zamin Hacının yazısını çap etməyəydim”

Rauf Arifoğlu peşman olub

“Gərək, Zamin Hacının yazısını çap etməyəydim”


Deputat Fazil Mustafa ilə köşə yazarı Zamin Hacının davası davam edir. Z.Hacı deputatın "Yeni Müsavat" qəzetində dərc olunan "Cırıq üçlük" adlanan yazısına münasibət bildirib. Həmin yazı isə köşə yazarının elə həmin qəzetdə F.Mustafa barəsində qələmə aldığı köşəsinə cavab idi.
Z.Hacı "Azadlıq"a açıqlamasında "Cırıq üçlük" yazısını dərc etdiyinə görə çalışdığı qəzetə etirazını bildirmişdi. Yazarın fikrincə, "Yeni Müsavat" F.Mustafanın yazısını çap etməməli idi.
"Yeni Müsavat" rəhbərliyi isə məlum yazının dərcini belə əsaslandırmışdı ki, F.Mustafaya Zamin Hacının köşəsində deputatın şəxsinə yönəlik ağır ifadələri, ittiham və iddiaları, "KIV haqqında" qanunu, həmçinin jurnalistlərin Peşə Etikası Kodeksinə nəzərə alaraq, cavab haqqı tanıyıblar.
"Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu Z.Hacının iradlarını şəxsən özündən dinlədiyini, lakin köşə yazarının aralarında olan söhbəti mətbuata çıxartdığını dedi: "Mən bir baş redaktor olaraq gərək Zamin bəyin yazısını çap etməyəydim. Və ondan israrla xahiş edərdim ki, o yazını verməsin. Çünki orada Fazil Mustafanın şəxsinə yönəlik çox ağır sözlər, təhqirlər var idi. Zamin bəyə dedim ki, əgər mən bu yazını versəm, gərək o adama cavab haqqı tanıyam. O da mənə söz verdi ki, mən hazıram, ona cavab haqqı tanıya bilərsiz. Mən Zamin Hacıdan icazə alandan sonra onun yazısının sonuna redaksiya qeydi etdim ki, Fazil Mustafaya cavab haqqı tanıyırıq. Fazil bəy də bütün xətləri, cizgiləri keçərək Zamin Hacının onun ünvanına səsləndirdiyi ağır ifadələrdən daha ağırını, daha yolverilməzini onun ünvanına yazıb. Mən Fazil bəylə əlaqə saxlayıb xahiş etdim ki, bu yazı bizdə getməsin. Razılaşmadı. Düzəliş təklif etdim, ona da razılaşmadı. Dedi ki, mən sizin qəzetdə təhqir olunmuşam, cavab vermək haqqım var. Ondan sonra təklif etdim ki, redaksiyada görüşək və bu məsələ ətrafında diskussiya aparaq. Hesab edirəm ki, Fazil Mustafanın bu yazısından və Zamin Hacının ona adekvat cavabından sonra onları bir araya gətirmək imkansız olacaq. Amma mən yenə də təşəbbüs göstərəcəm".
R.Arifoğlu yalnız bir məqama görə, Zamin Hacının iradını qəbul etdiyini deyir: "Mən gərək Zamin Hacının yazısını verməyəydim, bu halda ona cavab da olmayacaqdı. Lakin o yazı çap olunandan və redaksiya adından cavab haqqının tanınacağı barədə qeyd verəndən sonra Fazil Mustafanın yazısını verməmək qeyri-mümkün idi. Oyun qaydaları deyilən şey var, bunu qəbul edib, əvvəlcədən söz veririksə, buna qatlaşmalıyıq".

AzNews.az