Təhsildə inqilabi dəyişikliyə necə nail olaq?

Təhsilin keyfiyyəti mövzusu bütün zamanlarda aktual olub. Tarix boyu bütün ağıllı insanlar öz övladlarına daha bilikli, daha bacarıqlı müəllimlərin təhsil verməsinə can atıblar və bu, bu gün də belədir. Yəni təhsilə yatırılan kapitalın dünyada ən səmərəli kapital olduğu indi müəyyən edilməyib.


Dövlətimiz bu gün cəmiyyətin hər bir üzvünə yüksək təhsil verilməsi yolunda qətiyyətli addımlar atır. Bu gün təhsildə aparılan çox ciddi islahatlar bunun belə olduğunu deməyə əsas verir. Prezidentin 2013-cü il 24 oktyabr tarixində imzaladığı sərəncamla təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" ölkəmizdə təhsilin beynəlxalq standartlara uyğun yenidən qurulmasının strateji istiqamətlərini müəyyən etdi. Bu strategiyada təhsilin qarşısında milli mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünya görüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq başlıca vəzifə kimi müəyyən edilibdir. Dövlətin təhsil infrastrukturunun genişləndirilməsi və müasir standartlara uyğunlaşdırılması istiqamətində atdığı addımlar da hər kəsə məlumdur. Azərbaycan dünyanın az ölkələrindəndir ki, burada son 11 il ərzində 3 mindən artıq məktəb tikilib və təmir olunaraq şagirdlərin ixtiyarına verilib. Onlardan 34 məktəb və 26 uşaq baxçası təkcə bu ilin son doqquz ayı ərzində ərsəyə gətirilib. Görülən işlər heç şübhəsiz ki, dövlətin və bilavasitə Prezident İlham Əliyevin təhsilə ayırdığı diqqətin nəticəsidir. Ortada danılmaz bir həqiqət var və bunu cənab Prezident də öz çıxışlarında vurğulayıb: "Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri hərbi xərclərdən sonra ikinci yerdədir. Əgər Azərbaycan müharibə vəziyyətində olmasaydı, çox güman ki, təhsil xərcləri birinci yerdə olacaqdı".

Təhsil sahəsi "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin də əsas araşıdırma obyektidir. Çalışırıq ki, bu sahədəki yenilikləri və çatışmazlıqları nəzərdən qaçırmayaq. Hər halda təhsil məhz o sahədir ki, ölkənin istisnasız olaraq bütün sahələrinin gələcəyini müəyyən edir. Təhsilinin səviyyəsi yüksək olmayan ölkələrdə hansısa sahənin inkişaf etdirilməsi mümkün deyil. İnkişafı təmin edən əsas amillərdən biri məhz savadlı kadr potensialıdır ki, bunun da formalaşması bilavasitə təhsilin səviyyəsindən asılıdır.

Araşdırmalarımız göstərir ki, təhsilin inkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq artıq iki ilə yaxındır ki, Təhsil Nazirliyi tərəfindən ciddi islahatlara start verilib. Nazirlik tərəfindən aparılan bu islahatların əsas hədəfi kimi isə təhsil ocaqlarında beynəlxalq standartların tətbiq olunması görünür. Hərəkətlilik göz önündədir, Təhsil Nazirliyinin rəhbərliyinin iradəsi və yenilik axtarışları aydın müşahidə olunan həqiqətlərdəndir. Lakin bir məsələ nəzərə alınmalıdır ki, təhsildə inqilabi dəyişikliklərə gətirib çıxaracaq islahatların qısa zaman kəsiyində nəticə verməsi real deyil. Ciddi keyfiyyət dəyişikliklərinə köklənmiş belə islahatlar intensiv şəkildə aparılarsa belə, yüksək nəticələrə gəlib çatmaq üçün mütləq zamana ehtiyac var. Bu səbəbdən bir vətəndaş, bir valideyin kimi heç kəs düşünməsin ki, bu gün təhsildə islahatlar ləng gedir. Müşahidələrimizə əsaslanıb deyə bilərik ki, Təhsil Nazirliyi bu islahatları sistemli, lakin mərhələli şəkildə aparır. Əsas olan odur ki, bu islahatlara start verilib və müəyyən bir zamandan sonra Azərbaycan cəmiyyəti ölkənin təhsil sistemində çox ciddi keyfiyyət dəyişikliklərinin baş verdiyini görəcək.

Tərəddüdsüz deyə bilərik ki, təhsilin keyfiyyəti müəllimin bilik və peşə hazırlığının səviyyəsindən asılıdır. Bu bir aksiomdur. İllər bundan öncə tibbi təhsil alan tələbələrin bilik səviyyələrini səciyyələndirən bir müəllif, öz yazısında belə bir fikrə yer vermişdi: "Bu gün üç qiymətə oxuyan tələbə gələcəkdə xəstəni də üç qiymətə müalicə edəcək". Çox doğru bir deyimdir deyilmi? Bu deyimi çətinlik çəkmədən bilik səviyyəsi üç qiymətə layiq olan müəllimlər haqqında da deyə bilərik: "Biliyi üç qiymətə layiq olan müəllimin dərs dediyi şagird də o qiymətdən yuxarı təhsil sahibi ola bilməz". Kimlərsə bizim bu fikirlərimizi müəllimlərin ünvanına ağır ittiham kimi qiymətləndirməsin. Həqiqətən də bu islahatlar göstərdi ki, təhsil sistemimizdə bilik səviyyəsi və peşə hazırlığı aşağı olan müəllimlər də yox deyil. Araşdırmalarımız zamanı rast gəldiyimiz bir fakta diqqətinizi yönəltmək istərdik. Bakı şəhərində bilik və bacarığın diaqnostik yolla müəyyən edilməsinə start veriləndə şəhər üzrə minə yaxın müəllim belə sınaqdan keçməkdən müxtəlif bəhanələrlə imtina edərək müəllimliklə vidalaşmaq qərarı verdi. Bilirsiniz bu nə deməkdir? Bu o deməkdir ki, imtina edənlər dioqnostik qiymətləndirmənin ələyindən keçmək şanslarının az olduğunu yaxşı biliblər. Deməli, illərdir bilik səviyyəsi aşağı olan, öz üzərində işləyib bilik və peşə hazırlığını yüksəltməyə cəhd etməyən müəllimlər artıq bizim övladlarımıza üç qiymətə layiq təhsil verə bilməyəcəklər. Bu baxımdan, övladına layiqli təhsil vermək istəyən hər bir valideyn islahat tərəfdarıdır. Ona görə də hesab edirik ki, təhsildə əsl inqilabi dönüşü müəllimin bilik və peşə hazırlığının səviyyəsini müəyyən edən dioqnostik qiymətləndirmənin keçirilməsi yolu ilə əldə etmək mümkündür və nə yaxşı ki, bu sistem tətbiq olunmağa başlayıb. Artıq Bakı şəhərinin dövlət ümumi təhsil müəssisələrində çalışan 30000 nəfər müəllimin bilik və bacarığının diaqnostik qiymətləndirilməsi keçirilib. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin həftəlik dərs yükü norması Prezidentin 16 yanvar 2015-ci il tarixli "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında" sərəncamına əsasən 1,5 dəfə, aylıq vəzifə maaşı 2 dəfə artırılıb. Nəticədə müəllimlərin orta hesabla əməkhaqqı 35 faiz artıaraq, 8965 nəfər müəllimin əməkhaqqı 500-1000 manat, 476 nəfər müəllimin əməkhaqqı isə 1000 manatdan yuxarı olub. Aparılan islahat nəticəsində həmin müəllimlərin orta aylıq əmək haqqı 425 manat təşkil etməklə, ölkə üzrə müvafiq göstəriciyə yaxınlaşıb. 2015-ci ilin sonunadək ölkəmizin daha 12 şəhər və rayonunda - Gəncə, Sumqayıt, Şirvan, Abşeron, Hacıqabul, İmişli, Masallı, Xaçmaz, Cəlilabad, Saatlı, Qubadlı və Sabirabadda dövlət ümumi təhsil müəssisələrində çalışan 30 000 müəllimin diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək. Bu sınaqlardan keçə biləcək müəllimlərin də 2016-cı ilin yanvar ayından etibarən əməkhaqlarının artırlması planlaşdırılır. Bununla da ölkənin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 40 faizinin əməkhaqqında əhəmiyyətli artım təmin olunacaqdır.

Odur ki, gəlin tələsməyək. Təhsil sahəsində köklü islahatlar artıq başlayıb və ən əsası bu sahənin inkişaf etdirilməsinə yönəlmiş xüsusi dövlət proqramı sistemli bir şəkildə həyata keçirilir. Heç kəs şübhə etməsin ki, yaxın gələcəkdə Azərbaycanın təhsil sahəsindəki nailiyyətləri də bütün digər sahələr kimi başqa ölkələrə nümunə göstəriləcəkdir. Bunun üçün dövlətin ciddi dəstəyi, Təhsil Nazirliyinin rəhbərliyinin isə möhkəm iradəsi var.

Fikrət Yusifov
"Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
Iqtisad elmləri doktoru, professor